|
Azərbaycanı şimaldan cənuba qədər bürüyən İran sobaları

Dəm qazından zəhərləsə də bazarda bu sobaların alıcısı çox, çeşidi isə boldur; Ekspertlər onu da bildirirlər ki, Azərbaycanda dəm qazından zəhərlənmələri azaltmaq üçün qaz və işıq limitləri də ləğv edilməlidir

Bakıda havaların soyuması ilə yenə də hər il olduğu kimi, “dəm qazı terroru” can almaqda davam edir. Son bir həftənin statistikasına nəzər saldıqda aparılan təbliğatlara rəğmən yenə də xeyli sayda insanın qazla düzgün davranmayıb zəhərlənmələrinin şahidi oluruq.  Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsindən məlumat verilib ki, bu il ərzində mavi yanacaqdan zəhərlənənlərin sayı 140-dan çox olub.

Son bir neçə gün ərzində mətbuatda gedən dəm qazından zəhərlənmə xəbərlərinə nəzər salaq. Belə ki, noyabrın 26-da 6 nəfər tələbə dəm qazından zəhərlənib. Onlara Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində lazımi tibbi yardım göstərildikdən sonra xəstələr ambulator müalicəyə buraxılıblar.

Noyabrın 26-da dəm qazından zəhərlənən 2007-ci il təvəllüdlü Fidan İsmayılova dünyasını dəyişib. O, dəm qazından evin hamam otağında zəhərlənib.

Noyabrın 25-də Gəncədə 30 yaşlı Şəfəq İsayeva dəm qazından zəhərlənərək dünyasını dəyişib. Şəfəq İsayeva da vanna otağında zəhərlənib.

Noyabrın 24-də  Bakıda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, 30-da baş verib.

Məlumata görə, dəm qazından boğulma barədə çağırış Təcili Yardım Xidmətinə saat 00:34-də daxil olub. Həmin ünvandan 29 yaşlı qadın, 5 yaşlı 2 uşaq (oğlan və qız) dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər. Lazımi tibbi yardım göstərildikdən sonra xəstələr ambulator müalicəyə buraxılıblar.

Noyabrın 24-də isə Salyanda iki ailədən olmaqla 10 nəfər dəm qazından zəhərlənib. Xoşbəxtlikdən onlar arasında dünyasını dəyişən olmayıb...

Ekspertlər bildirirlər ki, insanların əksəriyyəti Bakı ərazisində hamam otağında, kənar yerlərdə isə yataq otağında zəhərlənirlər. Yataq və ya qonaq otağında zəhərlənənlərin əksəriyyəti isə “İran peçləri” kimi tanınan sobalardan zəhərlənirlər. Hamam otağının ölçüsü və digər bu kimi məsələlərlə bağlı Yeni Müsavat" olaraq xeyli maarifləndirici məlumatlar çap etmişik. Ona görə də bu barədə detallara varmırıq. Bəs İran sobalarından nə üçün zəhərlənirik? Bu sobalara marağın səbəbi nədir?

“Yeni Müsavat”ın əməkdaşı olaraq İran sobalarının satıldığı mağazalarda olduğumuz zaman müşahidə etdik ki, sobalara kifayət qədər tələbat var. Hətta sobanı almağa gələnlər evlərinin dizaynını da düşünüb, ona uyğun seçimlərini edirdilər. Bazarda isə keyfiyyəti eyni olsa da müxtəlif görünüşlü, rəngli İran sobaları satılır.  Qiymətlər də müxtəlifdir. Ancaq bazarda 150 manatdan ucuz İran sobası tapmaq da çətin məsələdir. Ümumilikdə qiymətlər 150-250 manat arasında dəyişir. Satıcılar təbii olaraq bildirirlər ki, bu sobalarda heç bir günah yoxdur. Günah bu sobaları işlədənlərdədir.

