Ermənistana və Qarabağa gedən azərbaycanlı jurnalistlərdən biri, «Trend» agentliyinin baş redaktoru Elçin Vəliyev təəssüratlarını yazıb.
Onun sözlərinə görə, Gürcüstan sərhədindən İrəvana qədər gedən yolda boş və dağınıq vəziyyətdə olan yaşayış məntəqələri mövcuddur.
“Demoqrafiya və yoxsulluq açıq gözlə hiss olunur. Ölkənin xaricə yeganə çıxışı olan strateji yol texniki cəhətdən aşağı səviyyədədir. Yol boyu canlı həyat hiss olunmur. Paytaxtda münaqişə ilə əlaqədar etinasızlıq və maraq azlığı hiss olundu. Bakıya gələn jurnalistlər kimi erməni QHT nümayəndələri və jurnalistlər də stereotiplərlə yaşayırlar. Münaqişəni daha çox pul qazanmağa çevirmək cəhdləri hiss etdim”, - deyə qeyd edib.
Jurnalist yazıb ki, Ermənistan cəmiyyətində ölkənin üzləşdiyi strateji çətinlikləri, ölkənin iqtisadi inkişafının perspektivsizliyini görür və dərk edirlər, amma onu etiraf etməkdə çətinlik çəkirlər: “Çünki ciddi kompleksləri var. Onlar təklikdə söhbət edəndə bunu etiraf edirdilər. İrəvanda nələrinsə tikilmədiyini demək çətindir.
Amma bu dövlət siyasəti deyil, diasporadan olan fərdi erməni milyonerlərin ianəsi hesabına tikilir. Ermənistanda elə bir ailə yoxdur ki, xaricdən ianə almasın".
E.Vəliyev müşahidə edib ki, işğal olunmuş ərazilərdə demoqrafik problem daha aydın görünür: “Yol boyu boşluqdur. Şuşa şəhərində canlı həyatdan danışmaq çətindir. Qarabağ mənə Hollivud filmlərində olan cansız bir məkanı xatırlatdı. Xankəndində şou məqsədilə qeyri-rentabelli iaşə müəssisələri tikilib. Bu da daha çox təbliğatdır, nəinki real iqtisadiyyat. Həm Ermənistanda, həm də Qarabağda ciddi müharibə xofu var.

Şuşadakı «Gövhərağa» məscidi İran üslubunda təmir olunub. İran şirkətlərinin bu layihədə iştirakı danılmazdır.
Qarabağdan olan ermənilər görüşə qorxu halında gəlmişdilər. Onlara xüsusi xidmət orqanları ciddi xəbərdarlıq etmişdi".

