Əmisini öldürüb, daha sonra da yandırmaqda ittiham edilən 23 yaşlı gənc növbəti dəfə hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən 1996-cı il təvəllüdlü Məzahir Şıxməmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror Məzahir Şıxməmmədovun 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Şıxməmmədovun vəkili müdafiə çıxışında deyib ki, müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittiham əsassızdır, prokurorun istədiyi cəza da ağırdır.
Müdafiəçinin sözlərinə görə Məzahir idmançı olub və əmisini döyərək öldürmək imkanı olub: "Məzahir əmisini döyüb və onu köməksiz vəziyyətdə qoyaraq evi tərk edib. Lakin evin yandırılması ittihamı əsassızdır. Çünki mənzildə baş verən yanğın qaz sızması nəticəsində baş verib. Buna görə də bu cür ağır ittihamın irəli sürülməsi ədalətsizlikdir. Məhkəmədən tələb edirik ki, Məzahirin əməli Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma; zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilsin".
Məhkəmə prosesində mərhumun həyat yoldaşı da iştirak edib. O bildirib ki, vəkilin danışdıqları cəfəngiyyatdır: "Bu qədər qəddarlıq olmaz. Ərimi öldürüb, sonra da yandırıb. Telefonları da gizlədib ki, heç kim köməyinə gəlməsin. Bunun adı vəhşilikdir".
Prosesin davamında Məzahir son sözlə çıxış edib. O, əməlindən peşman olduğunu və əmisini yandırmadığını deyib: "Əvvəldən olduğu kimi hər şeyi etiraf edirəm. Düzdür, əmimi döymüşəm. Sonra da köməksiz vəziyyətdə qoyaraq oradan getmişəm. Amma mən evi yandırmamışam. Məhkəmədən xahiş edirəm ki, azca mərhəmətiniz varsa, bunları nəzərə alın. Mən müstəntiqə də danışdım. Bildirdim ki, evi yandırmamışam. O, mənim əmin idi. Bu qədər vəhşilik etməmişəm. Xahiş edirəm ki, dediklərimi nəzərə alın. Mənə törətdiyim əmələ görə cəza verin. 19 il 6 ay cəza çoxdur".
Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmdə yazılır ki, Məzahir Şıxməmmədova qarşı irəli sürülmüş ittiham məhkəmə istintaqı dövründə sübuta yetirilib və buna görə də ona cəza təyin edilməlidir. Hökmə əsasən M.Şıxməmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə bu il martın 8-də Abşeron rayonu, “Gənclər Şəhərciyi” yaşayış kompleksindəki mənzillərin birində baş verib. Qeyd edilən mənzildə çarpayıda yanmış kişi meyiti aşkarlanıb. Abşeron Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunub ki, yanğın zamanı dünyasını dəyişən Namiq Şıxməmmədovun sifət nahiyəsində sınıq xəsarətləri var.
Araşdırmalarla bu hadisəni mərhumun qardaşı oğlu Məzahir Şıxməmmədovun törətdiyi və izi itirmək məqsədi ilə mənzilə od vurduğu məlum olub. Hadisəni törədən şəxs yaşadığı Sumqayıt şəhərində saxlanılaraq Abşeron rayon Polis İdarəsinə gətirilib. Məzahir ilkin ifadəsində əməlini etiraf edib. Cinayəti spirtli içki qəbul etdikdən sonra törətdiyini etiraf edib. Cinayətin üstü mərhumun 4-cü mərtəbədə tapılan mobil telefonu vasitəsi ilə açılıb.
Məzahir Şıxməmmədov əmisi ilə aralarında münaqişə olduğunu deyib: “Aramızda dəfələrlə münaqişə olub, söyüş söyüb, üstümə bıçaq çıxardıb. Onun mənə qarşı hərəkətlərini bir dəfə keçmişəm, iki dəfə keçmişəm. Amma sonuncu dəfə dözmədim. Əslində öldürmək planım olmayıb”.
Məzahir Şıxməmmədov əmisini ölümcül döydüyünü bildirib: “Əvvəlcə 5-6 yumruq vurdum. Sonra isə üzünə və başına butulka ilə zərbə endirdim. Öldüyünü biləndə isə mənzili yandırıb, oradan uzaqlaşdım”.
Törətdiyi əmələ görə Məzahir Şıxməmmədova qarşı Cinayət Məcəlləsinin 120.2-4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan olunub.
