Sabiq polis rəisi “keçirilmiş əməliyyat-axtarış tədbiri böyük bir müvəffəqiyyət”dir deyir...
Azərbaycan və Rusiyanın daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, cari il noyabrın 18-dən 23-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində “Sərhəd” şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində birgə kompleks təşkilati-praktiki tədbirlərin, həmçinin sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icrasının yerinə yetirilməsi olub. Rusiya Federasiyası Dağıstan Respublikasının sərhədyanı bölgələrini və ölkəmizin Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax və Oğuz rayonlarını əhatə edən tədbirlər nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilmiş 69 nəfər, o cümlədən müxtəlif cinayətlər törətdiklərinə görə 25 şəxs (onlardan 22-si RF üzrə), dövlətə borclu qismində axtarılan 44 nəfər saxlanılıb, həmçinin, itkin düşmüş 8 nəfər tapılaraq ailələrinə təqdim edilib. Qanunsuz saxlanılan ümumilikdə 117 silah, o cümlədən 9 avtomat silahı, 2 qumbaraatan, 8 tapança, 98 tüfəng, 44 qumbara, 35 ədəd silah sandıqçası, 18 ədəd səs qumbarası, şaşka və bıçaq, 9 ədəd bıçaq və beşbarmaq, 10 minə yaxın müxtəlif çaplı patron götürülüb. Ümumən insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin hər iki dövlətin milli maraqlarına, qanunçuluq prinsiplərinə ciddi riayət olunmaqla gerçəkləşdirilən belə birgə kompleks əməliyyat-axtarış tədbirlərinin gələcəkdə də keçirilməsi planlaşdırılır.

Ehtiyatda olan polis polkovniki Mahmud Hacıyev “Yeni Müsavat”a açıqlamasında deyib ki, keçirilmiş əməliyyat-axtarış tədbirini böyük bir müvəffəqiyyət adlandırıb: “Daxili işlər nazirliklərinin keçirdikləri əməliyyatın nəticəsi təqdirəlayiqdir. Odlu silahların, sursatın əhalidən yığılması və sənədləşdirilməsi olduqca çətin prosesdir. Sovet qoşunları 1992-ci ildə Azərbaycandan gedəndə, daha sonra Qarabağ müharibəsi dönəmində vətəndaşların əllərində çoxsaylı silahlar toplanıb. Rusiya ərazisində də sovet qoşunlarından qalma və əhalinin əlinə keçmiş silahlar var. Həmin qoşunlar Azərbaycandan çıxanda faktiki olaraq silah-sursatı dövlətə təhvil vermədən atıb getdilər. Hüquq-mühafizə orqanları müəyyən tədbirlər həyata keçirərək silahların bir hissəsini yığdı. Ancaq hamısını yığmaq mümkün olmadı. Bu gün də keçirilən əməliyyatlar zamanı ələ keçən silahların əksəriyyəti həmin dövrdən əllərdə qalan silah-sursatlardır. Əvvəllər də demişəm, xatirladıram ki, əllərdə silah olmasına baxmayaraq Azərbaycanda odlu silahın ”qara bazarı" yoxdur".
Sabiq polis rəisi silahların əhalinin əlinə keçməsinin bir səbəbinin də müharibə olduğunu bildirdi: “Ermənistanla müharibə şəraitində olmağımız sərhəd bölgələrində yerləşən rayonlarımızın əhalisinin silahlanmasına səbəb olmuşdu. O dövrlər Müdafiə Nazirliyi yox idi, müstəqil özünümüdafiə batalyonları vardı. İnsanlar özlərini müdafiə etmək üçün ən müxtəlif ünvanlardan silahlar əldə etmişdilər. Atəşkəs əldə ediləndən sonra həmin rayonların sakinləri Bakı şəhərinə və digər rayonlara köç etdilər. Aydın məsələdir ki, sərhəd bölgəsindən ölkənin içərilərinə gələn əhali özü ilə silahlarını da gətirib. Zaman-zaman, son 25 ildə vətəndaşlardan xeyli silah-sursat götürülüb. Əksər insanlar da baxır ki, silah ona lazım deyil. Ötən dövrdə silahları könüllü surətdə təhvil verənlər də olub. Həmin silahlarla cinayət törədənlər də olub. Odlu silah belə bir şeydir ki, uzun müddət bir ailədə, bir əldə qalanda, yazılmamış qanundur, mütləq qaydada, haradasa, kiməsə qarşı istifadə edilməli, açılmalıdır. Tarixən belədir. Elə silah sahibləri də var ki, könüllü surətdə silahları təhvil verməkdən çəkinir, silahı harasa tullayır. Elə şəxslər var ki, silahı tullayır və anonim zəng etməklə silahın yerini hüquq-mühafizə orqanlarına deyir. Və yaxud silahı tullayıb bu haqda məlumat verməyənlər də var. Belə silahları da sahə müvəkkilləri, əməliyyatçılar aşkarlayıb rəsmiləşdirirlər”.
