|
Zelenskinin Bakı səfərindən çıxan nəticələr

Ukrayna üçün Azərbaycan MDB-də ən vacib ölkədir; politoloq: “Bakı həm Rusiya, həm də Ukrayna ilə münasibətlərini yüksək səviyyədə saxlamağa çalışır...”

Ukrayna prezidenti Vladimir Zelenskinin Azərbaycana səfəri son günlərin mühüm siyasi hadisələrindən biri hesab edilir. Zelenskinin Rusiya prezidenti Vladimir  Putinlə görüşdən az sonra Cənubi Qafqaz ölkələri içərisində məhz Azərbaycana səfər etməsi xüsusi diqqət çəkdi.

Bəzi analitiklər burada bir bağlılıq görsələr də, bu mövzuda “Yeni Müsavat”a şərhində politoloq Elçin Mirzəbəyli bildirdi ki, bu iki hadisə arasında hər hansı  bağlılıq olduğunu düşünmür: “Bu, sadəcə, öncədən müəyyənləşdirilmiş proqrama və protokola əsasən həyata keçirilən səfər idi. Digər tərəfdən, Parisdə ”Normand dördlüyü"nün və bu format çərçivəsində Putinlə Zelenskinin görüşü dekabrın 9-da baş tutub. Vladimir Zelenski isə Azərbaycana dekabrın 17-də səfər edib. Arada 8 gün var ki, bu da dövlət başçılarının proqramlarının nə qədər sıx olduğunu nəzərə alsaq kifayət qədər böyük zaman kəsiyidir".

Azərbaycanın Ukrayna ilə Rusiya arasında vasitəçiliyinə gəldikdə isə, politoloq hesab edir ki, rəsmi Bakının belə bir istəkdə bulunması da real deyil: “İlham Əliyev kifayət qədər strateji düşünən, beynəlxalq münasibətlər sistemini, o cümlədən Rusiya ilə Ukrayna arasında yaranmış münaqişəli vəziyyətin bütün geosiyasi konturlarını dərindən bilən praqmatik liderdir. Və Azərbaycanın xarici siyasəti də məhz bu strateji düşüncə üzərindən həyata keçirilir. Bununla yanaşı, xatırladım ki, Donbas məsələsi ilə bağlı Ukrayna ilə Rusiya arasında vasitəçiliyi Almaniya və Fransa həyata keçirir. Proses ATƏT-in mandatı altında, ”Normand dördlüyü" formatı çərçivəsində, “Minsk-1" və ”Minsk-2"razılaşmalarına əməl edilməsi üçün aparılan danışıqlar müstəvisində inkişaf etdirilir. Azərbaycan həm Rusiya, həm də Ukrayna ilə münasibətlərini yüksək səviyyədə saxlamağa çalışır.

E.Mirzəbəyli ile ilgili görsel sonucu

Azərbaycan şübhəsiz ki, Ukrayna-Rusiya münasibətlərinin normal məcraya düşməsini, bu iki qardaş slavyan xalqı arasında etimadlı münasibətlərin bərpa edilməsini arzulayır. Ölkəmizin bu istiqamətdə dolayısıyla hansısa addımlar atması mümkündür. Amma bütün hallarda qarşılıqlı anlaşmaya eyni xalqın iki dövlətinin iki Vladimiri nail olmalıdır. Rusiya ilə Ukrayna arasındakı münaqişəli vəziyyətin aradan qalxması, prosesin başlanğıc nöqtəsinə qayıtması son nəticədə digər münaqişələrin həllinə də müsbət təsir göstərə bilər".

E.Mirzəbəyli vurğuladı ki, Ukrayna ilə Azərbaycanı bağlayan çoxlu sayda amillər var: “Dövlətlərimiz qarşılıqlı şəkildə bir-birilərinin ərazi bütövlüyünü dəstəkləyir, münaqişələrin ərazi bütövlüyü çərçivəsində həlli prinsipindən çıxış edirlər. Bu sıraya Azərbaycan və Ukrayna xalqlarının bir-birinə məcburiyyət qarşısında deyil, təmənnasız, qarşılıqlı sevgi və sayğı üzərində qurulan münasibətlərini də əlavə etsək, münasibətlərin perspektivi ilə bağlı ciddi nəticə çıxara bilərik”.

Politoloq Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Zelenskinin Azərbaycan seçimi Ermənistana mesajdır: “Birincisi, Zelenskinin səfəri zamanı Bakıda hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyi, separatizmi pislədiyi vurğulandı. Ukrayna prezidentinin Bakıda dediyi ”söhbət beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün bərpasından gedir" cümləsi çox nəsnədən xəbər verir. Bu cümlə Dağlıq Qarabağ münaqişəsində Ukraynanın birmənalı olaraq Azərbaycanın yanında yer aldığını bir daha təsdiq edir. İkincisi, Zelenski Azərbaycanın Ukraynaya investisiyalarını artırmasını istəyir. Kiyev Azərbaycan şirkətlərini Ukraynaya dəvət edir. Üçüncüsü, Kiyev “Cənub Qaz Dəhlizi” layihəsinə maraq göstərir. Dördüncüsü, Vladimir Zelenski Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı fəaliyyətini genişləndirməsində maraqlıdır. Beşincisi, son illər Ukrayna ilə Azərbaycan arasında yük daşımaları artıb. Bu həcmi artırmaq mümkündür. Bütün bu məsələləri müzakirə etmək məqsədilə ikitərəfli Hökumətlərarası Komissiyanın iclası gələn ilin yanvar ayında Kiyevdə keçiriləcək. Təsadüfi deyil ki, Ukrayna prezidenti Bakıda baş nazir Əli Əsədovla da geniş müzakirəyə ehtiyac duydu".