|
Repetitorlarla bağlı müzakirələr yenidən gündəmdə

“Repetitorluğun ləğvi asan və qısa müddətdə həll oluna bilinəcək məsələ deyil”. Bu sözləri dekabrın 18-də təhsil naziri Ceyhun Bayramov Sosial Tədqiqatlar Mərkəzinin “Yeni imtahan modeli:islahatlar, nəticələr və gözləntilər” mövzusunda keçirilən hesabat tədbirində deyib. Nazir qeyd edib ki, nazirlik müəyyən qərar qəbul etməklə bir il müddətində bu problemin tam həllinə nail olmağa çalışır:

“Repetitorluq təkcə Azərbaycan təhsil sistemində yox, eləcə də digər ölkələrdə də düşündürücü, qlobal məsələlərdən biridir.  Minnətdarlıq hissi ilə qeyd etmək istərdim ki, təhsil nümayəndələri  dəyirmi masalar, mətbuat işçiləri sorğular keçirməklə bu məsələni diqqətdə saxlayırlar.  Son zamanlar  Təhsil  Nazirliyinin bu istiqamətdə gördüyü işləri də qeyd etmək istərdim. Məktəblərdə təmayül siniflərinin yaradılması və genişləndirilməsi, buraxılış imtahanlarında fənlərin sayını artırılmaqla  ümumi nəticələrin  ali məktəblərə qəbulda nəzərə alınması  bu məsələlərin qarşısını almağa yönəlib”.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə məsələ haqda bunları deyib:

“Repetitorluq bütün dünyadakı ölkələrin məktəblərində var, bu təcrübə hər yerdə mövcuddur. Ola bilər ki, valideyn uşağının əlavə dil, musiqi, hansısa alətdə ifa etməyi öyrənməsini istəyir, o zaman repetitor tutur. Bunu qadağan edə bilmərik. Lakin məktəblərdə dərs keyfiyyəti yüksək olarsa, valideyn uşağının əlavə repetitor yanına getməsini istəməz və bu yük onun çiyinlərindən qalxar”.

Qeyd edək ki, uzun illərdir ki, şagirdlərin hətta ibtidai sinifdən başlayaraq repetitor yanına getməsi adi hal alıb. Ekspertlər dəfələrlə bildirir ki, repetitor xidməti ailə büdcəsinə ziyan vurması ilə yanaşı,  həm də şagirdlərin sağlamlığına, sosiallaşmasına mənfi təsir göstərir.

Bəs təhsildə repetitorluğu tam ləğv etmək mümkündürmü? Ekspertlər məsələnin çıxış yolunu nədə görür?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb:

“Çox təəssüf ki, biz problemi repetitorda görürük. Əslində isə problem repetitor deyil, repetitorluqdur. Yəni təhsil alan şagirdlərimiz təhsilin bir pilləsindən digərinə keçmək üçün əlavə müəllimə ehtiyac duyur və müraciət edirlər. Deməli, burada məsələ bir pillədən digərinə keçidlə bağlı imtahanlara görədir. Yəni bizim ölkəmizdə qəbul və buraxılış imtahanları, eyni zamanda dərsliklər çətin olduğu üçün ölkədə təhsil alanlar repetitor yanına getməyə məcbur olur. Bunu birmənalı şəkildə qısa müddət ərzində aradan qaldırmaq mümkündür. Bunun üçün ilk növbədə dərsliklərimiz, qəbul imtahanları sadələşdirilməlidir”.

Kamran Əsədov ile ilgili görsel sonucu

Kamran Əsədov: “Qəbul və buraxılış imtahanları çətin olduğu üçün şagirdlər repetitor yanına getməyə məcburdur”

K.Əsədov onu da qeyd etdi ki, repetitorluğu köklü şəkildə aradan qaldırmaq mümkün olmasa da həcmini azaltmaq mümkündür: “Bunun üçün qəbul imtahanlarında yalnız şagirdlərdən 10-11-ci sinif bilikləri tələb olunmalıdır. Onsuz da 2008-ci ildən təsdiq edilən kurikuluma görə 9-cu sinifdə bütün proqram başa çatır, hansı ki, əvvəllər bütün proqram 11-ci sinifdə başa çatırdı. Beləliklə, 10-11-ci sinifdə demək olar ki, 6-9-cu sinif proqramının təkrarıdır.  Deməli, qəbul imtahanlarında şagirdlərdən yalnız 10-11-ci sinifləri soruşsaq, onlar repetitor yanına getməyəcək. Dərsləri məktəbdə və yaxud fərdi qaydada öyrənəcəklər. İndi isə biz onlardan 6-7-8-9-10-11-ci siniflərin proqramını soruşuruq və bu da təbii ki, şagirdləri təlaşa salacaq və biliklərini mükəmməlləşdirmək üçün repetitor yanına gedəcək.

