|
Mahmud Hacıyev: “Tələbələrin zəhərlənməsi məsələsində intihar və sui-qəsd ehtimalları zəifdir”

“Amma burada səhlənkarlıq məsələsi var”

Bakı Dövlət Universitetinin zəhərlənən tələbələrinin vəziyyəti stabil kimi qiymətləndirilir. Bu barədə  Səhiyyə Nazirliyindən bildirilib.

Nazirlikdən qeyd edilib ki, onların xəstəxanadan buraxılması hələlik gözlənilmir: “Zəhərlənən tələbələr palataya köçürülüb, onların müalicəsi bir müddət davam edəcək”.

“Yeni Müsavat” xatırladır ki, bu mövzu ilə bağlı ortada çoxlu sayda suallar və versiyalar var. Bunu ilk gün sui-qəsd kimi qiymətləndirənlərdən fərqli olaraq, zəhərlənmə versiyası üzərində dayananlar da var.

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əslində görünən hər üç qızın eyni prosesdən əziyyət çəkməsidir. Onun sözlərinə görə, bu ya qidalanma, ya da toksik infeksiyasıdır. Müsahibimiz qida toksik infeksiyanın üzərində dayanmağın tərəfdarıdır: “Mədə turşuluğundan asılı olaraq qida toksindən əziyyət çəkirlər. Qida toksik infeksiyalarının növləri də fərqlidir. Bunların əlamətləri bir neçə saatdan bir neçə sutkaya qədər özünü göstərir. Bu, xəstənin orqanizminin durumundan və immun sistemindən asılıdır. Amma hesab edirəm ki, bu, qida toksik infeksiyasıdır. Çünki ölən qızın immun sistemi zəif olub və ya zəhərlənməyə səbəb olan qidadan digərləri ilə müqayisədə daha çox yeyib. Hələlik düşünülən budur. Ekspertizanın nəticəsi olmadan heç nə demək olmaz”.

A.Qeybulla hesab edir ki, əgər qızlardan birinin ölümünə, digər ikisinin isə xəstəxanaya düşməsinə səbəb olan qidaların üzərində monopoliya və nəzarət olsa, həqiqət üzə çıxmayacaq. Müsahibimizin fikrincə, suşi də bura aiddir: “Onların suşidən zəhərlənməsi daha ağlabatandır. Konkret təcili tibbi yardım məsələsinə gəlincə, həkimlər onların yanında yarım saat olub. Xəstəxanaya aparmaq üçün təklif də ediblər. Qızlar vəziyyətlərinin yüngüllüyünü əsas gətirib getməyiblər. Bütün proses qida toksikə uyğun gəlir. Huşsuz vəziyyətdə olsaydılar, təcili yardım xidməti onları xəstəxanaya apara bilərdi. Amma zorla apara bilməz və bu, birmənalı belədir. Mədənin yuyulması və digər məsələlər isə yerində həll olunan deyil. Mütləq stasionara aparılmalıydı”.

Adil Qeybulla: ile ilgili görsel sonucu

Adil Qeybulla: “Zəhərlənməyə səbəb olan qida monopoliyadadırsa...”

A.Qeybulla hesab edir ki, burada əsas problemlərdən biri ölkəmizdə səhiyyə mədəniyyətinin, eləcə də icbari tibbi sığortanın olmamasıdır: “Faciələrimizdən biri də budur. Qızdırmanın, ürəkbulanmanın olması, mədənin işləməsi, halsızlığın olması, təzyiqin olması zəhərlənmə ilə bağlıdır. Toksiki zəhərlənmənin - qatı turşu və qələvilərin daxilə qəbul edilməsi zamanı baş verə bilər. Hətta bəzən ağla gəlməyən məsələlər də ola bilər. Ekspertizanın nəticələrindən asılı olaraq daha dəqiq şərh verə bilərik. Qızlardan birinin ağzından qan gəlmə məsələsinə gəlincə, qanaxma çoxlu qusmalardan da ola bilər. Qandan çox köpük qusmadan söhbət gedə bilər. Ekspertizanın əlində imkanlar çoxdur və bizim ekspertiza təkmildir. Ortaya dəqiq nəticələrin çıxacağı şübhəsizdir”.

Keçmiş polis rəisi, kriminalist Mahmud Hacıyev isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, o cür hadisələrdə materiallarla prokurorluq orqanları məşğul olur. Müsahibimizin sözlərinə görə, burada intihar və sui-qəsd ən az ehtimal olunan versiyalardır: “İndiki halda Qida Təhlükəsizliyi Agentliyindən müəyyən izahatlar alınmalıdır. Prokurorluq orqanlarına kömək kimi. Tələbələrdən digər ikisi sağ-salamatdır. Zəhərlənməyə səbəb olan qidaları hansısa marketdən alıblarsa, bir yerdə alıblar. Sağ qalan qızlardan bu qidaların hardan alınması soruşulmalıdır. İlkin olaraq onu da bilin ki, prokurorluq orqanları fakta görə cinayət işi qaldırır. Lazım gələndə hər hansı şəxsə, obyektə qarşı cinayət işi qaldırılır. Bu situasiyada zəhərlənmə barədə danışa bilərik. Amma səhlənkarlıq da ola bilər. İlkin olaraq təcili tibbi yardım ora gəlib. İlkin müayinədən keçiriblər. Təcili yardım gedəndən sonra birinin halı pisləşib. Səhlənkarlıq faktını burada araşdırmaq lazımdır. Qızlar xəstəxanaya getmək istəməyə bilər. Bəlkə biri etiraz edib, ikisi yox. Bu məsələ diqqətlə araşdırılmalıdır. Belə olanda səhiyyə idarəsi məsuliyyəti insanların üzərinə atır ki, biz zorla apara bilmərik. Amma xəstənin vəziyyətinə uyğun yerində də qərar verilməlidir. Ortada səhlənkarlıq faktının olması şübhəsizdir”.

 Xatırladaq ki, Bakı Dövlət Universitetinin 2№ li yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili tibbi yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağzından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə təcili tibbi yardım avtomobili ilə KTM-ə çatdırılıblar. 20-22 yaş arası olan qızların müalicələri davam edir.

 Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.