Elxan Şahinoğlu: “Mənə elə gəldi ki, Azərbaycan ATƏT-ə xala xətrin razılıq verib, jurnalistlər də getməyə könülsüz razılaşıblar”
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, bu səfərlərin əleyhinə deyil: “Mən 90-cı illərdə Ermənistanda iki dəfə olmuşam, Köçəryan və Sərkisyandan müsahibələr eləmişəm, ayrı-ayrı ölkələrdə ermənilərlə görüşüb fikir bildirmişəm. Bu, mənə peşəkar jurnalist və ekspert kimi lazımıydı. Amma fikirləşmirdik ki, belə səfərlər münaqişənin həllini sürətləndirəcək. Sadəcə, dialoqdur.
Amma indi Paşinyan hər yerdə deyir ki, Azərbaycana Qarabağ əhalisi yox, ərazisi lazımdır. Bu, kökündən yanlışdır. Biz birgə yaşamağa hazırıq. Lakin münaqişənin həllinə jurnalistlər deyil, siyasətçilər qərar verir. İlk növbədə iki girov azad edilməli, Dağlıq Qarabağ ətrafındakı ərazilər boşaldılmalıdır ki, biz qarşılıqlı səfərlərdən, “xalq diplomatiyası”ndan danışaq.
Çünki 25 ildir səfərlər var, hansı nəticəsi olub? Bakıya gələn erməni jurnalist öz yazısında fikrində qalıb. Onda səfərin mənası nə oldu? Onun yazısında Azərbaycandakı inkişafdan bir cümlə görmədim. Onları ASAN Xidmətə aparıblar, bir cümlə belə yazmayıb. Bunun da bir səbəbi ideoloji savaşın getməsidir".
E.Şahinoğlu bu səfərin onda hansı təəssurat yaratdığını açıqladı: “Mənə elə gəldi ki, Azərbaycan ATƏT-ə xala xətrin razılıq verilib, jurnalistlər də Ermənistana və Qarabağa getməyə könülsüz razılaşıblar. Hətta səfər son ana qədər gizli saxlanırdı. Xarici İşlər Nazirliyinin mətbuat xidməti də təsdiqləmirdi. Sonra məlum oldu ki, mətbuat katibi erməni jurnalistlərlə görüşüb. Görünür, söz verilib deyə səfəri reallaşdırmaq lazımıydı. Əgər bu səfər sirr saxlanırdısa, nə mənası oldu? Bir daha deyirəm ki, dialoqun davam etməsi lazımdır. Biz kiməsə nəyi necə yazmağı məsləhət də görə bilmərik, istəsə səfərdən qayıdıb yazmaya da bilər. Ancaq elə o cür yazını burada oturub yazarsan, getməyə ehtiyac qalmaz.
Halbuki 90-cı illərdə bizim səfərlər ajiotaj doğurmurdu, normal qarşılanırdı. Bəlkə də ümid olunurdu ki, bu səfərlər münaqişənin həlli istiqamətində müsbət təsir göstərər. Sonra göründü ki, radikallıq artıb, mövqe dəyişməyib. Ona görə indi bəzilərinə qəribə gəlir ki, necə olur jurnalistlər Ermənistana və Azərbaycana səfər edirlər".
Azərbaycanın Rusiyada səfiri olmuş politoloq Hikmət Hacızadənin qəzetimizə bildirdiyinə görə, hər iki tərəf sülh yolu ilə getmək istəsə, onda bu cür səfərlər lazımdır.

Hikmət Hacızadə: “Bilsəm ki, bu səfər münaqişənin həllinə xeyir verəcək, erməninin marağına işləməyəcək, onda gedərəm”
H.Hacızadə bütün sülh planlarında belə punktlar olduğunu söylədi: “Sülh planlarında etibarlılığın artırılması, icmaların görüşü, publik fiqurların müzakirəsi, bir-birinə uyğunlaşması var. Məni də, hamını da bu məsələlər qıcıqlandırır, amma reallıqdır. Çünki gedib-gəlməklə iş qurtarmır. O vaxt Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli də getmişdilər. Ona görə də sülh yolunda tərpəniş yaransa, belə görüşlər xoşumuza gəlməsə belə təşkil ediləcək. Artıq deputatların da qarışılıqlı səfəri gözlənilir. Bütün bunlar xalqları barışdırmaq prosesinin tərkib hissəsidir”. Siyasi şərhçi azərbaycanlılarla ermənilərin barışmasını mümkün sayır: “Almanlarla fransızlar barışdılar, ruslar almanlarla barışdılar. Düzdür, bizə pis təsir edir, amma sülh yolu ilə gediriksə, buna dözməliyik, bəlkə bir yol tapıldı...”
Ekspertin sözlərinə görə, dünya iki ölkənin müharibəsini istəmir: “Azərbaycan ictimaiyyətinin böyük hissəsi onları silahla yerində oturtmaq fikrindədir. Ona da Rusiya və Qərb icazə vermir”.
H.Hacızadə ona təklif gələrsə, Qarabağa və Ermənistana bir halda getməyə razılıq verər: “Gərək biləm ki, bu səfər münaqişənin həllinə xeyir verəcək, erməninin marağına işləməyəcək, onda gedərəm. Əgər bilsəm ki, boş söhbətdir, getmərəm”.
Qeyd edək ki, Ermənistan və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərlərindən sonra iki ölkənin deputatlarının da qarşılıqlı səfərləri müzakirə edilir. Bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, artıq bununla bağlı ilkin müzakirələr aparılıb.
Bakının artıq Çiçəklənən Ermənistan Partiyasından olan deputat Naira Zöhrabyanın ölkəyə gəlişinə veto qoyduğunu və bunun Zöhrabyanın Azərbaycanın ünvanına səsləndirdiyi ifadələrlə bağlı olduğu da bildirilib.
Zöhrabyan özü isə Ermənistan XİN-in müzakirələr zamanı bu şərti qəbul etməyəcəyinə ümid etdiyini söyləyib.
