İlham İsmayıl: “Onlar potensial təhlükə olaraq qalırlar, amma təcrid olunmamalıdırlar”
Suriyanın şimalındakı Ayn İsa düşərgəsindən 6 uşaqla birlikdə qaçan belçikalı İŞİD üzvü Tatiana Vielandt və Bouxra Abouallal Türkiyədə saxlanılıblar.
Öz ölkələri tərəfindən geri istənilməyən İŞİD üzvləri Türkiyə hakimiyyətinə təslim olmağı üstün tutublar.
Onlar Türkiyənin “Barış Pınarı” əməliyyatından sonra qaçmağa nail olublar. İŞİD üzvü olan qadınlar Türkiyə polisi tərəfindən saxlanılıblar.
Antverpen Apelyasiya Məhkəməsi, 26 və 27 yaşlarında olan iki qadının hər birinin terror təşkilatına üzvlüyünə görə 5 il müddətinə azadlıqdan məhrum edildiyini təsdiqləyib.
Belçika Prokurorluğunun Türkiyədən İŞİD üzvü olan qadınların qaytarılmasını istəyəcəyi ifadə edilib. Qadınlar məhkəmədən sonra onlara çatan məlumat əsasında Suriyadan qaçıblar.
Belçikanın ən böyük terror təşkilatı güman edilən “Sharia4Belgium” üzvü olan və 2013-cü ildə həyat yoldaşları ilə Suriyaya gedən iki qadın, ərləri öldürüldükdən sonra digər İŞİD silahlıları ilə evləniblər.
Martda isə Flamand televiziyasına müsahibə verən Bouxra Aboualla bunları söyləyib:
“Səhv etdik, üzr istəyirik. Bunu düzəltmək istəyirik. Uşaqlarımız üçün təhlükəsiz və məktəbə gedə biləcəkləri bir mühit istəyirik”.
Lakin peşmançılıq fayda vermir və onların üzrxahlığı da hələ düşüncələrinin dəyişdiyi anlamına gələ bilməz.
Əksinə, Türkiyədə olan həmin iki İŞİD-çi qadın potensial terrorçulardır və hansısa münbit şərait yaransa, yenidən keçmiş fəaliyyətlərini davam etdirməyə hazırdılar.
Necə ki, İŞİD Suriyada zəiflədilənə qədər bu iki qadının mövqeyində peşmançılıq yox idi, qələbəyə ümid edirdilər.
Elə ki terror təşkilatı məğlub oldu, onlar da qaçmağa başladılar. Bununla belə, onlar kimi yüzlərlə belə İŞİD-çi qadın dünyanı təhdid edən təhlükə olaraq qalırlar.
Bu şəxslərin arasında azərbaycanlıların olduğu da istisna edilmir. Hətta bugünlərdə 600-dən çox azərbaycanlının Suriyada girov saxlandığı, onların 335-nin uşaq olduğu bildirilir.
Əgər onlar da Türkiyəyə təslim olan belçikalı qadınlar kimi Azərbaycana qayıtmaq istəsələr, hansı addım atmalıyıq və onları potensial təhlükə hesab etməliyikmi?
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan tərəfi İŞİD-ə qoşulmuş qadın və uşaqların ölkəmizə gətirilməsini təşkil etməlidir:
“Türkiyə həbsxanalarında saxlanan İŞİD-çiləri öz ölkələrinə göndərəcəyini bəyan edib. Onların sırasında 29 azərbaycanlı da var. Amma İraqda hələ də azərbaycanlı qadınlar və ailələr var.
Dövlət ilk növbədə uşaqların gəlməsini təşkil etməlidir. Bu yaxınlarda Rusiya təyyarə ilə öz vətəndaşlarını gətirdi, əksəriyyəti çeçenlər idi.
Azərbaycan da həm uşaqları, həm qadınları gətirməlidir. Onlar xüsusi nəzarət altında olmalıdır və buna əməliyyat nəzarəti deyilir".
İ.İsmayılın fikrincə, həmin şəxslərin düşüncələri yoluxucudur: “Bundan qurtulmaq çətindir, amma mümkündür. Bilirsiniz ki, 900 azərbaycanlı İŞİD sıralarına qoşulub. Onların arasındakı qadınların çoxunu kişilər Suriya və İraqa getməyə məcbur ediblər.
Ona görə həmin qadınlar filtrasiyadan keçməlidirlər. Çünki onlar boş, mənasız şeylərə qatılıblar, həyatlarına zəhər qatdıqlarını bilirlər.
Onları gətirməklə maarifləndirmək, bundan istifadə etmək lazımdır. Qoy göstərsinlər ki, həyatları və uşaqlarının taleyi necə məhv olub".
Ekspert qeyd etdi ki, Suriyadakı döyüşlərdə ərləri ölən qadınların çoxu cinsi istismara məruz qalıb: “Təkcə azərbaycanlı qadınlar yox, İŞİD-ə qoşulmuş başqa ölkələrin qadınları da uzun müddət istismar ediliblər və ən dəhşətlisi budur ki, din bayrağı altında həyata keçirilib.
O baxımdan həmin qadınlar gətirilərsə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin üzərinə iş düşür. Onlarla məşğul olmalıdırlar, maarifləndirmə aparılmalıdır.
Təbii ki, onlar potensial təhlükə olaraq qalırlar, amma təcrid olunmamalıdırlar. Cəmiyyətə qarışmasını həll etmək lazmdır. Hətta onların içərisində çarşabını atanlar da ola bilər".

Mehriban Zeynalova: “Onları dərhal əhali arasına buraxmaq təhlükə yarada bilər, radikal mesajlar səsləndirərlər, terrora maraq artar”
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, Azərbaycan öz vətəndaşını müdafiə etməlidir: “Təbii ki, burada şəxsin öz seçimi məsələsi də var. Əgər onlar terrorizmə cəlb olunubsac yaxşı hal deyil. Amma terrorun qurbanıdırlarsa reabilitiyasına dəstək verilməlidir”.
M.Zeynalova hesab edir ki, onları dərhal əhali arasına buraxmaq təhlükə yarada bilər: “Çünki aqressiv ola bilərlər, radikal mesajlar səsləndirərlər, bu zaman terrora marağı artıra bilər.
Odur ki, həmin qadınların reabilitasiya olunmamış cəmiyyətə qayıdışı yolverilməzdir. Əgər çağırış edərlərsə cəzasını da biz verməliyik.
Onsuz da düşmənlərimiz bizi təcavüzkar, terrorçu kimi qələmə vermək istəyir. Bu mənada həssas rəftar etməliyik".
Hüquq müdafiəçisi söylədi ki, onların Suriya və İraqa getməsində ərlərinin təsiri var: “Ərsiz azərbaycanlı qadının bu ölkələrə getməsi faktı yoxdur və əksəriyyəti qurbanlardır. Amma bilmirik ki, qurbandan sonra başqa mərhələ keçiblər ya yox. Ona görə deyirəm ki, bu qadınları gətirsək, reabilitasiya olmamış cəmiyyətə buraxmaq olmaz”.
