Qulu Məhərrəmli: “Bu məsələdə yarışa girmək, kitabın həcmini şişirtmək, qondarma sözlərin hesabına lüğəti artırmaq, möhtəşəm göstərmək yanlış yanaşmadır”
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin yeni variantı çap ediləcək və bu ilin sonuna kimi işıq üzü görməsi nəzərdə tutulub. Bu barədə AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib. Onun sözlərinə görə, lüğətdən lüzumsuz, qondarma sözlər, çətin anlaşılan ərəb və fars sözləri çıxarılıb:
“Güman edirəm ki, lüğət ilin sonuna qədər çapdan çıxacaq. Əvvəl lüğətdə 110 min söz var idi, indi isə 97 mindir. Müəyyən sözlər çıxarılıb, müəyyən sözlər də əlavə olunub”.
M.Nağısoylu yeni orfoqrafiya lüğətinin son versiyasına 2013-cü ildən sonra – son 6 il ərzində dilimizə daxil olan və əvvəlki lüğətdə unudulan 4000-ə yaxın sözün daxil edildiyini deyib
"Köhnə lüğətdə yaddan çıxarılan sözlər yeni lüğətə daxil edilib. Məsələn, hazırkı lüğətdə “ucadan” sözü var, amma "uca" sözü yox idi. Lüğətə daxil edilən sözlərin əksəriyyəti yeni yaranan sözlərdir. Məsələn, yutub, onlayn, instaqram, multikulturalizm, tolerantlıq, qloballaşma, bloger, skaut kimi sözlər hazırkı lüğətdə yoxdur, ona görə də bu sözlər yeni lüğətə daxil ediləcək”.
Dilçilik İnstitunun Tətbiqi dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli də yeni lüğətə daxil edilən bəzi sözləri açıqlayıb. Bu sözlər - pide, pilates, pilinq, depilyasiya, deport, demontaj, dermatokosmetologiya, devalvasiya, üzən məzənnə, dezinfyasiya, dezodorant-antiperspirant, DVD, DVD-R, dubl, dönər, popler, dopinq, e-dərslik, Ebola, ekonomiks, ekoturizm, eks-divident, gel-korrektor, gey, geyparad, gel-skrab-maska, fləş, fləş-kart, smaylik, smart-TV, selfi, sendviç, sellülit, seksizm, summativ, vay-fay, administrasiya, administrator, boulinq, breket, realiti-şou, realizə, mozaik, mozaiklik, motivasiya, İŞİD, dolğu, dollarlaşma, domen, institutsional, istəblişment (hakimiyyət dairəsi, siyasi elita), submədəniyyət, makdonalds, magistr, magistratura, geyşa (incəsənət adamı), ekonom-sinif, e-diplomatiya və s. kimi sözlərdir.
Qeyd edək ki, yeni çap olunacaq orfoqrafik lüğətlə bağlı müzakirələr yaranıb. Bəziləri lüğətdən 10 mindən çox sözün çıxarılmasının dilimizdə kasadlıq yaradacağını bildirib, bəziləri isə ərəb-fars sözlərin böyük əksəriyyətinin dilimizdən kənarlaşdırılmasının tərəfdarı olduğunu deyib.

Mövzu ilə bağlı əməkdar jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli musavat.com-a danışıb. O, bütün hallarda yeni orfoqrafiya lüğətinin çap edilməsinin təqdirə layiq olduğunu və məmnunluq doğurduğunu deyib:
“Amma tutaq ki, sözlərin sayı 110 mindən 97 minə endirilib, düşünürəm ki, bunu bir qədər də azaltmaq olardı. Çünki dilin bazasındakı sözlərin sayı dilin çox yüksək statusa malik olması və yaxud gözəl dil olması anlamına gəlmir. Orfoqrafiya lüğətinin məqsədi o deyil ki, dilin bazasında nə qədər söz varsa lüğətə cəlb edilsin, məqsəd sözlərin düzgün yazılışı və orfoqrafiya qaydalarını tərtib etməkdir.
