|
Dövlət orqanı özünü öldürən MTN polkovnikindən pul tələb edir

Əmanətlərin Sığortalanması Fondu həbsdə intihar etdiyi bildirilən keçmiş MTN polkovniki, nazirliyin Antiterror İdarəsinin rəis müavini olmuş İlqar Əliyevi məhkəməyə verib. Fond iddia edir ki, İ.Əliyevin “Texnikabank”a ödənilməmiş borcu var. Bu haqda azadlıq.org saytı məlumat yayıb. İddia ərizəsində tələb olunan məbləğin 5 min 626 manat olduğu göstərilir. Bunun 3 min 137 manatı əsas borc, 2 min 62 manatı faiz, 427 manatı cərimədir. “Texnikabank”ın lisenziyası ləğv olunduğuna görə bu bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur.

Bu qurum bankdakı əmanətlərin qaytarılması, kredit borclarının toplanması ilə  məşğul olur. Nəsimi Rayon Məhkəməsi İlqar Əliyevin 4 il əvvəl vəfat etdiyini əsas gətirərək, göstərilən məbləğin ondan tutulması barədə iddianı icraata götürməyib. Qərarda da göstərilib ki, ölmüş şəxsin mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti olmadığına görə ona qarşı iddia irəli sürülə, belə iddialara baxıla bilməz. Məhkəmə iş üzrə icraata xitam verib. Əmanətlərin Sığortalanması Fondu isə bu qərarla razılaşmır. Fondun nümayəndələri hesab edir ki, məhkəmə icraata xitam verməməli, İ.Əliyevin hüquqi varislərini müəyyən etməlidir. O vaxta qədər isə icraat müvəqqəti dayandırıla bilər. Fond qərardan apelyasiya şikayəti verib, lakin nəticə dəyişməyib. İş Ali Məhkəməyə gəlib çıxıb. Ali Məhkəmə də bugünlərdə qəbul etdiyi qərarla Əmanətlərin Sığortalanması Fonduna tövsiyə edib ki, İlqar Əliyevdən miras qalmış əmlakı qəbul edən vərəsəni (vərəsələri) müəyyənləşdirsin, ona qarşı iddia qaldırsın. Məhkəmə iclaslarında iştirak üçün İlqar Əliyevin yaxınlarına da bildiriş göndərilib. Amma onlar iclasda iştirak etməyiblər.

İlqar Əliyevin qardaşı İsmayıl Əliyev “Yeni Müsavat”a deyib ki, məhkəmədəki borc iddialarından xəbərsizdirlər. Qardaşının bankdan borc alması ilə bağlı onda heç bir məlumat olmayıb. İsmayıl Əliyev məhkəmədən hər hansı bildiriş almadıqlarını deyib.

Qeyd edək ki, İ.Əliyev 2015-ci ilin oktyabrında MTN-in 20-dən artıq vəzifəlisinin həbsi ilə nəticələnən əməliyyat zamanı saxlanılıb. Həbsindən iki ay sonra, 2015-ci il dekabrın 20-də Bakı İstintaq Təcridxanasındakı kamerasında asılı vəziyyətdə aşkar olunub. Həmin vaxt BİT-də saxlanılan MTN-in generalı Akif Çovdarov vəkili vasitəsilə ictimaiyyətə İlqar Əliyevin döyülməklə öldürülərək asıldığı haqda məlumat verib.