|
Bələdiyyə seçkiləri baş tutdu

Heç bir insident yaşanmadan keçirilən bələdiyyə seçkilərində 41 462 namizəd mübarizə apardı...

Dekabrın 23-də Azərbaycanın tarixində növbəti bələdiyyə seçkiləri keçirildi. Sosial şəbəkələrdən belə məlum olur ki, bu il bələdiyyə seçkilərinə namizədlər arasında kifayət qədər gənclər də oldu.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dekabrın 22-də keçirdiyi mətbuat konfransında dedi ki, seçkilərdə 13 siyasi partiyanın nümayəndələri də namizəd kimi qeydə alınıb. MSK sədri bildirdi ki, son günlərdə bütün ölkə üzrə 5049 məntəqənin hamısı yoxlanılıb.

Ümumilikdə bu il bələdiyyə seçkilərində 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçilməlidir. Ümumilikdə seçkilərdə 41 462 namizəd iştirak edib. Seçkilərdə iştirak edən partiyaların sayı 13-dür. Namizədlərin 3-də 1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır.

Azərbaycanda mövcud olan 125 dairədən 7-si bu proseslərdə iştirak etmir, çünki bu dairələr Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan ərazilərdə yerləşir. Ümumilikdə bu 7 dairədən başqa, digər 7 dairədə də bizim məcburi köçkün vətəndaşlarımız var və burada seçicilərin sayı 339 326 nəfərdir. Səsvermə 5049 məntəqədə həyata keçirilib. Bələdiyyə seçkilərini 17 beynəlxalq, 52 636 yerli müşahidəçi müşahidə edib.

Seçki günü səhər saatlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva səs vermək üçün Bakı şəhərinin 29 saylı Səbayel seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gəliblər.

prezident və ailəsi də səs verdi ile ilgili görsel sonucu

Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb. Sonra birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva səs veriblər.

Eyni zamanda gün ərzində nazirlər, komitə sədrləri, partiya sədrləri və digər ictimai şəxslər də səs veriblər.

MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 10:00-a olan respublika üzrə seçici fəallığı 423361 nəfər təşkil edib. Seçici fəallığı 8,51 faiz olub.

Fərid Orucov ile ilgili görsel sonucu

Fərid Orucov saat 12:00-a olan səsvermənin gedişi və nəticələri barədə bildirib ki, respublika üzrə seçici fəallığı 898452 nəfər təşkil edib. Seçici fəallığı 18,07 faiz olub.

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələrə gəlincə isə saat 12:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 47 saylı Mingəçevir Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 13, 01% olub.

Fərid Orucov saat 15:00-a olan səsvermənin gedişi və nəticələri barədə isə bildirib ki, respublika üzrə seçici fəallığı 1336733 nəfər təşkil edib. Seçici fəallığı 26,88 faiz olub.

15:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 52 saylı Quba Seçki Dairəsi olub. Bu seçki dairəsində seçici fəallığı 33,91 faiz olub. Həmin saatda seçici fəallığının ən aşağı olduğu dairə 37 saylı Nizami Birinci (Gəncə) Seçki Dairəsi olub. Bu seçki dairəsində seçici fəallığı 20,18% olub.

Günorta saatlarında Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov açıqlama verərək bildirib ki, bəzi blogerlər sui-istifadə hallarına yol verirlər:

“Biz əvvəlcədən də elan etmişdik ki, KİV nümayəndələri seçki ilə bağlı müşahidə apara, istədikləri suallara cavab tapa bilərlər. Amma bunlardan sui-istifadə halları var”.

M.Rəhimovun sözlərinə görə, hətta seçki məntəqələrinin birində seçici ilə bloger arasında narazılıq yaranıb, seçici blogerin onu çəkməsinə etiraz edib: “Bəzən blogerlər seçki prosesinə mane olur, məntəqələrin işinə yersiz müdaxilə edirlər”.

