|
Eldar Mahmudovun əmisi oğlu azadlığa çıxdı

Sabiq MTN nazirinin əmisi oğlu hakim qarşısında çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmənin iclası keçirilib. Məhkəmə iclası hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutub.

Prosesdə hökm oxunub. Hökmə əsasən V.Mahmduov 2 il müddətinə azadlıqdan məhrum edilib. İki ildir həbsdə olan Mahmudovun cəzası istintaqda olduğu müddətdən hesablanıb və cəzası başa çatdığı üçün azadlığa buraxılıb.

İş üzrə mülki iddiaçı Dövlət Təhlükəsizliyi Xidməti, zərərçəkmişlər "Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədov, hazırda həbsdə olan iş adamları Zaur Əzimov və Sahib Qurbanovdur.

Qeyd edək ki, V.Mahmudov ötən il noyabr ayında həbs edilib. Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş var. Bildirək ki, bu iş üzrə zərərçəkənlərin bir çoxu "MTN generallarının işi"ndə adı keçənlərdir. Akif Çovdarov və digər MTN zabitlərinin işində bu epizodlar araşdırılıb.

Lakin Vüqar Mahmudovun da bu işdə adı keçdiyindən onun barəsində də cinayət işi açılaraq ayrıca icraata verilmişdi. V.Mahmudov zərərçəkənlərdən hədə-qorxu ilə pul tələb etmədə ittiham edilir.