Baş nazir və digər yüksək çinli məmurlar əraziyə gəldilər; sürüşmə zonasında kiçik uçqunlar hələ də davam edir...
Son günlərin intensiv yağıntıları Bakının sürüşmə zonasında aktivliyin artmasına səbəb olub. Bu dəfə də sürüşmə paytaxtın Səbayel rayonu ərazisində baş verib. Belə ki, noyabrın 24-də axşam saatlarında Bibiheybətdən paytaxta gediş istiqamətində torpaq sürüşməsi baş verib və yolun bir hissəsi dağılıb.
“Yeni Müsavat”ın əməkdaşları olaraq əraziyə yollanıb, oradakı vəziyyətlə tanış olduq. Müşahidə etdik ki, baş verən sürüşmə nəticəsində Bibiheybət məscidindən şəhər istiqamətinə doğru yolun asfalt qatı dağılıb. Uçqun təxminən 250-300 metrlik ərazini əhatə edib. Hadisə nəticəsində dünyasını dəyişən olmayıb. Lakin iki avtomobil uçqunun altında qalıb. Onlardan biri “Mercedes” markalı avtomobildir ki, bir hissəsi torpaq altında qalıb. Digər avtomobilin “VAZ-2107" olduğu bildirilir. İkinci avtomobili orada görmədik. Bildirdilər ki, avtomobil tamamilə torpağın altında qaldığı üçün kənardan baxanda görünmür. Biz orada olduğumuz zaman avtomobillər torpaq altından çıxarılmamışdı. Yuxarı yoldan avtomobillə keçən insanlar maşını saxlayıb, sürüşmə baş verən yerə boylanırdılar. Müvafiq qurumların əməkdaşları isə iş başında idi.
Belə ki, ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işlər aparırdılar. Eyni zamanda sürüşmə sahəsinə polis tərəfindən nəzarət edilir, bu hissəyə piyadalar və avtomobillər buraxılmırdı.
Noyabrın 24-də baş verən sürüşmədən sonra Bibiheybət məscidindən mərkəz istiqamətinə gedən yolda sürüşmə ilə əlaqədar alternativ yol kimi Bakı buxtası-3 küçəsi istifadəyə verilib. Lakin gecə saatlarında yeni yolun uçması nəticəsində Bakı buxtası-3 küçəsinin təxminən 400 metrlik hissəsi torpaq qatının altında qalıb. Nəticədə yaxınlıqda yerləşən “Xəzər GLX” MMC-yə, eləcə də Gəmi Qayırma və Gəmi Təmiri Müəssisəsinə ciddi ziyan dəyib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli “Yeni Müsavat”a deyib ki, yolun təxminən 100 metrlik hissəsi dağılıb: “Ərazi sürüşmə nöqtəsindədir və intensiv yağışlar nəticəsində sürüşmə daha da aktivləşib, torpaq uçqunu olub və istinad divarı uçub. Nəticədə yolun hərəkət hissəsi üst hissədən dağılıb”.
O bildirib ki, Badamdar ərazisi aktiv sürüşmə zonası olduğu üçün mütəmadi olaraq onların nəzarətindədir:
“Həmin ərazidə bir neçə sürüşmə nöqtəsi var, onlardan biri də bu gün sürüşmə baş verən ərazidir. İki gün öncə əməkdaşlarımız tərəfindən həmin yerdə çatlar müşahidə edilmişdi və ərazi nəzarətə götürülmüşdü. Dünən yağan yağışlar nəticəsində çatlar böyümüşdü, buna görə də önləyici tədbir olaraq axşam saatlarında yolda hərəkət məhdudlaşdırıldı. Sürücülər üçün alternativ yolla gediş təmin olundu. Bu gün səhər saat 5-6 radələrində həmin yolda bir zolaq üzrə təxminən 100 metr uzunluğunda sürüşmə olub. Bu zaman aşağıda yerləşən Bakı buxtası küçəsində park vəziyyətdə olan avtomobilin bir hissəsi sürüşmə nəticəsində torpağın altında qalıb. Hazırda mütəxəssislər və əməkdaşlarımız hadisə yerindədirlər, araşdırmalardan sonra növbəti işlərin görülməsinə qərar veriləcək”.
Baş nazir Əli Əsədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədov və fövqəladə hallar nazirinin birinci müavini Rəfail Mirzəyev, Səbayel Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov da noyabrın 25-də hadisə yerinə baxış keçiriblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geologiya Kəşfiyyat Xidmətinin baş mühəndisi Əziz Qaralov “Yeni Müsavat”a bildirib ki, burada da baş verən sürüşməyə səbəb insan amilidir: “Ötən həftə mətbuata açıqlamamda ərazidə təzyiqin artması barədə məlumat vermişdi - baxmayaraq ki, layların yatım istiqaməti qərb tərəfədir, yamacın təsirindən daima dəniz istiqamətində təzyiq olur. Atmosfer çöküntülərinin intensiv olması ilə bağlı torpaq qatı ağırlaşır, təzyiq artır və sürüşmə baş verir. Ərazidə yenə də az da olsa uçqunlar qeydə alınır”, - deyə Əziz Qaralov bildirib.
