|
Kamran Əsədov: “2023-cü ilə qədər ölkəmizdə 50-yə yaxın ixtisasa ehtiyac olmayacaq”

Noyabrın 26-da prezident İlham Əliyevin Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı keçirilən tədbirdəki geniş nitqində cəmiyyətə verdiyi mesajlar geniş müzakirələr doğurub. Xüsusilə dövlət başçısının təhsillə bağlı dedikləri diqqət çəkib. 

Sitat: “Tələbələrə də sözüm odur ki, bilikli olsunlar. Bugünkü dünyada tanışlıqla, tapşırıqla oxumaq mümkün deyil. Sovet vaxtında belə bir söz var idi: ”tapş", o, instituta “tapşla” daxil oldu. Əvvəllər sovet dövründə əsas məqsəd diplom almaq idi. Evlənmək üçün, yəni elçiliyə getmək üçün diplomu var, yoxsa yox? Hə varsa, onda markası artır. Diplom heç nədir, bilin. Əgər bilik olmasa, savad olmasa müasir dünyada bu, əhəmiyyətsiz bir şeydir. Bilik olmalıdır".

Ölkə başçısı bir sıra peşələrin yaxın gələcəkdə sıradan çıxacağını da söyləyib: “İndi yeni peşələr açılır. Əvvəlki peşələrin bir çoxu sıradan çıxır. Artıq 20 il bundan əvvəl olan bəzi peşələr yoxdur və olmayacaq da. Bu proses getdikcə gedəcək, biz 4-cü industrial inqilab içərisindəyik. Artıq bilinir ki, hansı peşələr 5 ildən sonra olmayacaq. Ona görə biz o yeni peşələri gərək mənimsəyək. Gərək imkan yaradaq bizim vətəndaşlara ki, o peşələrə onlar yiyələnsinlər. Ona görə bu sahədə həm müəllimlərin üzərinə böyük vəzifə düşür, həm də tələbələr daim çalışmalıdırlar”.

İ.Əliyev müəllimlərə yönəlik də çağırış edib: “Müəllim peşəsi çox şərəfli, məsuliyyətli, ağır peşədir. Mən deyim ki, biz müasir dövrdə köhnə baqajla yaşaya bilmərik. Ona görə indi internet dövrüdür, hər bir məlumatı əldə etmək üçün imkanlar var. Daim müəllimlər yeniliklərə baxsınlar, onların peşəsində hansı proseslər gedir, dünyada hansı proseslər gedir, texnoloji inkişaf nədən ibarətdir ki, tələbələrə keyfiyyətli biliklər versinlər”.

Təhsil eksperti Kamran Əsədov ile ilgili görsel sonucu

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a dövlət başçısının dediklərini ayrı-ayrılıqda dəyərləndirdi: “Prezident təhsilin bütün pillələri üzrə çox strateji məsələlərə toxundu. Məsələn, tərbiyə işinin təşkili ilə bağlı prezident konkret işlərin görülməsini zəruri hesab etdi. Ali təhsil müəssisələrində keyfiyyətli kadr hazırlığı məsələsinə də toxundu. Diplomların verilməsi ilə bağlı ölkə başçısının dedikləri diqqətçəkən məqamlardan oldu. Prezidentin dediyi kimi, diplom kağız parçası, yaxud cehiz üçün üstünlük vasitəsi ola bilməz. Digər tərəfdən, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasını da zəruri hesab etdi. Təhsil alanlara keyfiyyətli təhsilin verilməsinin əsas məqsəd olduğunu söylədi. Prezidentin ali təhsil müəssisələrinə qəbul imtahanlarının keçirilməsi ilə bağlı müəyyən narahatlığını, narazılığını da gördük. Bu işin daha da peşəkarlaşdırılmasının, təkmilləşdirilməsinin zəruriliyini vurğuladı. Prezident dedi ki, sovet dövründə ali təhsil müəssisələrinə qəbula müdaxilələr var idi. Azərbaycanda hazırda bu problemin həll olmadığını da prezident dedi. Bu əslində çox ciddi siqnal idi ki, biz yeni cəmiyyət üçün doğru seçim və üsul vasitələrindən istifadə etməli, daha bacarıqlı, bilikli şəxsləri seçməliyik”.

Ekspert prezidentin yaxın illərdə sıradan çıxacaq peşələrlə bağlı dediklərinə bu cür şərh verdi: “Bu çox aktual məsələdir. Bizim diplom sahiblərimiz var ki, ehtiyacları olmayan ixtisaslar üzrə təhsil alıblar, bu proses davam etməkdədir. Bunlar elə ixtisaslardır ki, əmək bazarında buna heç bir ehtiyac yoxdur. Ali təhsil müəssisələri bu günlə ayaqlaşan kadrlar hazırlayıb həyata keçirməlidir. Lazımsız peşələr kifayət qədərdir ki, prezident bunları nəzərdə tutub deyirdi. Məsələn, radiotexnika ixtisası var. Artıq XXI əsrdir, radiodan istifadə edənmi var? Bu sahə üzrə çoxsaylı mütəxəssisəmi ehtiyacımız var? Mexanika  mühəndisliyinı də qeyd edə bilərik. Artıq dünya kompüter texnologiyalarına, avtomatik idarəetməyə keçib. Amma biz hələ də mexaniki idarəetmədəyik. Bir-birinə yaxın olan ixtisaslar da var ki, ixtisarlara böyük ehtiyac var. Bu ixtisaslar açıqca bir-birini təkrarlayırlar. Sənayenin təşkili və idarə olunması da, biznesin təşkili və idarə olunması da var. Bu axı düzgün deyil. Kommersiya ixtisası da var. Marketinq, menecment varsa, kommersiyaya nə ehtiyac var? Bunları proqnozlaşdıra bilərəm. Məsələn, 2023-cü ilə qədər ölkəmizdə 50-yə yaxın ixtisasa ehtiyac olmayacaq. Bizim apardığımız rəylər bunu deyir. Kənd təsərrüfatı sahəsində çox ixtisasa ehtiyac yoxdur. Biz ayrıca şərab mütəxəssisi açmışıq. Halbuki rayonlarda heç orta təhsilləri olmayan insanlar var ki, yüksək səviyyədə şərab istehsalı ilə məşğul olurlar. Bunun üçün ayrıca təhsil almağa nə ehtiyac var? Bunu  peşə, orta ixtisas təhsili müəssisələrində hazırlaya bilərik. Bizdə daha çox texnologiya sahəsindəki ixtisaslar köhnəlib. Evimizdə elektrik avadanlığını özümüz düzəldirik. Elektrik mühəndisliyini oxumağa nə gərək var? Ali təhsil fundamental elmi işlərlə məşğul olmaq üçündür. Hazırda 50-dən çox ixtisas var ki, ölü ixtisaslardır. Bunlara əmək bazarında heç bir ehtiyac yoxdur. Bir çox ixtisaslar üzrə çoxsaylı kadra da ehtiyac görmürəm. Daha çox iqtisadiyyat, səhiyyə, xidmət sektoru, informasiya texnologiyası sahəsi üzrə mütəxəssislər hazırlamalıyıq. Universitetlərin özləri də ixtisaslaşmağa getməlidirlər. Ali məktəblər tədqiqat universitetləri olmalıdır”.