|
Elmira Axundova: “Məncə YAP-ın təşəbbüsü məntiqli və başadüşüləndir”

“Biz bu gün Yeni Azərbaycan Partiyasının parlamentin vaxtından əvvəl buraxılması haqqındakı təşəbbüsünü müzakirə edirik. Prinsip etibarı ilə mən bu qərara qarşı deyiləm. Çünki doğrudan da kadr islahatları və obyektiv səbəblər nəticəsində parlament üzvlərinin sayı xeyli azalıb. Mərkəzi Seçki Komissiyası boş qalan yerlərə əlavə seçki keçirməli idi, ya da ümumiyyətlə yeni seçkilər haqqında düşünməli idi. Ona görə məncə YAP-ın təşəbbüsü məntiqli və başadüşüləndir”.

Deputat Elmira Axundova bu fikirləri Milli Məclisdə müzakirələr zamanı söyləyib. O, bildirib ki, bəzi KİV-lər, həmçinin sosial şəbəkə istifadəçiləri bu qərarı sensasion bir qərar kimi qiymətləndirərək onun ətrafında dərhal qeyri-sağlam manipulyasiya etməyə başlayıblar.

Deputat daha sonra narazılığını aşağıdakı kimi ifadə edib: “Yazıblar ki, parlament buraxıldı. Halbuki indiki parlament yeni seçkilər keçirilənədək və təzə parlamentin tərkibi formalaşana qədər öz funksiyalarını yerinə yetirəcək. Bunu camaat bilməlidir. Məncə, bu, dözülməzdir və ölkənin əsas və yeganə qanunvericilik orqanına açıq hörmətsizlikdir. Nəinki Milli Məclisə, eyni zamanda bizə səs verən milyonlarla seçicilərimizə hörmətsizlikdir. Biz özümüz hərdən parlamentin fəaliyyətindən narazı olmuşuq. Biz də onu daha müstəqil, daha çevik, daha prinsipial görmək istərdik. Lakin demək ki, bu parlament Prezidentə mane olur və onun siyasətinə qarşı çıxırdı, bu, reallığa tamamilə zidd bir şeydir. Biz Prezidentin bütün təşəbbüslərinə, qərarlarına, Milli Məclisə göndərilən qanun layihələrinə həmişə böyük loyallıq və hörmətlə yanaşırıq. Və cənab Prezident parlamentin 100 illiyində nitqlə çıxış edərkən bizim fəaliyyətimizi yüksək qiymətləndirmişdir. O cümlədən bu və ya digər mütərəqqi addımları ataraq cənab Prezident məhz deputatların çıxışlarına, təşəbbüslərinə istinad edirdi. Ona görə şəxsən mən parlamentə qarşı başlanan bu kompaniyanı pisləyirəm və hesab edirəm ki, parlamentin gördüyü çoxşaxəli işlər gözardı edilməməli və KİV-lər bu mənada yenə də cənab Prezidentin istefaya gedən yüksək çinli məmurlarla olan davranışlarını nümunə götürməlidirlər. Yəni bizdə hakimiyyətdən sivil qaydada, hörmətlə getmək ənənəsi artıq formalaşır. Məsələn, mənim çox xoşuma gəldi ki, BDU-nun 100 illiyində cənab Prezident öz xatirə şəkilini məhz keçmiş rektor, 17 il bu vəzifədə işləmiş hörmətli Abel Məhərrəmov və indiki rektor Elçin Babayevlə çəkdirib. Bu, bütün cəmiyyətə əslində bir mesaj idi. Milli Məclisə, onun üzvlərinə də, indiki və keçmiş tərkibə də eyni hörmətlə yanaşılmalıdır. Necə ki, Türkiyədə yanaşırlar, onlarda ümumiyyətlə “eks” sözü leksikonda yoxdur. Onlar nə vaxtsa parlamentdə təmsil olunmuş insanlara yenə də həmin hörmətlə “sayın millət vəkili” deyərək müraciət edirlər”.

E.Axundova sonda öz xahişini də çatdırıb: “Əlbəttə ki, bu parlament yenilənəcək və bu zaman yeni tərkibdə təmsil olunmayan  deputatlar olacaq. Onların diplomatik pasportları və diplomatik statusları saxlanılsın. Çünki bu insanlar akademik, professor, ictimai xadim və  digər yüksək statuslu şəxslər olaraq beynəlxalq konfrans və tədbirlərdə ölkəmizin milli maraqlarını müdafiə etmək məqsədi ilə yenə də tez-tez xaricə səfər edəcəklər. Ona görə diplomatik pasporta ehtiyacları olacaq. Xahiş edirəm, bunu mütləq həyata keçirəsiniz”.