|
Bakı metrosunda yoluxucu xəstəlik yayılması ehtimalı

“Stansiyaların pəncərələrindən tutmuş, qapı platformasına, ekskalatoruna qədər hər yeri xüsusi qaydada təmizləyirlər”-rəsmi

 

Britaniyalı alimlər günümüzün aktual probleminə uyğun maraqlı araşdırmaya imza atıblar. “Şərq” qəzetinin yazdığına görə, əcnəbi alimlər iddia ediblər ki, gündəlik ictimai nəqliyyatdan, xüsusən metrolardan istifadə edənlər daha çox qrip virusuna və digər infeksiyalara yoluxur, tez-tez xəstələnirlər. Elmi araşdırmanın nəticəsinə görə, mərkəzdən uzaqda yaşayan və metrostansiya ilə daha çox yol qət edən insanların səhhəti arasında ciddi fərq meydana çıxır. Stansiyaları dəyişərək, bir qatardan digər qatara keçid edən sərnişinlər isə daha çox risk altında olurlar.

Qeyd edək ki, yerli ekspertlər də daim bildirirlər ki, əhalinin sıx olduğu ictimai yerlərdə infeksion xəstəliklərin yayılma ehtimalı daha çox olur. Xüsusən də immuniteti zəif olan insanlar bu cür xəstəliklərə daha tez yoluxur və xəstəliyi daha ağır keçirir.

Bəs Bakı Metropoliteni mövsümlə bağlı mövcud olan yoluxucu xəstəliklərlə əlaqədar hansı önləyici tədbirlər görür?

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Yeni Müsavat”a danışıb: “Təkcə mövsümlə bağlı yoluxucu viruslar yayılanda deyil, metropoliten hər zaman silsilə, planlı şəkildə tədbirlər görür. Burada qatarlar, stansiyalar, tunellər üçün ayrıca olaraq özünəməxsus tələblərə uyğun qaydada dezinfeksiya işləri aparılır. Qatarlara gəldikdə, qatarlar planlı şəkildə qrafik əsasında həm xarici görkəmi, həm də daxili yuyulur. Xarici ölkələrdə yuyulma işi avtomatlaşdırılmış xüsusi sistemlə görülür. Qatarın daxili ilə bağlı onu deyə bilərəm ki, qatar depoya getdikdən sonra səhəri gün xəttə mütləq təmizlənmiş şəkildə çıxır. Bundan əlavə, bizim qatarlarımız gün ərzində gündəlik baxışa da gedir. Məhz həmin zaman xüsusi işçi briqadası həmin qatarların içərisini, oturacaqlarını, hər tərəfini müayinə edir və təmizləyir.

Eləcə də stansiyalar pəncərələrindən tutmuş, qapı platformasına, ekskalatoruna qədər hər yeri xüsusi qaydada təmizləyirlər. Çünki metropoliten kifayət qədər kütləvi nəqliyyat vasitəsidir. Bunun üçün burada hər hansı epidemiya, yoluxucu xəstəliklərin yayılmasının qarşısı mütləq şəkildə alınmalıdır. Ümumiyyətlə, metropoliten hər zaman səliqə-sahmanlı olmalıdır. Bu, həm infrastruktur, həm də təhlükə baxımından vacibdir.

Tunellərdə də xüsusi dezinfeksiya aparılır. Nəzərə almaq lazımdır ki, yerin altında müxtəlif həşəratlar, gəmiricilər ola bilər.

Əminliklə deyirəm ki, dünyanın istənilən metropoliteni ilə müqayisədə Bakı Metropoliteni ən nümunəvi yeraltı nəqliyyat vasitəsidir. Bəzi ölkələrin metropolitenlərində siçanlar görə bilərsiz. Belə hallar bizdə demək olar ki, mümkünsüzdür".