Qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. O, iş yoldaşını söyüş üstündə bıçaqlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda suçlanan Rəşid İsmayılovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən Rəşid İsmayılov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ev dustaqlığında olan İsmayılov məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Rəşid İsmayılov iş yoldaşı Nihad Əhmədovu bıçaqlayıb. Buna səbəb isə Nihadın telefonda Rəşidin ünvanına nalayiq ifadə işlətməsi olub.
Belə ki, Nihad Rəşidə zəng edərək işə gələn zaman siqaret almasını istəyib.
Nihad bu zaman telefonda söyüş söyüb, nalayiq ifadə ilə Rəşiddə siqaret almasını deyib. Bu zaman Rəşidin yanında xanımı da olub və söyüşü eşidib. Rəşid də bundan qəzəblənib və işə gələrək Nihadla mübahisə edib. Mübahisə zamanı Rəşid yerdən götürdüyü dəmir parçası ilə Nihadın kürək nahiyyəsinə bir zərbə endirib.
Hadisəni törədən zaman Rəşid içkili olub. Törətdiyi əmələ görə Rəşidə qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Sərbəst ifadə verən Rəşid İsmayılov deyib ki, törətdiyi əməldən peşmandır.
"Həmin ərəfədə anam rəhmətə getmişdi. Bir az əsəblərim yerində deyildi. İçki içib evdə oturmuşdum. İşdən zəng gəldi ki, görülən iş yarımçıq qalıb. Mən qayıdıb həll etmək istədim. Nihad telefonda mənə dedi ki, gələndə siqaret alım. Sonra da söyüş söydü. Evdə idim və söyüşü yoldaşım da eşitdi. Buna görə çox əsəbləşdim. İşə gedəndə onunla mübahisə etməyə başladım. Yerdən götürdüyüm dəmirlə onu vurdum"- deyə Rəşid İsmayılov bildirib.
O, əlavə edib ki, Nihadla münasibətləri yaxşı olub. Bucür hadisənin baş verməsinə görə peşmandır.
