|
Beynəlxalq müşahidə missiyaları parlament seçkilərini izləyəcək

Parlament seçkilərində iştirak etmək istəyən 10 nəfərdən yuxarı iddiaçının namizədliyinin irəli sürülməsi təsdiqlənib və onlara imza vərəqələri verilib.

Həmçinin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün üç partiya Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. MSK-nın 11 dekabrda keçirilən iclasında növbədənkənar seçkilərdə iştirak üçün bir sıra siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qeydə alınmasına dair müraciətə baxılıb. İclasda Yeni Azərbaycan Partiyasının (YAP), Ümid Partiyasının və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) səlahiyyətli nümayəndələri qeydə alınıb.

Yeni Azərbaycan Partiyasının 126 nəfər səlahiyyətli nümayəndəsi, bir nəfər isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təsdiq edilib.

YAP icra katibinin müavini Siyavuş Novruzov ile ilgili görsel sonucu

YAP icra katibinin müavini Siyavuş Novruzov 12 dekabrda jurnalistlərə açıqlamasında bildirib ki, geriyə yalnız partiyanın namizədlərinin irəli sürülməsi prosesi qalıb. Bununla bağlı işlər aparılır, proses gedir: “Bu işlər tamamlanandan sonra biz hər dairə üzrə namizədlərimizi irəli sürəcəyik. O zaman siyahı da Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək. Yeni Azərbaycan Partiyasının kifayət qədər potensialı və seçkilərdə kifayət qədər təcrübəsi var. Artıq hər bir dairə üzrə imza toplamaq üçün 10 nəfər müəyyən edilib. Yəni hər şey hazırdır. Sadəcə, namizədləri təqdim edəcəyik və ondan sonra digər proseslərə başlayacağıq”.

S.Novruzov deyib ki, Azərbaycanda 50-dən artıq siyasi partiya var və bu partiyalardan 40-dan çoxu parlament seçkilərində iştirak edəcək. Azərbaycanda qeyri-hökumət təşkilatları, mətbuat nümayəndələri, yaradıcı insanlar, incəsənət xadimləri var ki, onlar da seçkilərdə iştirak edəcəkləri ilə bağlı bəyanat veriblər, xüsusən gənclər, o cümlədən xaricdə təhsil alıb gəlmiş gənclər böyük həvəs göstərirlər: “Yəni namizədliklərini irəli sürmək istəyən çox insan var. Bir yanlış informasiyanı cəmiyyətə sırımaq istəyirlər ki, guya Milli Şura seçkidə iştirak etməsə, bu seçki qeyri-demokratik olacaq və s. Dünyanın heç bir yerində, heç bir beynəlxalq hüquq normasında, Azərbaycan Respublikasının Konstitusiyasında, Seçki Məcəlləsində elə bir müddəa yoxdur ki, hansı təşkilat iştirak etdi, hansı təşkilat iştirak etmədi. Söhbət alternativlikdən gedir. Yəni bir yerə iki namizəd varsa, artıq burada alternativlik təmin olunub və orada seçki keçirmək mümkündür. Ona görə də iştirak edib-etməmək hər kəsin öz hüququdur.

Beynəlxalq müşahidə missiyaları parlament seçkilərini ile ilgili görsel sonucu

Milli Şuranın qaldırdığı məsələlərin hər biri Seçki Məcəlləsində var. Milli Şura getsin, Seçki Məcəlləsini diqqətlə oxusun. Onlar ya Seçki Məcəlləsini düzgün oxumayıblar, ya da oxuyub insanlara düzgün təqdim etmirlər. İnsanları aldatmağa çalışırlar və seçkilərin üzərinə kölgə salmaq istəyirlər. Bunların sosial bazası, elektoratı yoxdur, bilirlər ki, seçilməyəcəklər. Çünki xalq bunlara etimad göstərməyəcək və bunların irəli sürməyə namizədləri yoxdur. Bu baxımdan da seçki prosesinin üzərinə kölgə salmaq, özlərinin zəifliklərini ört-basdır etmək üçün seçkiyə getmək istəmirlər".

Bu arada məlum olub ki, Azərbaycan hökuməti ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna, AŞ PA-ya parlament seçkilərini müşahidə etmək üçün müraciət göndərib.

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şenak və Rocer Geyl Bakıya səfər edəcək. Bu barədə “Report”a Stefan Şenak məlumat verib. O, fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcəklərini bildirib: “Biz müşahidəçi qismində iki dəfə Azərbaycanda səfərdə olacağıq: seçkiqabağı vəziyyəti, seçkilərə hazırlığı və seçkiləri müşahidə edəcəyik”.

AŞ PA fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 30-dan çox müşahidəçi göndərəcək.

Xatırladaq ki, ötən parlament seçkilərində beynəlxalq müşahidəçilərlə hökumət arasında böyük problemlər  yaranmışdı. Hətta müşahidə missiyasının işinin sona çatdırılması mümkün olmamışdı.

Seçki ekspertlərinin fikrincə, bu dəfə hökumətin ATƏT DTİHB-yə seçkini müşahidə missiyası göndərmək üçün dəvət göndərməsi özünəgüvəndən irəli gəlir. Eyni zamanda istisna deyil ki, budəfəki seçkilər nisbətən düzgün keçiriləcək. Hökumət beynəlxalq müşahidəçilərin prosesi birbaşa izləməsində buna görə maraqlıdır. 

Hər bir halda seçkilərin tanınmış beynəlxalq təşkilatların müşahidə missiyaları tərəfindən izlənməsi müsbət haldır.