|
Almaniya səfiri “Azərkimya”ya getdi

Bu gün “Azərikimya” İstehsalat Birliyində Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maninqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

SOCAR İctimaiyyətlə əlaqələr xidmətindən Musavat.com-a verilən məlumata görə, görüş zamanı “Azərikimya” İB-nin baş direktoru İmran Arzumanzadə birliyə məxsus Etilen-polietilen zavodunda həyata keçirilən yenidənqurma layihəsi barədə məlumart verib. Bildirib ki, Etilen-polietilen zavodunda SOCAR-ın Almaniyanın UNİPER şirkəti ilə təsis etdiyi birgə müəssisəsi hazırda yeni Buxar Turbogenerator qurğusunu inşa edir.

Layihənin məqsədi Etilen-Polietilen zavodunun Buxar Generator Kompleksinin movcud 32 Mvt.saat (faktiki 13 Mvt.saat) layihə gücünün 65 Mvt.saat layihə gücünə çatdıraraq, təxminən 5 dəfə artırmaqdır. Bunun üçün əlavə turbogenerator quraşdırılacaq və mövcud texnoloji sistem təkmilləşdiriləcək.

Gələn il layihə başa çatdıqdan sonra yeni Buxar Generator Kompleksi 65 mvt.saat gücündə çalışacaq ki, bu da “Azərikimya” İB-nin elektrik enerjisinə olan tələbatını tam ödəyəcək və Sumqayıt Elektrik Şəbəkəsindən əlavə enerji götürməyə ehtiyac qalmayacaq. Üstəlik, izafi qalan 35 mvt.saat elektrik enerjisi şəbəkə vasitəsilə SOCAR-ın digər müəssisələrinə və eləcə də Sumqayıt şəhərinin digər elektrik enerjisi təlabatçılarına ötürülə bilər.