BP qrupunun baş icraçı direktoru Bob Dadli və onu gələn il bu vəzifədə əvəz edəcək Bernard Luni Azərbaycana işgüzar səfər ediblər.
“BP-Azerbaijan” şirkətindən “Report”a verilən məlumata görə, onlar dünən Bakıya gəliblər.
Azərbaycana səfər proqramı çərçivəsində B. Luni Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub. Həmin görüşdə B.Luni Prezident İlham Əliyevə BP-nin bu regionda əməliyyatçısı olduğu layihələrdə işlərin hazırki vəziyyəti və planları barədə məlumat verib, Azərbaycanın ən iri neft və qaz hasilatı, nəqli və kəşfiyyatı layihələrinin əməliyyatçısı kimi BP-nin davamlı fəaliyyəti haqqında danışıb. O, həmçinin Azərbaycanla və Xəzər regionu ilə əməkdaşlığın daha da güclənməsi və genişlənməsi yönümündə BP-nin uzunmüddətli öhdəliyini bir daha vurğulayıb.
Səfər çərçivəsində BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə rəhbərliyi və əməkdaşları ilə bir sıra şirkətdaxili görüşlər də keçirilib.
Hazırda BP qrupunun Apstrim bölümünə rəhbərlik edən Bernard Luni, Dadlini BP qrupunun baş icraçı direktoru vəzifəsində 2020-ci il 5 fevral tarixindən başlayaraq əvəz edəcək və həmin tarixdən də BP-nin Direktorlar Şurasının üzvü olacaq.
Bob Dadli doqquz ildən çox baş icraçı direKtor olmaqla BP-də 40 ildir ki, işləyir. O, 2020-ci il 4 fevral tarixində BP-nin baş icraçı direktoru vəzifəsindən və Direktorlar Şurasının üzvlüyündən gedəcək və 31 mart tarixindən isə təqaüdə çıxacaq.
