|
Piyada vurulmaları ifrat həddə

Ekspert Azər Allahverənov: “Sürətli yollarda piyadaların keçidi üçün imkanlar məhduddur”

Paytaxtın Sulutəpə qəsəbəsindən Müşviqabad istiqamətinə gedən yolda piyadaların tez-tez vurulması sakinləri ayağa qaldırıb.

Bu barədə “Yeni Müsavat”a verilən məlumata görə, dekabrın 17-də Sulutəpə sakinləri toplaşaraq yolu bağlayıblar və piyadaların vurulmasına etiraz ediblər.

Onların sözlərinə görə, piyada zolağı olsa da, sürücülər buna əməl etmirlər, piyadalara yol vermirlər və sürətlə yoldan keçirlər.

Şikayətçilər bildiriblər ki, az qala hər həftə bu ərazidə piyadaların vurulması hadisəsi baş verir. Sakinlər tələb ediblər ki, onlara yeraltı və ya yerüstü keçid tikilsin, ya da hansısa başqa tədbirlər görülsün.

Sakinlər bildiriblər ki, “Medkolon” deyilən bu yolda piyada zolağının üstünə çıxan adamları maşınlar qarışqa kimi əzib keçirlər:

“Maşınlar buradan elə sürətlə keçir ki, heç veclərinə deyil. Bizim və uşaqlarımızın həyatı hər gün təhlükədədir. Sürücülərin əksəriyyəti piyada zolağında saxlamır.

Biz də xahiş edirik ki, aidiyyəti orqanlar əncam çəksinlər, bizə bir keçid tiksinlər. Bu gedişlə qəsəbədə salamat adam qalmayacaq. Bu gün bir uşaq vurulub, dünən bir qadın, srağagün gənc bir qadın vurulub. Demək olar ki, hər gün burada qəza olur".

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Yeni Müsavat”a bildirdi ki, o ərazidə sürət həddi yüksək deyil.

Onun sözlərinə görə, Sulutəpə böyük ərazidir və hər yerdə keçid tikmək də olmaz. AAYDA sözçüsü qeyd etdi ki, yol hərəkətinin təşkili ilə Dövlət Yol Polisi və Bakı Nəqliyyat Agentliyi məşğuldur.

Nəqliyyatı eksperti Azər Allahverənov qəzetimizə bildirdi ki, piyadaların vurulmasının obyektiv səbəbləri var. Onun sözlərinə görə, bir çox hallarda yol infrastrukturu piyadanın maraqlarına uyğun olmur:

“Piyada görür ki, keçid bir neçə yüz metr aralıda yerləşir və qısa məsafəni keçməyə cəhd edir. Bu zaman təhlükə yaranır.

Yolun piyadanın keçidi üçün nəzərdə tutulmayan ərazisindən gedəndə qəza qaçılmazdır. Ona görə piyadalar üçün imkanlar olmalıdır".

Ekspert qeyd etdi ki, subyektiv səbəblər də kifayət qədərdir: “Sürücülər elə sürət həddi seçir ki, piyadanın həyatına təhlükəyə səbəb olur. Ümumiyyətlə, Bakının mərkəzi yollarında da piyadalar vurulur.

Hətta piyada zolağının üstündə vurulma halları olur. Qeyd etdiyiniz Sulutəpə istiqamətində yaranmış vəziyyət də bir nümunədir.

Digər tərəfdən, sürətli yollarda piyadaların keçidi üçün imkanlar məhduddur. Lakin bu heç də piyadaya əsas vermir ki, məsuliyyətsiz davransın, o da gərək qaydaları bilsin.

Bəzən işıqforda yaşıl işıq açılanda qrup şəklində adamlar özünü yola atır. Piyada da işıqfordan istifadə etməlidir, harada gəldi yolu keçmək olmaz".

Rəsmi məlumata görə, 2019-cu ilin ötən 11 ayı ərzində Bakıda 488 yol-nəqliyyat hadisəsi baş verib ki, onlardan 294-ündə piyadalar avtomobillə vurulub.

Bu qəzalar nəticəsində 107 nəfər həlak olub, 187 nəfər yaralanıb. Təkcə bu il dekabrın 10-da Bakıda bir gün ərzində 4 piyada vurularaq öldürülüb. Məsələyə dair artıq rəsmi qurumlar da həyəcan təbili çalır, xəbərdarlıqlar edirlər. 

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov qeyd edib ki, piyadalar çox zaman sutkanın qaranlıq saatlarında işıqlandırılmamış yerlərdə maşın altına düşür.