|
Seçki həqiqətən barometrdir, amma nəyin barometri?..

Bir fəsildə iki seçkiyə qərar verdik - necə deyərlər, uğurlu və düşərli olsun ki, növbəti dəfə peşman olmayaq.

Amma hər şey bir sualın cavabından asılı olacaq: hakim partiya sadəcə, öz parlamentini cavanlaşdırmaq istəyir, yoxsa nəhayət ki, Azərbaycanda da deputatlar və yaxud da ki, onların əksəriyyəti təyinatla yox, seçilməklə qanunverici orqana gələcəklər? Bunu ona görə deyirik ki, nə qədər cavanlaşdırma əməliyyatı aparsaq belə, deputatları uşaq bağçasından gətirsək belə, qanunverici orqanın dirçəlməsinin bir effektiv yolu var: parlamentə düzgün seçkilər keçirilməlidir, çünki yalnız seçilən, daha doğrusu, həqiqətən də demokratik yolla, doğru-dürüst seçilən insan deputata bənzəyir və yaxud da özünü deputat kimi aparır.

Hələliksə biz MSK təmsilçilərinin seçki haqqında moizələrini dinləməklə məşğuluq. Deyirlər ki, müxalifət seçkiyə qatılmalıdır, çünki seçki bir barometrdir və yalnız o, müxalifətin əsl gücünü göstərə bilər.

Olsun. Bu fikri də qəbul etdik, amma kiçik bir düzəlişlə: seçki təkcə müxalif və müstəqil namizədlər üçün barometr deyil, elə hakimiyyətin özü üçün də ciddi barometrdir.

Birincisi, o, ölkədəki siyasi atmosferi fiksə edir, ölkəni hansı qüvvənin və necə idarə etdiyini göstərir.

İkincisi, o, təkcə müxalifətin və yaxud da müstəqil namizədlərin elektoral güc-qüvvəsini göstərmir, həm də hakim siyasi partiyanın da nəyə qadir olduğunu aşkar edə bilir. Biz bu otuz illik müstəqillik dövründə yalnız onu görümüşük ki, seçkini kim keçirirsə, onu elə o da “udur”. Amma dünyada tamam başqa cür olur: hakim partiyalar seçkini daim udmurlar, onu həm də uduzurlar...

Amma baxırıq, o gün MSK təmsilçisi müxalif və müstəqil namizədlərə xitabən deyirlər ki, uduzmağı da bacarmaq lazımdır.

Bəli, hələ seçkilər start götürməyib, amma bunlar artıq qərar veriblər ki, müxalifət və müstəqil namizədlər uduzacaq və bunlar üçün əsas odur ki, bu insanlar öz siyasi talelərilə barışsınlar və uduzmağı bacarsınlar, yəni hay-küy salmasınlar ki, seçki düz keçməyib, səslər düz sayılmayıb: əgər başlarını aşağı salıb seçkinin nəticələrini qəbul etsələr, hətta mümkündü, buna görə mükafatlandırılsınlar da...

Amma biz suallardan yaxa qurtara bilmirik. Bəlkə heç olmasa, nəzəri cəhətdən qəbul edək ki, seçkini, onu bu vaxta qədər udanlar da uduza bilərlər. Onlar necə, cığallıq etməməyə, uduzmağa hazırdırmılar? Bəs onlar necə, uduzmağı bacarırlarmı? Bələdiyyə seçkiləri elan olunar-olunmaz hakim partiyanın təmsilçisi qayıtdı ki, biz bu seçkidə də əksər mandatları qazanmağa hazırıq. Parlament seçkilərilə bağlı belə bəyanat eşitməmişik, amma aydın məsələdir ki, yarımsimvolik bir məzmun kəsb edən bələdiyyələrin müxalifətin nəzarətinə keçməsini hətta nəzəri olaraq belə qəbul etməyən hakimiyyət parlamenti heç bir halda əldən buraxmaz və artıq indidən aydındı ki, parlamentdə 95-ci ildən bu tərəfə adət edilən süni proporsiya saxlanılacaq - seçilənlərin əksəriyyəti hakim partiyanın siyahısından olacaq və demokratik görünmək üçün qanunverici orqanın gözünə digər partiyalardan bir neçə nəfər qatılacaq və əsas yeniliksə bu olacaq ki, hər iki tərəfdən seçilənlər əsasən gənclər olacaq...

Bütün bunları oxuyandan sonra sizdə elə təsəvvür yaranmasın ki, guya biz hansısa müxalifətin təəssübkeşliyini edirik. Yox, əsla! O gün hakim partiya liderlərinin bizim ənənəvi müxalifət simalarını necə məsxərəyə qoymasına baxıram. Siz heç bilirsinizmi, maraqlısı və ya faciəlisi nədir? Müxalifətçilər, vaxtilə AXC üzvlərinin özləri bəzi liderlərini bundan da betər şəkildə lağa qoyur, ələ salırdılar və hər dəfə bizdə sual yaranırdı ki, hamının - demək olar, bütün cəbhəçilərin lağa qoyduğu bu adamlar təşkilatdaxili seçkilərdən necə keçirlər?

Elə ona görə də cəbhəçilərin vaxtilə haqqında “Filankəsin başından yalnız ”otboynıy molotok" kimi istifadə etmək olar" dedikləri bir adamın hakim partiya tərəfindən lağa qoyulmasında nə bir qeyri - adilik, nə bir yenilik, nə də ki, hansısa orijinallıq yoxdur - biz də, seçicilər də çoxdan bu səhifəni çevrilmiş hesab edirik. Bəlkə bu insanların özləri də məmnuniyyətlə siyasətdən tamam gedərdilər, amma hakimiyyət onlardan əl çəkmir, onların yerinə başqa müxalifətin gəlməsini istəmir, çünki bu müxalifət, necə deyərlər, sınanmış, əsl etibar ediləsi kadrlardır.