|
"Cindar Hüseyn" və anasının məhkəməsində gərginlik:

Fala baxmaq adı ilə vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilən ana və oğlu növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Lalə İbrahimova və oğlu Hüseyn Əlizadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmiş Rübabə Ağayeva təqsirləndirilən şəxslərin vəkillərinin vəsatəti əsasında yenidən dindirilib.

Vəkillərin suallarını cavablandıran R.Ağayeva heç vaxt falçıya müraciət etmədiyini, inanmadığı deyib. Ondan soruşulub ki, falçıya müraciət etmədiyi, falçıya inanmadığı halda Lalə İbrahimova və oğluna necə inanıb?

Rübabə Ağayeva bildirib ki, həmin ərəfədə yaxınlarından birinin başına faciə gəlib. Bu faciəni də Lalə İbrahimova əvvəlcədən bilib. Buna görə də Lalə İbrahimovaya inanıb: "Lalə və oğlu qohumuma nə olacağını əvvəldən demişdi. Buna görə də ona inandım. Mənə dedilər ki, sənin ailəndə də faciə olacaq. Yoldaşımın xəstələnəcəyini, nəvələrimin başına iş gələcəyini dedi. Mən də bundan qorxdum və onlara inandım".

O, qeyd edib ki, ana və oğlu onun külli miqdarda qızıllarını qurd yağından təmizləmək üçün alıb. Nağd pulu da ceyran göbəyi almaq üçün verib: "Qızılları təmizləyəcəkdi. Cadunu pozmaq üçün də ceyran göbəyi alacaqdı. Məni özlərinə tabe etmişdilər. Sarı rəngli su içirdirdilər. Nə deyirdilərsə, edirdim. Məni təsir altına salmışdılar".

Rübabə Ağayeva ifadə verən zaman tərəflər arasında bir neçə dəfə mübahisə yaranıb. Lalə İbrahimova və oğlu deyib ki, əgər Rübabə Ağayevanı özlərinə tabe etmək imkanları olsa idi, indi də edərdilər ki, onların xeyrinə ifadə versin. Ana və oğul iddia edir ki, Rübabə Ağayeva qızılları satmaq üçün onlara verib və indi qızıllarını yenidən tələb edir.

Məhkəmə sual-cavabla davam edib. Vəkillər Rübabə Ağayevadan soruşub ki, evlərinin həyətində qızıl küpünün olmasına necə inanıb?

Ağayeva belə cavab verib ki, həmin ərəfədə ana və oğlunun təsiri altında olub və onların dediklərinə inanıb: "Dedilər ki, bağda qızıl küpü var. Mənim qızıllarımı aldılar ki, torpağa basdırsınlar. Dedilər ki, bu qızıllar dərinlikdəki küpü çağıracaq. Məndən iki dəfə qızıl aldılar. Birinci dəfə yarısını verdim. İkinci dəfə dedilər ki, küp çox dərindədir. Buna görə də bu qızılların gücü çatmır ki, onu çağırsın. Lalə dedi ki, daha çox qızıl olmalıdır. Mən də qızılların hamısını verdim. Sonra başa düşdüm ki, aldadılmışam".

Vəkillər sual verib ki, həmin ərəfədə Rübabə Ağayevanın həyat yoldaşı "Azinko" şirkətinin Audit Departamentinin rəhbəri olub və böyük tikinti işləri ilə məşğul idi. Onun nəzarətində xeyli sayda inşaat texnikası olub: "Niyə həyat yoldaşınıza demədiniz ki, texnika gətirsin və yeri qazaraq qızılları torpağın altından çıxarsın?"

Bu suallar tərəflər arasında yenidən mübahisəyə səbəb olub. Zərərçəkmişin vəkili deyib ki, Rübabə Ağayevanın həyat yoldaşının harada işləməsinin bu işə heç bir aidiyyatı yoxdur.

Amma Rübabə Ağayeva suala cavab verib. Deyib ki, həyat yoldaşının bu işdən xəbəri olmayıb. R.Ağayeva söyləyib ki, həyat yoldaşı bu işdən xəbər tutandan sonra polisə şikayət edib: "Yoldaşıma pul lazım idi. Evdən pul götürmək istəyəndə gördü ki, qızıllar da yoxdur. Mən hər şeyi ona danışdım. O da polisə şikayət etdi".

Məhkəmə araşdırması davam etdirilir. Bu işdəki 13 zərərçəkənə ümumilikdə təxminən 600 min manat ziyan dəydiyi bildirilir. İttihamda yazılıb ki, təkcə Rübabə Ağayeva cadu çıxarmaq, mal-mülkü cadudan təmizləməkdən ötrü 216 min 850 manatlıq pul, qızıl-zinət əşyaları verib. Pulların bir hissəsi xarici valyutada olub: 57 min dollar, 15 min funt-sterlinq. Qızılların çəkisi isə təxminən 600 qram olub.

R.Ağayevanın həyat yoldaşı L.İbrahimova və H.Əlizadədən polisə şikayət edib. Həyat yoldaşı "Azinko" şirkətinin Audit Departamentinin rəhbəridir.

Məlumata görə, "Cindar Hüseyn"in müştəriləri arasında deputatlar və ayrı-ayrı vəzifəli şəxslər də olub. O, cinlərə qonaqlıq vermək, caduları pozmaq adı ilə xeyli insanı aldadıb. İş üzrə ümumilikdə 13 nəfər zərərçəkmiş var. Onların bəziləri qızıl alveri etmək məqsədi ilə Lalə İbrahimova ilə tanış olublar. Sonra isə aldadıldıqlarını, qızıllarının ələ keçirildiyini deyirlər.