Satıcı Ağamusa Kərimov bildirdi ki, sobaları İranda da xeyli sayda insan işlədir. Ancaq orada zəhərlənən yoxdur:

“Deməli, günah bizim özümüzdədir. Ya qaz zəif olur, ya da insanlar sobanı düzgün qoşmurlar. Ona görə də zəhərlənmə halları yaşanır. Bu gün sərhəd rayonlarında, sərhədə yaxın ərazilərdə İran sobaları satan mağazalar var. Bu yaxınlarda Astarada da belə bir mağaza açıldı ki, orada ancaq İran sobaları satılır. Yəni Azərbaycanın şimalından cənubuna qədər hər yerdə bu sobaların satışına rast gəlmək olur. Necə olur ki, hamı birdən zəhərlənmir?” - deyə satıcı bildirdi.

Nüsrət Qasımov ile ilgili görsel sonucu

Lakin “Yeni Müsavat”a danışan ekspert Nüsrət Qasımov fərqli məqamları vurğuladı. Ekspert söylədi ki, bu sobaları istehsal edən zavod Azərbaycanda qazın hansı formada verilməsini nəzərə almır:

“Orada qazın yanması üçün normal təzyiq 178 millimetrdir. Amma bizim şəbəkədə o qədər təzyiq yoxdur. Bizdə optimal təzyiq 130 millimetr götürülür. Ona görə də Azərbaycanda bu sobaları alanlar evlərini qızdıra bilmirlər. Bu səbəbdən də usta çağırırlar. Ustanın da qazdan anlayışı olmadığı üçün sobanın yanma yerində qazın çıxması üçün nəzərdə tutulan dəlikləri böyüdür. Nəticədə isə yanma prosesi pozulur, karbon 4 oksid əvəzinə, karbon 2 oksid ayrılır. Bununla da sobanın yandığı otaqda olanlar özləri də hiss etmədən zəhərlənirlər. Əslində İran sobası konstruksiya baxımından təhlükəli deyil. Sadəcə olaraq bizim şəraitə uyğun deyil və insanlarımız da müdaxilə edib, onu kustar üsulla düzəldirlər. Qaz cihazlarına isə müdaxilənin sonu faciə ilə nəticələnir. İran sobalarını Azərbaycana gətirən şirkət zavoda gedib deməlidir ki, bizdə təzyiq aşağıdır. Azərbaycana ixrac edilən sobalar bizə uyğun istehsal edilməlidir”.

Azərbaycanda adətən insanlar xeyli xərc qoyub ev tiksələr də kombi sistemini qurdurmurlar. Bəs təhlükəsiz sayılan kombi sistemindən niyə qaçırıq?

Bazarda kombilərin də qiyməti ilə maraqlandıq. Öyrəndik ki, radiatorlarının sayından, evin ölçüsündən asılı olaraq bu sistemi qurdurmaq 1500-2500 manat arasında dəyişən qiymətlərlə mümkündür.

Kombinin daha çox qaz yandırmasına gəlincə isə ekspert Nüsrət Qasımov söylədi ki, bu, yanlış fikirdir: “Bizdə Tarif Şurası dünyanın heç bir yerində olmayan formada qayda tətbiq edir. Təyin etdiyi limiti keçənlər daha çox pul verirlər. Bu, bazar iqtisadiyyatına tamamilə ziddir. Onda belə çıxır ki, sən mağazadan  2 yox, 4 çörək alanda ikiqat pul ödəməlisən. Bazardan hansısa məhsulu alan zaman əgər çox alırsansa, qiymətində artım yox, endirim edirlər. Tarif Şurasının tətbiq etdiyi limit məsələsi anlaşılmır. Bu gün ölkədə dəm qazından boğulmalara səbəb kimi həm də bu nüansı qeyd etmək olar. Limiti keçməmək üçün insanlar qaz cihazına müdaxilələr edirlər. Nəticədə yanma prosesi pozulur, zəhərlənirlər. Ona görə də qaz ölkəsi olan Azərbaycanda qazın limiti söhbəti ləğv edilməlidir”.