Bir müddət öncə Parlament Jurnalistlər Birliyinin “Şirməmməd Hüseynov” Mükafatı təsis etməsi barədə məlumat vermişdik.
Birliyin rəhbəri Elşad Eyvazlının verdiyi məlumata görə, artıq Şirməmməd Hüseynov” Mükafatının Əsasnaməsi də PJB İdarə Heyətinin qərarı ilə təsdiqlənib.
“Əsasnaməyə görə, mükafatın məqsədi jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətlərini dəyərləndirmək, jurnalistikanın cəmiyyət həyatındakı rolunun artırılmasını stimullaşdırmaqdan ibarətdir.
“Şirməmməd Hüseynov” Mükafatı fəaliyyəti və yaradıcılığı ilə jurnalistikanın inkişafına töhfə vermiş, jurnalistikanın inkişafı sahəsində yüksək xidmətləri olmuş, eləcə də jurnalistika sahəsinin zənginləşdirilməsi və inkişafına xidmət edən, jurnalistikanın tədrisi sahəsində qazandıqları mühüm nailiyyətlərə görə fərqlənən şəxslərə verilir. Azərbaycanla bağlı xarici mediada çıxış edən əcnəbi vətəndaşlar və fəaliyyətində peşə prinsiplərinə riayyət etməsi ilə fərqlənən jurnalistlər də namizəd ola bilərlər”.
E.Eyvazlı bildirib ki, “Şirməmməd Hüseynov” Mükafatına namizədlərin müəyyən edilməsi məqsədilə PJB İdarə Heyətinin qərarı ilə 5 nəfərdən ibarət ekspert komissiyası yaradılıb. “Komissyiyanın sədri tanınmış jurnalist Elşad Paşasoydur”.
Namizədin seçilmə qaydasına gəlincə, sədr bildirib ki, ekspert komissiyası gizli səsvermə yolu ilə namizədliyi irəli sürülmüş şəxslər sırasından Mükafata namizədləri seçib PJB İdarı Heyətinə təqdim edəcək.
PJB İdarə Heyəti üzvlər arasında keçirilən sorğu vasitəsilə qalibi müəyyən ediləcək. Mükafat və onun diplomu hər il 22 iyul Milli Mətbuat Günü ərəfəsində təntənəli surətdə təqdim olunacaq. Mükafatla bir şəxs yalnız bir dəfə təltif edilir. Mükafat vəfat etmiş şəxslərə verilmir. Şirməmməd Hüseynov mükafatı qiymətli metaldan hazırlanmış medaldan ibarətdir. Medalın bir üzündə Şirməmməd Hüseynovin şəkli, digər üzündə isə Parlament Jurnalistlər Birliyinin (PJB) loqosu təsvir olunur”.
