Azad İsazadə: “İntiharları tam dayandırmaq mümkün deyil”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramı (BMTİP) tərəfindən birgə iş müstəvisində ölkəmizdə intiharların qarşısının alınması ilə bağlı ilk dəfə olaraq Milli Fəaliyyət Planı layihəsi hazırlanacaq. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov “İntiharların qarşısının alınması” mövzusunda keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, intihar hallarının qarşısını almaq üçün ailə, məktəb, cəmiyyət və dövlət səviyyəsində məqsədyönlü kompleks tədbirlər görülməlidir.
Rəsmi statistikaya görə, Azərbaycanda son 5 ildə 3000 intihar hadisəsi olub ki, bu da yüksək göstəricidir. İntihar edənlərin 2/3-sini kişilər təşkil edir. Həmçinin intihar edənlərin 173 nəfəri uşaq və yeniyetmədir. Təəssüflə qeyd edək ki, bir neçə ay bundan əvvəl yeniyetmələrin dalğavari intihar etməsinin şahidi olduq. Ardınca isə bu dalğa gənclərin arasında müşahidə edildi. Son bir həftədə də xeyli sayda gənc oğlan və qadının intihar etdiyi barədə mətbuatda məlumatlar dərc edilib.
Bəs intiharların əsas səbəbləri nədir? Yeni yaradılacaq layihə intiharların qarşısını nə dərəcədə ala bilər?
Mövzu ilə bağlı ilk öncə yeni yaradılacaq layihə barəsində sualımıza cavab almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyin almağa çalışdıq. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildi ki, hələlik layihə ətrafında yalnız müzakirələr getdiyindən layihə haqqında geniş məlumat vermək mümkün deyil: “Milli Fəaliyyət Planı ölkəmizdə intiharların qarşısını almaq məqsədilə yaradılan ilk layihədir. Layihənin hansı istiqamətləri əhatə edəcəyi, hansı tədbirlərin həyata keçiriləcəyi məqsədəuyğun hesab olunur, hansı yollar müəyyən edilir, bu və digər məsələlərlə bağlı hələlik müzakirələr gedir. Müzakirələr başa çatdıqdan sonra mətbuata geniş məlumat veriləcək. İndi yalnız onu qeyd edə bilərik ki, layihə çərçivəsində kompleks işlər görüləcək”.
Mütəxəssislər bildirir ki, sosial təminatla, işsizliklə bağlı problemlər, bəzi hallarda sosial psixoloji məsələlər intihara səbəb ola bilər. Həmçinin həssas təbəqələrdən olan, o cümlədən ruhi xəstəliyi, əlilliyi olan insanlar, məişət zorakılığının qurbanları olanlar, keçmiş məhbusların arasında intihara meyllilik olur. Səbəblər arasında depressiya, internetdən asıllılıq da yer alır. Bununla belə, araşdırmalar göstərir ki, intiharların yalnız 10 faizi maddi durumla bağlı olub.
Ümumiyyətlə, bu bir faktdır ki, dünyada intiharların ən geniş yayıldığı ölkələr sosial durumu qaneedici, həyat səviyyəsi yüksək olan Avropa ölkələridir. Somali kimi yaşayış səviyyəsi ən aşağı olan ölkədə isə intiharların sayı xeyli azdır. O cümlədən sosial problemləri çox olan Albaniya, MDB ölkələri arasında Tacikistan intihar məsələsində son pilləni tutur.

Psixoloq Azad İsazadə mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:
“Bu çox yaxşı ideya, tədbirdir və tam olaraq bu layihəni dəstəkləyirəm. Məlum olduğu kimi, bu cür layihəyə ehtiyac böyükdür. Bu cür proqramlar, tədbirlər nə qədər çox olsa, xeyli sayda intiharların qarşısı alınmış olar.
Bu proqramın yəqin ki, ən vacib elementlərindən biri media ilə işləmək olacaq. Camaat media vasitəsilə bilməlidir ki, bu cür vəziyyətə düşərlərsə, bu cür proqramlar, qurumlar var, müraciət edə bilərlər və sairə. Hələlik rəsmilərin də dediyi kimi, layihənin ilkin mərhələsi aparılır, hazırlanır və çox güman ki, yaxın vaxtlarda mətbuata bu barədə geniş məlumat veriləcək.
Əlbəttə ki, hər kəs anlayır ki, intiharları tam dayandırmaq mümkün deyil. Yəqin ki, söhbət onların azalmasından, hansısa profilaktik işlərdən, natamam, ölümlə nəticələnməyən intiharların qurbanları ilə söhbətlər, psixoloji işlərdən gedir".
Psixoloq intihar hadisələrinin artma səbəbini bu cür izah edib:
“İntihar hadisələrinin artmasının iki səbəbi var - real artma və məlumatların birbaşa mətbuata çıxması. İndi sosial şəbəkələr, internet vasitəsilə məlumatlar da çoxalır. Belə deyək, həmin çoxalan hissənin təxminən 50 faizi həmişə olub, sadəcə, digər yarısı da məlumatların sayəsində artmış görünür. Əvvəllər xüsusən də ölümlə, faciə ilə nəticələnməyən intihar hadisələri mətbuata çıxmırdı, intihar qurbanlarının yaxınları, qohumları bu məlumatı gizlədirdi. İnanıram ki, qeyd olunan layihə nəticəsində biz tam statistikanı toparlayaraq, real vəziyyəti öyrənəcəyik. Bu zaman vəziyyətin nə dərəcədə ciddi olduğunu dəyərləndirə biləcəyik”.
Azad İsazadə gənclər və yeniyetmələr arasında müşahidə olunan dalğavari intiharlardan da söz açıb: “İntiharların çox təəccüblü bir xüsusiyyəti var, bu, dalğavari olması ilə bağlıdır. Yəni bir müddət yeniyetmələr arasında, daha sonra gənclər, uşaqlar, qocalar arasında dəbə oxşar intihar dalğalar müşahidə olunur. Bu dalğa təkcə yaş qruplarında deyil, hətta intihar formalarında da rast gəlinir. Xatırlayırsınızsa, bir müddət öncə insanlar özlərini körpüdən atmağa cəhd edirdi, sonra isə özünü yandıranların sayı artdı. Adıçəkilən layihə bunların üzərində də konkret araşdırmalar aparıb, suallara cavab tapa bilsə, yəqin ki, problem xeyli azalmış olar”.
