Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı Çin səfirliyinin önündə aksiya keçirəcək. Bu barədə “Yeni Müsavat”a danışan Ramin Hacılı, bir sıra gündəm məsələlərinə də toxunub. Hacılı bildirib ki, Çin səfirliyinin önündə aksiya etməkdə məqsədi çinlilərin uyğur türklərinə qarşı vəhşiliklərinə etiraz etməkdir:
“Dünyanın bir çox ölkələrində artır bu məsələ gündəmi zəbt etmək üzrədir. Çünki Çin hökuməti tərəfindən oradakı uyğurlar, ümumiyyətlə, insanlığa qarşı çox ciddi dram yaşanır. Yayılan videolardan da görünür ki, onlar çox ciddi vəhşiliklər edirlər. Bütün bu hadisələr hər bir ölkənin vətəndaşlarını narahat etməyə başlayıb. Azərbaycanda da hiss edirəm ki, insanların arasında bu məsələ ilə bağlı ciddi narahatlıq var. Ona görə də qərara gəldim ki, bununla bağlı aksiya edib, Azərbaycan vətəndaşları adından Çin hökumətinə öz reaksiyamızı bildirməliyik. Bununla bağlı da cəmiyyətə çağırış etdim”.
R. Hacılı bildirib ki, bundan öncə Rusiya səfirliyi önündə də aksiya keçirib:
“Jurnalist Fuad Abbasovun hüquqlarını müdafiə etmək üçün Rusiya səfirliyinin qarşısında da 3 gün ard-arda olmaqla aksiya keçirmişdim. Birinci aksiyaya 7 nəfər, ikinciyə 50-dən çox, üçüncüyə isə 100-dən çox adam gəlmişdi. Bu, artan xətlə davam etdi və nəhayət, Fuad bəyin azadlığına nail ola bildik”.
Maraqlıdır ki, bu ölkələrin səfirliyi qarşısında aksiya keçirən Ramin Hacılı, Amerikada qondarma erməni soyqırımının tanınması məsələsi müzakirə edildiyi zaman bu ölkənin Azərbaycandakı səfirliyi önündə heç bir aksiya keçirmədi. Hacılı bunun səbəbini aşağıdakı formada izah etdi:
“Amerikanın Azərbaycandakı səfirliyi ilə bağlı mənim münasibətim yaxşı deyil. Bunu hər kəs bilir. Çünki Amerika səfirliyinin sırf səfirlik kimi mövqeyi anlaşılan deyil. Bunu zaman-zaman dilə gətirmişəm. Ona görə də hazırkı dönəmdə mənim orada aksiya keçirməyin səfirlik tərəfindən qərəzli görünə bilər. Bu səbəbdən də orada aksiya keçirmirəm. “Dalğa” gənclər hərəkatında fəaliyyət göstərdiyim dönəmlərdə 3 dəfə olmaqla Amerikanın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirmişik. Sırf həmin zaman da qondarma erməni soyqırımı Konqresin müzakirəsində idi. Biz buna etiraz olaraq aksiya keçirmişdik. Bizim hər hansı ölkə qarşısında öhdəliyimiz yoxdur. İstənilən ölkənin qarşısında Azərbaycan maraqları baxımından çıxış etmək cəsarətinə, azadlığına sahibik. Onu da deyim ki, Avropa və Amerika səfirlikləri qarşısında aksiya keçirmək, yaxud da o ölkələrə fikir bildirmək daha rahatdır. Məsələn, Türkiyə çox rahatlıqla ABŞ və Avropa ölkələrinə sərt dildə bəyanatla qarşı çıxa bilir. Ancaq Çinə, Rusiyaya, İrana gəlincə bu sərtliyi görmürük. Çünki onlar bunun qarşılığında adekvat cavab alacaqlarını bilirlər. Ona görə də Amerika səfirliyinin qarşısında aksiya keçirmək çətin iş deyil. Sadəcə olaraq orada aksiya keçirməyimə mane olan səbəblər var ki, bunu da yuxarıda izah etdim”.
