Sərəncam yeni sosial xidmət və reabilitasiya müəssisələrinin istifadəyə verilməsinə və yeni bərpa mərkəzlərinin tikintisinə təminat verir
Dekabrın 2-də prezident İlham Əliyev “Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrinin rifahının yüksəldilməsi, onların cəmiyyətə fəal inteqrasiyası istiqamətində son illərdə mühüm addımlar atılıb, bu qəbildən olan insanların çoxsaylı sosial proqramlara, o cümlədən sağlamlıq, reabilitasiya, ödənişsiz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunması uğurla həyata keçirilib.
Xüsusən bu dövrdə bərpa-müalicə şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi təmin olunub, sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə uşaq bərpa mərkəzləri yaradılıb.
Prezident bu sərəncamla bir sıra sosial təyinatlı obyektlərin layihələndirilməsi, tikintisi, əsaslı təmiri, bərpa yolu ilə gücləndirilməsi və avadanlıqla təchizatı məqsədilə 2019-cu ilin dövlət büdcəsində “digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)” üçün nəzərdə tutulan vəsaitdən 20 milyon 19 min 100 manat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) ayırıb.

ƏƏSMN İctimaiyyətlə əlaqələr şöbəsindən “Yeni Müsavat”a verilən məlumata görə, prezidentin sərəncamı ölkədə sosial müdafiə və tibbi-sosial reabilitasiya əhəmiyyətli müəssisələr şəbəkəsinin genişləndirilməsinə və bu sahədə müasir tələblərə uyğun infrastrukturun qurulmasına qayğının təzahürüdür: “Qeyd edək ki, ötən dövrdə dövlət başçısının uğurlu sosial siyasəti əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həssas qruplardan olan vətəndaşlara dövlət qayğısının artırılması sahəsində ardıcıl şəkildə mühüm addımların atılmasını təmin edib. Bu siyasətin tərkib hissəsi kimi, yeni sosial təyinatlı obyektlər, o cümlədən sosial xidmət və reabilitasiya məqsədli müəssisələr tikilərək istifadəyə verilib. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün artıq 14 reabilitasiya və 15 sosial xidmət müəssisəsi var”.
Nazirlik bildirir ki, sosial xidmət və reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətində mühüm işlər aparılır: «Bu sahədə növbəti addımlar kimi, ötən ay nazirliyin Yevlax və Naftalan şəhərlərində əlilliyi olan şəxslər üçün regional bərpa mərkəzləri, Mərdəkan Müalicə Pansionatı əsaslı təmir və yenidənqurmadan sonra və müasir ləvazimatlarla, avadanlıqlarla təchiz olunmaqla istifadəyə verilib. Hazırda Sumqayıt, Şəki, Şirvan, Xaçmaz, Lənkəran regional bərpa mərkəzlərində, Şağan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatında, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzində, Göygöl və Şamaxı psixonevroloji sosial xidmət müəssisələrində əsaslı təmir və yenidənqurma işləri davam edir. Qobustan Sosial Adaptasiya Mərkəzi və Gəncə Peşə Tədris Mərkəzi də yaxın vaxtlarda istifadəyə veriləcək".
Prezidentin ayırdığı 20 milyon manat bir sıra sosial təyinatlı obyektlərin layihələndirilməsi, tikintisi, əsaslı təmiri, bərpa yolu ilə gücləndirilməsi və avadanlıqla təchizatına sərf olunacaq: “Sərəncam üç istiqaməti - tikintisi nəzərdə tutulan sosial təyinatlı obyektlərin layihələndirilməsini, onların tikintisini, sosial təyinatlı obyektlərdə əsaslı təmir və yenidənqurmanı, bu müəssisələrdə bərpa yolu ilə gücləndirməni və avadanlıqla təchizat işlərinin aparılmasını nəzərdə tutur. Nəticə etibarilə sənəd müasir tələblərə uyğun yeni sosial xidmət və reabilitasiya müəssisələrinin istifadəyə verilməsinə, bu sahə üzrə infrastrukturun genişlənməsinə, ayrı-ayrı bölgələrdə də yeni bərpa mərkəzlərinin tikintisinə təminat verir”.