Sonuncu orfoqrafiya lüğətində həddindən artıq süni, qondarma, düzəltmə sözlər cəlb edilmişdi və bu da lüğətin həcmini süni şəkildə şişirtmişdi. Çox gözəl ki, artıq həmin sözlər çıxardılıb.
Biri var dilin ümumi korpusu, biri də var dildə işlək olan, o cümlədən jurnalistin, müəllimin gündəlik olaraq işlətdiyi sözlərin yazılışı ilə bağlı situasiya. Məsələn, tez-tez düşünürük ki, “niskil”, yoxsa “nisgil” yazaq. Bu cür hallarda orfoqrafiya lüğətinin məqsədi odur ki, söz kökünün doğru-dürüst yazılışını təqdim etsin. Yəni, orfoqrafiya lüğəti bundan ötrüdür. Bu baxımdan bu məsələdə yarışa girmək, kitabın həcmini şişirtmək, qondarma sözlərin hesabına lüğəti artırmaq, möhtəşəm göstərmək yanlış yanaşmadır. Hesab edirəm ki, Dilçilik İnstitutu bunun üzərində işləyir.
Xatırladım ki, Azərbaycan Tərcümə Mərkəzi də vaxtilə orfoqrafiya lüğəti tərtib etmişdi və kifayət qədər uğurlu alınmışdı. Çünki ondan əvvəlki kitablardan fərqli olaraq, həmin lüğətdə yalançı, qondarma, saxta, süni şəkildə olan sözlərin hamısı təmizlənmişdi və işlək sözlər saxlanılmışdı ki, bu da dil daşıyıcılarının karına çox gəlirdi. Ona görə də bütün hallarda dilin orfoqrafiya lüğəti qanunda göstərildiyi kimi 5 ildən bir yenilənməlidir, çünki texnologiya, siyasi proseslər, həyat dilə hər zaman yeni sözlər gətirir. Necə ki, bədəndə olan hüceyrələr yaşayıb, sonradan sıradan çıxdığı kimi, dildə də bu cür proses gedir”.
Qulu Məhərrəmli əksər ərəb-fars sözlərindən imtina edilməsi məsələsinə də toxunub: “Tamamilə yanlış yanaşmadır. Ədəbi ənənələrə uyğun olaraq və yaxud ölkənin yaşadığı tarixi, ictimai, siyasi proseslərlə bağlı dilə yeni sözlər əlavə olunur. Şərqin müəyyən nöqtəsində yerləşən Azərbaycan və onun daşıdığı dil ərəb-fars dili ilə təmasda olub və oradan xeyli söz götürüb. Bu gün o sözlərin əksəriyyəti Azərbaycanın öz sözü kimi rahat şəkildə işlədilir. Amma elə sözlər də var ki, onlar işlədilmir və tədricəsən sıradan çıxır. Xüsusən klassik ədəbiyyatda, qəzəl janrında, divanlarda bir çox sözlər işlədilirdi ki, artıq onlar dilimizdə işlədilmir. Onlar əslində dildən çıxmır, dilin yaddaşına hopur. Bu səbəbdən bizdə ərəb-fars dili lüğəti var.
İndi də ərəb-fars dilindən bizə sözlər gəlir. Lakin onların sayı ingilis, alman və digər Avropa dillərindən gələn sözlərin sayından xeyli azdır. Lakin bütün hallarda fikri, tendensiyanı, predmeti, prosesi ifadə edən yeni sözlər hansı dildən gəlməsindən aslı olmayaraq dilin məhsuluna çevrilir, onun orfoqrafiyasında yer tutur və işlədilir. Buna görə də istənilən, o cümlədən ərəb-fars dilindən gələn alınan sözlərə düşməncəsinə yanaşmağa ehtiyac yoxdur.
Qeyd edim ki, dilində özündə həmin sözlərə sinonim olan sözlər var. Üzeyir Hacıbəyli bildirirdi ki, “Bir fikri ifadə etmək üçün alınma sözlərdən də, dilin öz sözündən də istifadə etmək olar. Onların hansı mənanı daha dolğun və dərin ifadə edirsə, onu işlətmək lazımdır”.