Mütəxəssislər bildirirlər ki, bu ərazilərdə tikilən evlərdə kanalizasiya sistemi olmadığı üçün doymuş laylar getdikcə aşağıya doğru sürüşür. Ərazidə müşahidə etdik ki, Bibiheybət məscidinin ətrafında xeyli sayda evlər tikilib. Bu evlərin əksəriyyəti kəsilən yamacın sərhədində yerləşir. Evlərin bir hissəsi yamacın çox yaxınlığında yerləşir. Ekspertlər həmin ərazilərdə də sürüşmənin baş verə biləcəyini istisna etmirlər. Məlumat üçün bildirək ki, ötən il Bayıl yamacında baş verən sürüşməyə də səbəb kimi insan amili göstərilirdi. Orada da yamaclar kəsilib, evlər tikilmişdi. Kanalizasiya sistemi olmadığı üçün evlərin hamısının məişət suları yamaclara axıdılırdı. Nəticə isə bəllidir...
Bibiheybətdə baş verən sürüşmə hadisəsi ərazidən keçən kommunal xətlərə, avtobus marşrutlarının hərəkətinə də təsir edib. Belə ki, “Azərsu” ASC açıqlama yayıb ki, torpaq sürüşməsi nəticəsində Bibiheybət qəsəbəsi ərazisindən keçən 500 mm diametrli magistral su xəttində yaranmış qəza ilə əlaqədar Səbayel rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilməsini dayandırıb.
Məlumata görə, su təchizatı qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra bərpa olunacaq. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov report-a açıqlamasında bildirib ki, Bakı-Salyan yolunun “Bibiheybət” kimi tanınan məsafəsinə yaxın olan ərazidə sürüşmə olduğu üçün avtomobilin hərəkətinə məhdudiyyət qoyulub. Nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək üçün sürücülər alternativ yollara yönləndirilir. Xüsusilə bütün yük avtomobilləri Bakı-Salyan yolunun 14-km-liyindən mərkəzə doğru hərəkəti tamamilə məhdudlaşdırılıb.
V.Əsədov bildirib ki, nəqliyyat vasitələri 3-cü kənar dairəvi yol vasitəsilə Yasamal rayonu ərazisindən keçməklə hərəkətə davam edə biləcək: “Bu əraziyə yaxın yerlərdə yaşayan sürücülər üçün müvafiq yol nişanları qoymaqla onların təhlükəsiz hərəkəti təmin ediləcək. Dövlət Neft Şirkətinin bu ərazidə olan fəaliyyətində istifadə etdiyi texniki vasitələrin də hərəkət istiqaməti təyin edilib. Onlar 20-ci sahə dairəsindən və ya Bayıl qəsəbəsi daxilindən keçməklə hərəkətə davam edə biləcəklər. Hazırda vəziyyəti nəzərə alaraq sürücülərdən paytaxt istiqamindən mərkəzə doğru hərəkət edərkən 3-cü dairəvi yolla hərəkətlərini davam etdirmələrini xahiş edirik”.
Onu da bildirək ki, baş vermiş sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət məhdudlaşdırıldığı üçün 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun hərəkət sxemi də dəyişdirilib. Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, bu xətt üzrə avtobuslar digər avtomobillərlə yanaşı köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru hərəkət edəcək. Dəyişiklik ərazidə təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq.
Məlumat üçün onu da bildirək ki, Coğrafiya İnstitutunun mütəxəssislərinin apardıqları tədqiqatlara əsasən Bakının bir neçə əsas sürüşmə ocaqları müəyyənləşib. Əhmədli şosesi, Zığ şosesi, Binəqədi, Bayıl, Badamdar, Masazır gölünün ətrafında - ümumilikdə təxminən 20 yerdə böyük sürüşmə sahəsi var. Həmin sürüşmə sahələrində 150 mindən çox əhali məskunlaşıb. Bu ərazilərdə sürüşmə sahələri geniş yayılıb və həmin ərazilər sürüşmə baxımından təhlükəli hesab edilir. Mütəxəssislərin sözlərinə görə, son 20-25 ildə Bayıl yamacında sürüşmə sahəsi daha da artıb. Sürüşməyə təbii amillərlə yanaşı, həm də su, kanalizasiya borularının köhnəlməsi və həmin ərazilərdə çoxsaylı iri tonnajlı maşınların hərəkəti səbəb olur.




