|
Həbs edilən sabiq bələdiyyə sədri hakim qarşısında - rüşvət ittihamı

Rüşvət almaqda suçlananaraq həbs edilən bələdiyyə sədri hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1959-cu il təvəllüdlü Tərlanov Dəstəboy Budul oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Aslan Babaşov şahid qismində ifadə verib.

Aslan Babaşov təqsirləndirilən şəxsi tanıdığını deyib. O bildirib ki, 2005-2016-cı illərdə təyinatla Qubada polis əməkdaşı, sahə rəisi kimi işləyib.

Babaşov deyib ki, ailəsi ilə birlikdə Qubaya köçüb və torpaq almaq üçün bələdiyyəyə müraciət edib. O, torpaq almaq üçün 1340 manat ödədiyini deyib.

Dəstəboy Tərlanov Qubada bələdiyyə sədri olub. O, bələdiyyəyə məxsus torpaq sahələrini rüşvət qarşılığında ayrı-ayrı şəxslərə satmaqda ittiham edilərək həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 311.2-ci (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.