Məzahir Pənahov ile ilgili görsel sonucu

Eyni zamanda seçki günü sosial şəbəkələrdə də seçki prosesi ilə bağlı müxtəlif fikirlər, rəylər yazılıb. Bəziləri iddia ediblər ki, məntəqələrdə quraşdırılan kameralar işlək vəziyyətdə deyil. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, bu barədə məlumatı Azərbaycandan kənarda yaşayan blogerlərden biri yayıb: “Bu məsələ aydınlaşdırılıb. Səhv etmirəmsə, həmin kameranın istifadəsi ilə bağlı istifadəçinin problemi olub. Həmin kameralar istifadə olunmazdan əvvəl sistem yenilənməlidir. Hazırda 1000 vebkameramız var. Yoxlamaq olar ki, onların hamısı işlək vəziyyətdədir. Özüm şəxsən onların əksəriyyətini yoxlayıram. Amma bundan MSK-nın fəaliyyətinə kölgə salmaq üçün istifadə edilməyə çalışılıb. Vətəndaşlar sağ olsun ki, özləri bu məlumata operativ reaksiya veriblər”, - deyə Pənahov bildirib.

Seçki prosesi zamanı ciddi insidentlər yaşanmasa da, bəzi kiçik münaqişələr olub. Belə ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib ki,  Neftçalada 61 saylı seçki dairəsinin 33 saylı seçki məntəqəsinə polis dəvət ediblər:

“Bununla bağlı məntəqə dairə seçki komissiyasına müraciət edib. Əgər komissiya Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq polisin müdaxiləsinə ehtiyac olduğu barədə qərar verərsə, polis məntəqəyə daxil ola bilər. Biz indi bu halı araşdırırıq. Bizə verilən məlumata görə, bütün qanuni addımlar atılıb, buna baxmayaraq, özümüz araşdırma aparırıq”.

M.Pənahov bildirib ki, cəmiyyətin diqqətini cəlb edən belə məsələlər olduqda əraziyə nümayəndə göndərilir, araşdırma aparılır: “Digər bir halın Bakının Sabunçu rayonundakı dairələrdən birində olduğu qeyd olunur. Oradan verilən məlumatlarda belə təəssürat yaradılır ki, ərazidə qeydiyyatda olmayan şəxslər səs verirlər və bunun qanunazidd olduğu görüntüsü yaradılır. Amma qanunvericilik baxımından bu, tamamilə əsası olmayan iddiadır. Çünki Seçki Məcəlləsinin tələbinə görə, vətəndaş son 6 ayda yaşadığı ərazi üzrə siyahıya daxil edilir. Seçici siyahısına daxil edilmə üçün vətəndaşın harada qeydiyyatda olmağındansa, harada yaşaması daha vacibdir. Çünki indi yüz minlərlə insan qeydiyyatda olmadığı ərazidə yaşayır. Seçki Məcəlləsinin də tələbi budur və dünya praktikasında da bu tələb əsas götürülür. Amma seçicinin adı seçici siyahısında yoxdursa və o, həmin məntəqədə səs veribsə, bu, artıq araşdırılmalıdır”.

Fərid Orucov ile ilgili görsel sonucu

Azərbaycan Mətbuat Şurası məlumat yayıb ki, bələdiyyə seçkilərini işıqlandıran jurnalistlərdən hər hansı müraciət daxil olmayıb.

Məlumatda bildirilib ki, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ölkənin müxtəlif bölgələrindəki, o cümlədən paytaxt Bakı şəhərindəki seçki məntəqələrində seçkinin gedişini izləyiblər. Onlar jurnalistlər üçün yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, bununla bağlı da hər hansı nöqsan qeydə alınmayıb.

MSK-nın açıqladığı rəsmi məlumata görə, saat 17:00-da artıq respublika üzrə 1520133 nəfər  səs verib və seçici fəallığı 30,57 faiz olub.

Günün sonunda MSK-dan verilən xəbərdə qeyd edilib ki,  respublika üzrə 1627064 nəfər səs verib və seçici fəallığı 32,72 faiz olub.

MSK-dan o da bildirilib ki, səsvermə zamanı pozuntularla bağlı müraciətlər və sosial şəbəkələrdə yayılan videogörüntülərin araşdırılmasına başlanılıb.