Televiziya Akademiyasının rektoru, əməkdar jurnalist Faiq Hüsüyev mərhum eks-prezident Heydər Əliyevin vəfatının 16-cı ildönümündə onunla bağlı xatirəsini bölüşüb.
F.Hüsüyevin yazısını təqdim edirik:
"Azərbaycan tarixinin otuz beş illik bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu illər ərzində ulu öndər Azərbaycanı tarixin çətin sınaqlarından çıxarmış, müstəqil ölkəmizin etibarlı bünövrəsini yaratmışdır.
Bu böyük insanın ömür yolu və siyasi fəaliyyyəti haqqında cild-cild kitablar yazılıb, dəyərli filmlər çəkilib. Təkcə Azərbaycanda deyil, dünya siyası arenasındakı fəaliyyəti, beynəlxalq miqyasdakı nüfuzu hər bir azərbaycanlının fəxr mənbəyinə çevrilib.
Mən ulu öndərlə ilk dəfə 1993-cü il mart ayının 3-də görüşmüşdüm. O vaxt Heydər Əliyev mövcud iqtidar tərəfindən təzyiqlərlə üzləşirdi. Mən jurnalist Vüqar İsmayılovla birlikdə paytaxtımızın Nərimanov metrosu yaxınlığındakı Elmi-Tədqiqat İnstitutunun binasında keçirilən Yeni Azərbaycan Partiyasının yığıncağında iştirak etmişdik. Azərbaycandakı hakimiyyət böhranının müzakirə olunduğu və iki saatdan çox davam edən bu iclasda yaşca ən cavan adam mən idim, 22 yaşım var idi. Vüqar məndən üç yaş böyük idi. İlk dəfə olaraq burada Heydər Əliyevlə görüşdüm. Çox qeyri-adi gözləri var idi. İclasdan sonra onu əhatə edən yaşlı tərəfdaşlarının arasından əl edib bizi yanına çağırdı. Vüqarı yaxşı tanıyırdı. Naxçıvanda onu dörd gün qonaq da saxlamışdı. Onunla çox səmimi görüşdü. Vüqar məni Heydər Əliyevə təqdim edib “Haqqında sizə danışdığım gənc jurnalist bu oğlandır”, - dedi. Heydər Əliyev əlini çiynimə qoydu. Adımı, harda təhsil aldığımı soruşdu. Üzünü ətrafındakılara tutaraq: “Mənim gənc dostlarım müsahibə almaq istəyir, - dedi, - Yorulmuşam, bir stəkan çay içim, sonra Rəfaelə deyərəm, sizi çağırar”.
Razılıq əlaməti olaraq başını yellədən Rəfael Allahverdiyev kiçik dəhlizdən keçib yan otaqda tərəfdaşları ilə söhbətə başlayan Heydər Əliyevə zoğal mürəbbəsi və armudu stəkanda çay apardı.
Biz xeyli gözləyəsi olduq. Otağa girib-çıxanlar çox idi. Rəfael Allahverdiyev bir ucdan çay daşıyırdı. Təxminən iki saatdan sonra o, bizə yaxınlaşıb: “Kişi (yəni Heydər Əliyev) çox yorulub, telefon nömrəsini verin, sizə zəng edərəm, rahat bir vaxtda görüş təyin edək!”, - dedi. Sonralar Bakı şəhərinin meri vəzifəsində çalışan Rəfael Allahverdiyev bizə zəng etmədi...
Ulu öndərlə ikinci görüşüm isə 1997-ci ilin avqust ayında, “Gülüstan” sarayında Ukraynanın Dövlət müstəqilliyi münasibətilə keçirilən rəsmi qəbulda olmuşdu. Ukrayna səfirliyinin konsulu Vladimir Çayka ilə birlikdə ulu öndərlə görüşmüşdük.
Bir zamanlar Azərbaycanda işləmiş, Ukraynanın Baş prokuroru Qriqori Vorsinovdan may ayında müsahibə almışdım. O, Heydər Əliyevlə bağlı dəyərli xatirələrini bizimlə bölüşmüşdü. Bu haqda danışan konsul Vladimir Çayka müsahibənin mənim tərəfimdən alındığını da deyəndə Heydər Əliyev gülümsədi və ukraynalı diplomata biz jurnalistlərin fəaliyyəti haqda xoş sözlər söylədi.
Heydər Əliyevə olan bağlılıq mənim üçün şəxsiyyətə pərəstiş hissi deyil, xalqımı ucaldan bir insanın əvəzsiz xidmətlərinə təmənnasız, dərin ehtiramdır. Mən ulu öndərin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyyətinin bəlli bir hissəsinin unudulmaması üçün iki sənədli film çəkmişəm: “Heydər Əliyev və BAM” və “BAM-da Azərbaycan izi”. Bu filmlər Baykal Amur Magistralı ilə bağlıdır. Dünyanın ən nəhəng dəmir yolu marşrutlarından biri kimi BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin əvəzsiz xidmətləri var. Bu böyük şəxsiyyətin yorulmaz fəaliyyəti barədə vaxtilə onunla bir yerdə çalışmış yüksək rütbəli insanlardan, görüşdüyü sıravi vətəndaşlardan aldığım çoxsaylı müsahibələrin hər birində ulu öndərin qeyri-adi idarəçilik bacarığı və insani keyfiyyətləri haqda ağız dolusu xoş sözləri lentə köçürmüşəm. Bu gün də Ulkan və Anqoya şəhərlərində yaşayan insanlar bu yerlərin ərsəyə gəlməsini Heydər Əliyevin adıyla bağlayırlar.
Azərbaycan xalqının ümummilli lideri və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi qəlblərdə əbədi yaşayacaqdır. Ruhu şad olsun!"
