Məzahir Pənahov iki ay öncə nə barədə xəbərdarlıq etmişdi?
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 23 dekabr bələdiyyə seçkiləri ilə bağlı oktyabrın 11-də dairə seçki komissiyalarının (DSK) sədrləri ilə keçirdiyi seminar-müşavirədə ölkəyə seçki vasitəsilə müdaxilə cəhdlərinin ola biləcəyi xəbərdarlığını etmişdi.
MSK sədri bildirmişdi ki, dairə seçki komissiyalarının sədrləri seçkilərin ölkə üçün nə dərəcədə önəmli olduğunu bilməlidirlər. Azərbaycanda siyasi sabitlik seçkilərin təhlükəsiz keçirilməsi üçün birinci göstəricidir: “Bununla belə, arxayınlaşma olmamalıdır. Bilirsiniz ki, seçki vasitəsilə ölkəyə müdaxilə etməyə cəhd edə bilərlər. Dünya durduqca bu cür problemlər də olacaq, çəkinmək lazım deyil. Dairə seçki komissiyalarının sədrləri xoşagəlməz halların baş verməsindən sığortalanmayıb. Seminar-müşavirə keçiririk ki, xoşagəlməz halların sayı az olsun”.
Bələdiyyə seçkilərinə sayılı günlər qalıb. Qarşıda isə daha ciddi kampaniya-parlament seçkisi kampaniyası başlayacaq. Məzahir Pənahovun dediyi kimi, seçkilər vasitəsilə ölkəyə xarici müdaxilə cəhdləri reallaşması ola bilərmi?
Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, seçkilərə xarici qüvvələrin müdaxiləsi problemi istənilən dövləti narahat edən başlıca məsələlərdən biridir. Bu, demokratiya, seçki sistemi bərqərar olan vaxtdan bəri daima narahatlıq yaradıb: “Kibermüdaxilə, bəzi nüfuzlu siyasətçilərlə müəyyən maraqlar müqabilində sövdələşmə, liderlərin ələ alınması, habelə seçicilərin pul, müəyyən şirnikləndirici təkliflər əsasında müəyyən siyasi partiyanın, siyasi liderlərin lehinə səs verməsi üçün təlimatlandırılması dediklərimizi sübut edir. Məsələn, qonşu Gürcüstanda son prezident seçkilərində Solome Zurabişvilinin xeyrinə seçicilərin kütləvi surətdə bank kreditlərının ödənilməsi bunu sübut edir. Seçicilərin iradəsinə təsir etməyin çoxsaylı vasitə və üsulları mövcuddur. Ələlxüsus, müasir dünyanın qloballaşma mərhələsinə daxil olaraq həm də virtual qloballaşma, kibermüdaxilə vasitələrinin təkmilləşdiyi və geniş istifadə edildiyi indiki dövrdə xüsusilə aktuallıq kəsb edir. Hətta ABŞ kimi fövqəldövlətin seçki sistemi belə bundan sığortalanmayıb. Trampın prezident seçkiləri ətrafında indiyədək səngiməyən, hətta impiçment təhdidi yaradan kibermüdaxilə, bəzi Avropa ölkələri, məsələnb İspaniyada referendumun xarici qüvvələrin müdaxiləsi nəticəsində nəticələrinə təsirin geniş rezonans doğurması bunu deməyə əsas verir”.

Ekspert qeyd etdi ki, seçkilərə müdaxilə dövlətin siyasi sisteminə, idarəetmə proseslərinə ən real müdaxilə, onu yönləndirmə vasitələrindən biridir. Heç şübhəsiz ki, Azərbaycandakı proseslərə bu cür müdaxilə planları həmişə olub, indi də var: “Bu, demokratiya, insan haqlarının pozulmasının qarşısının alınması, seçkilərdə şəffaflığın təmin olunması və s. adlar altında həyata keçirilir. Müdaxilə edən qüvvə təkcə özünə yaxın olan qüvvələri seçkilərdə iştiraka təşviq etməklə proseslərdə iştirak etməklə yox, eyni zamanda seçkini boykota təhrik etməklə seçkini pozmaq, qeyri-sabitliyə rəvac vermək və s. yollarla da müdaxilə edə bilərlər.

Azərbaycanda seçkilərə xarici müdaxilə şübhələri onda özünü göstərir ki, xarici güc mərkəzləri ilə gizli əlaqələrdə ittiham olunan bəzi radikal siyasi partiyalar daha çox boykot taktikasına üstünlük verir, nəinki seçkidə iştiraka. Təsadüfi deyil ki, çox seçkini boykot edən radikal düşərgənin xarici güclərlə əməkdaşlığına dair zaman-zaman ittihamlar səsləndirilir. Onların Avroatlantik məkana inteqrasiya tələbləri də bu ehtimalları gücləndirir və hakimiyyətə gəlmək naminə ABŞ, Avropa və digər qütblərdəki güc mərkəzləri ilə əməkdaşlığı istisna etmir. Lakin hakimiyyətin öz mövqelərini qoruyub-saxlaması fonunda onların seçkilərdə iştirak edərək qalib gəlməsi ehtimalının zəif olduğunu nəzərə alaraq, xarici siyasi texnoloqlar daha çox Azərbaycandakı tərəfdaşlarına boykot vasitəsilə destruktiv yanaşmanı, sabitliyi pozmaqla, yalnız bundan sonra öz planlarının həyata keçirilməsinin mümkünlüyünü təlqin edə bilərlər".