İkinci bir tərəfdən, hazırda dərsliklər təəssüflər olsun ki, əsasən repetitorlar tərəfindən yazılır və daha çox repetitorluğa xidmət edir. Repetitor dedikdə biz təkcə orta məktəbləri düşünməməliyik, eyni zamanda magistratura, doktorantura, dövlət qulluğuna qəbul, müəllimlərin işinə qəbulu da hesaba almalıyıq. Əgər orta məktəblərdə keyfiyyətli dərs keçirilmirsə, bu, ali məktəblərə də aiddir. Deməli, bizim problemimiz təhsilin bir pilləsindən digərinə keçidlə bağlı prosesin çətin, qəliz olmasıdır. Ölkə prezidenti hər zaman çalışır ki, təhsilin əhatə dairəsi genişlənsin, təhsilin əlçatımlığı təmin olunsun. Lakin təəssüf ki, imtahanlarımızın qəlizliyi bu prosesi həyata keçirməyə imkan vermir. Beləliklə də bu məsələdə birbaşa orta məktəbi günahkar etməməliyik".

Etibar Əliyev: ile ilgili görsel sonucu

Etibar Əliyev: “Direktor  və müəllimlərin əksəriyyəti bu xidmətin genişləndirilməsində maraqlıdır”

Digər təhsil eksperti Etibar Əliyev isə mövzuya bu cür münasibət bildirdi: “Təhsil Nazirliyinin “Bir ilə bu məsələnin həll olunması mümkün deyil” fikri ilə razı deyiləm. Repetitorluq indinin mövzusu deyil. Artıq test üsulu ilə imtahanlar tətbiq olunandan, yəni 1993-cü ildən başlayaraq, repetitorluq xidməti işə düşüb. Və ən nəhayət, dünənki sorğu da onu göstərdi ki, bu məsələ artıq öz kulminasiya nöqtəsinə yüksəlib. Dünənki Sosial Tədqiqatlar Mərkəzinin apardığı sorğuya görə 94 faiz valideyn etiraf edir ki, onların  övladları repetitor xidmətindən istifadə edir. Bu rəqəm beynəlxalq tədqiqatlarla üst-üstə düşür. Tədqiqatların birində sorğular keçirilən zaman Azərbaycanda 92 faiz respondent bildirmişdi ki, onlar ali məktəbə daxil olmaq üçün repetitor xidmətindən istifadə edirlər.

Əslində repetitorluğun aradan qaldırılmasının bir modeli var idi. Bakıda və Azərbaycanın regionlarında fəaliyyət göstərən türk məktəblərində sistem elə qurulmuşdu ki, şagird repetitor yanına getmirdi. Ancaq burada məktəb direktorlarının, həmçinin digər aidiyyəti təşkilatların, eyni zamanda təhsilə rəhbərlik edən qurumlarda olan şəxslərin maraqları var. 

Ona görə də düşünürəm ki, repetitorluğun qarşısını almaq üçün real tədbirlər həyata keçirilmir. Kurikulum islahatları başlayanda bildirdilər ki, kurikulumla yazılan dərsliklərin hamısı həddindən artıq çətindir, şagirdlər proqramı yerinə yetirə bilmirlər. Bu, getdikcə geniş vüsət almağa başladı və nəhayət, repetitorluq yuxarı siniflərdən aşağı siniflərə sirayət etməyə başladı. Hətta ibtidai təhsil pilləsində oxuyan uşaqlar da repetitor yanına getməyə başladı.  Bu, olduqca zərərli tendensiyadır. Çünki dünyanın əksər ölkələrində artıq şagirdlərə ev tapşırıqları da verilmir. Təsəvvür edin ki, uşaqlar ibtidai sinif pilləsində bir neçə saat dərsdə fənlərlə məşğul olur, daha sonra repetitor yanına gedir, daha sonra da evdə məşğul olurlar. Bu da uşaqların psixologiyasına, sağlamlığına mənfi təsir göstərir. Əgər vaxtında kurikulum islahatları normal şəkildə aparılsaydı, dərslik siyasətində ciddi dönüş yaradılsaydı, Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarının builki modelini 4-5 il bundan əvvəl tətbiq edə bilsəydi, təmaülləşmə prosesi sürətlə həyata keçirilsəydi, repetitorluq məsələsini bir qədər həll etmək mümkün olardı. Lakin bir təhsil eksperti kimi qeyd edə bilərəm ki, repetitorluq xidmətinin azaldılması istiqamətində heç bir tədbir görülmür. Əksinə, böyük şəhərlərin tam əksəriyyətində direktor  və müəllimlərin əksəriyyəti maraqlıdır ki, bu xidmət genişləndirilsin".