Namus üstündə bacısını öldürdüyünü deyən gənc hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1990-cı il təvəllüdlü Qalib Turabovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Anket məlumatlarında yazılır ki, Turabov ilk dəfədir məhkumluq həyatı yaşayır.
Qətl hadisəsi bu il Səbail rayonunda baş verib. Səbail rayonu, Xəqani küçəsi 1 saylı ünvanda 1998-ci il təvəllüdlü Turabova Pərvanə Nağı qızı bıçaqlanıb.
Qətli törədən şəxsin 2000-ci il təvəllüdlü Turabov Qalib Nağı oğlu olduğu məlum olub. Mərhum Qalibin doğma bacısı olub.
Qətl hadisəsi namus üstündə baş verib. Belə ki, Qalib bacısının əxlaqsızlıqla məşğul olduğunu iddia edərək onu qətlə yetirib. İlkin ifadəsində Qalib qətli namus üstündə törətdiyini deyib
Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.
