SOCAR daha bir karbamid zavodu tikir
SOCAR-a məxsus karbamid zavodu tam istehsal gücünə 2020-ci ildə nail olacaq. Bu barədə jurnalistlərə zavodun direktoru Xəyal Cəfərov məlumat verib.
Direktorun sözlərinə görə, xammalla bağlı hər hansı problem mövcud deyil: “Gündəlik olaraq 1,5 milyon kubmetr qaz alınır. Artq gündəlik məhsul istehsalı 1800-2000 ton təşkil edir”.
X.Cəfərov deyib ki, məhsulun ixracı da təmin edilib: “Bu gün dəmir yolu ilə Batumiyə yola salınan məhsulun gəmiyə yüklənilməsinə başlanıb. Azərbaycan karbamidi də əsasən Türkiyə və Ukraynaya satılır”.
Direktor bildirib ki, gələn il zavodda 600-650 min ton karbamid istehsal olunacağı gözlənilir ki, bunun da 500-550 min tonu ixraca yönəldiləcək. İxracın təxminən 75-80 faizinin Türkiyənin payına düşəcəyi gözlənilir: “Bu il zavod 130 min tona yaxın məhsul istehsal edib, bunun 100 min tonu ixraca yönəldilib, 15 min tonu daxili bazarda satılıb, qalan hissəsi isə anbarda yerləşdirilib”.
Daxili bazarda karbamidə tələbat həmişə eyni həcmdə olmur. X.Cəfərovun sözlərinə görə, tələbat adətən səpin dövründə - yaz və payızda yüksək olur. Qalan vaxtlarda isə tələbat minimuma düşür.
Qeyd edək ki, Sumqayıt Sənaye Parkının ərazisində yerləşən zavod Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Qanuna uyğun olaraq, 7 il müddətinə mənfəət vergisindən, əmlak vergisindən, torpaq vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunub.

Zavod ildə 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan verəcək.
Hesab olunur ki, bu zavodun işə düşməsi Azərbaycanda kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Belə ki, karbamid gübrəsi ən yüksək azot tutumuna malikdir və buna görə də ən keyfiyyətli azot gübrəsi hesab olunur. Suda tez həllolma qabiliyyətinə görə seçilən bu gübrə növü ammonyak və karbon dioksidin sintezi nəticəsində əldə edilir. Karbamidə tələbat onun aşağı maya dəyəri, qənaətcil daşınması, rahat tətbiqi və kənd təsərrüfatında yüksək məhsuldarlığı ilə əlaqədardır. Bu məhsuldan digər kimyəvi maddələrin istehsalında və əczaçılıqda da geniş istifadə olunur.
İndiyədək azot gübrələri Azərbaycana idxal edildiyi halda, yeni zavod həm daxili bazarın tələbatını tam ödəyir, həm də istehsal etdiyi məhsulun təxminən 70 faizini ixrac etməyi planlaşdırır. Nəticədə idxal üçün sərf edilən illik 90 milyon dollara qədər valyuta vəsaitləri ölkədə qalacaq.
“SOCAR karbamid” zavodu hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihədir və ümumi dəyəri təxminən 800 milyon avro təşkil edir. Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilib. Zavodun inşası zamanı bir sıra beynəlxalq banklardan dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib.
X.Cəfərovun verdiyi məlumata görə, artıq bu kreditlərin ödənməsinə başlanıb. Bu ilin iyununda müəssisə kreditin qaytarılması çərçivəsində 33 milyon avro (faizlərlə birlikdə) həcmində birinci tranşı artıq həyata keçirib. İkinci tranşın həyata keçirilməsi bu ilin dekabr ayının birinci yarısına planlaşdırılıb. Beləliklə, bu ilin sonunadək zavod kredit öhdəlikləri üzrə 66 milyon avro geri qaytaracaq.
Cəfərov onu da əlavə edib ki, gələn ilə kredit öhdəlikləri üzrə qalıq 460 milyon avroya (faizlərlə) yaxın olacaq. Zavodun xərclərinin geri qaytarılması dövrü on ilədək müddəti əhatə edəcək.
Maraqlıdır ki, zavodun məhsuluna olan yüksək tələbat SOCAR-ı istehsalı genişləndirməyə həvəsləndirib. Belə ki, bu ilin mayında şirkətin prezidenti Rövnəq Abdullayev Türkiyənin “TEKFEN” şirkətlər qrupunun İdarə Heyətinin sədri Murat Giginlə Azərbaycanda yeni karbamid zavodunun tikilməsinə dair qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
SOCAR mövcud Karbamid Zavodunun tikintisində əldə etdiyi təcrübəyə əsaslanaraq Sumqayıtda gündəlik istehsal gücü 1200 ton ammonyak və 2000 ton karbamid həcmində olan yeni istehsalat obyektinin tikintisini nəzərdən keçirir. Memorandumda həmçinin mövcud və yeni gübrə kompleksinin məhsullarının marketinqi üzrə əməkdaşlıq nəzərdə tutulur.
Sənədə əsasən, növbəti mərhələdə şirkətlər arasında İşçi Qrupu yaradılacaq və yeni zavodun inşası ilə bağlı yekun qərarın verilməsi üçün aşağıdakı məsələlər təhlil ediləcək:
- "Tekfen Contracting" qrupuna daxil olan şirkətlərin sözügedən zavoddakı obyektlərin tikintisində EPC (mühəndislik, satınalma və inşaat-montaj) əsasında mümkün iştirakı;
- Tikiləcək obyektlərdə istehsal edilməsi planlaşdırılan və əlavə dəyər yaradacaq məhsulların marketinq, satış və paylanması işlərinin Tekfenin Türkiyə bazarında geniş diler şəbəkəsinə malik törəmə şirkəti Toros Tarım tərəfindən aparılması, yeni məhsulların inkişafı və dünyanın müxtəlif regionlarında bazara çıxarılması perspektivinin effektivliyi;
- Yeni kompleksin tikilib istifadəyə veriləcəyi dövr ərzində Toros Tarım-ın mövcud SOCAR Karbamid zavodunda istehsal olunan məhsulların marketinqi, satışı və paylanmasında mümkün rolu
- Yeni Karbamid zavodunda SOCAR və Tekfenin ortaq səhmdarlar qismində iştirak etməsi.
