|
Azərbaycanın korrupsiya ilə mübarizəsi və prezidentin iradəsi

Əkrəm Həsənov: “Korrupsiyaya görə ömürlük azadlıqdan mərhumetmə cəzası tətbiq olunmalıdır”

Dekabrın 9-u dünyada Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günü qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının statistikasına görə, hər il dünyada 1 trilyon dollar vəsait rüşvət olaraq verilir və təxminən 2,6 trilyon dollar korrupsiya vasitəsilə oğurlanır. Bu da qlobal ÜDM-in 5 faizinə bərabər bir məbləğdir. Bu oğurluq vəsaitlərin vacib olan ictimai xidmətlərə, o cümlədən səhiyyə, təhsil, infrastruktura yönəldilməsinə maneçilik yaradır. Azərbaycanda da korrupsiya və rüşvətxorluq var. Prezident İlham Əliyev bir neçə gün əvvəl Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında “Korrupsiya və rüşvətxorluq bizə qalan mirasdır. Ona görə bundan canımızı qurtarmaq üçün əlbəttə ki, həm maarifləndirmə işləri aparılmalıdır, düzgün siyasət aparılmalıdır” deyib. 

Hələ 2013-cü ildə, Korrupsiyaya qarşı Mübarizə Baş  İdarəsinin yeni inzibati binasının açılışında korrupsiyanı Azərbaycanın bəlası adlandıran prezident deyib ki, bu problem Azərbaycandan tamamilə silinməlidir: “İnam artır ki, biz bu bəlanı Azərbaycandan tamamilə götürəcəyik və Azərbaycan cəmiyyəti bu yaralardan sağalacaqdır”.

Xatırladaq ki, Azərbaycanda son illər bir sıra nazirliklərdə, o cümlədən keçmiş Milli Təhlükəsizlik, Rabitə və Yüksək Texnologiyalar nazirliklərində, banklardakı on milyonlarla korrupsiya halları ifşa edilib. Həmin nazirliklərin, bankların çoxsaylı əməkdaşları həbs edilib.

Tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a korrupsiya və rüşvətxorluqla mübarizə üçün şərtlərdən danışıb. Deyib ki, korrupsiya və rüşvətxorluq ilk olaraq dövlət qurumlarından yığışdırılmalıdır: “Dövlət qurumlarının korrupsiyasız fəaliyyətini təmin etmək üçün ilk növbədə şəffaflıq təmin olunmalıdır. Mümkün qədər dövlət qurumlarının fəaliyyəti haqda məlumatlar açıqlanmalıdır. Dövlət vəsaitlərinin xərclənməsi şəffaf olmalıdır. Dövlət orqanı ən azı aylıq əsasda dövlət büdcəsinin hara xərcləndiyini öz internet saytında yaymalıdır. Nə alıblar, neçəyə alıblar, kimdən alıblar bilinməlidir. Adi qələmdən tutmuş nəqliyyat vasitələrinin alınmasına qədər hər bir büdcə vəsaiti sərfiyyatı  haqda məlumat ictimailəşdirilməlidir. Dövlət satınalmaları haqda qanuna əməl edilməsi vəziyyəti bərbaddır. Dövlət məmurlarının gəlir və xərc bəyannamələri də olmalıdır. Əgər gəlir bəyannaməsi tətbiq edilərsə, bu halda vəziyyət dəyişəcək”.

Əkrəm Həsənov deyir ki, məhkəmə-hüquq sisteminin korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə həyati əhəmiyyəti var: “Azərbaycanda məhkəmələrdə qanuni qərar çıxarılanda bu, qeyri-adi qarşılanır. Dərhal ”kiməsə, nəsə vermisiz" kimi söhbətlər yaranır. Belə şəraitdə məhkəmə hüquq islahatlarının aparılması da mümkünsüz hala gəlir. Düzdür, buraxılan - 5-ci çağırış parlament son günlərində bu istiqamətdə qanunlar qəbul etdi. Amma yenə də qəbul olunan qanunlar prezidentin 3 aprel tarixli fərmanına tam uyğun olmadı. Məsələn, prezident həmin fərmanında tapşırmışdı ki, məhkəmə iclaslarının audioyazısı aparılsın. Təsəvvür edin ki, bu məsələni qanuna salmadılar, qəbul etmədilər. Halbuki bu məsələ ən vacib məqamlardan idi. Azərbaycanda əksər dövlətlərdə olduğu kimi korrupsiya ilə mübarizə aparan qurum - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi var".

Hüquqşünas deyir ki, həmin KQMBİ-nin fəaliyyəti güclənməli və geniş spektrləri əhatə etməlidir.

Əkrəm Həsənov ile ilgili görsel sonucu

Əkrəm Həsənov hesab edir ki, Azərbaycan Sinqapur modelinə üstünlük verməklə korrupsiya bəlasından qurtula bilər: “Dövlət siyasi cəhətdən sərt qalsa da, iqtisadi məsələlərə qarışmamalıdır. Dövlət məmurları, hakimlər ən yüksək maaşlar almalıdır. Bu gün hamı bilir ki, dövlət məmurunun maaşı onun dolanışığı üçün yetərli deyil. Bu gün deputatlığa gedənlərin çoxunun aylıq gəliri deputat maaşından çoxdur. Bu halda adamlar niyə deputatlığa gedir? Hamı başa düşür ki, kreslo daha çox dövlətin imkanlarından istifadə üçün bu adamlara gərəkdir. Sinqapurda korrupsiyaya görə cəzalar çox sərtdir, edama qədər gedib çıxır. Azərbaycanda isə korrupsiyaya görə edam əvəzinə ömürlük azadlıqdan mərhum etmə cəzası tətbiq olunmalıdır. Eyni zamanda hakimlərin maaşı ən yüksək səviyyəyə qaldırılmalıdır. Bu gün heç kimə sirr deyil ki, hakimlərə məmurların zəng edib xeyirlərinə qərar verdirmək imkanları qalmaqdadır. Bunun özü korrupsiyadır. Sinqapurda olduğu kimi, Azərbaycanda da hakim də, məmur da bilməlidir ki, iqtisadi məsələlərdə yalnız və yalnız qanuna tabedirlər. Bu halda vəziyyət köklü şəkildə dəyişəcək, Azərbaycan korrupsiya bəlasından xilas ola biləcək”.