|
Maliyyə-bank sektoru çağırışlara necə cavab verir – faktlar...

Son illərdə həyata keçirilən tədbirlər bu sektorda ciddi canlanmaya səbəb olub

2014-2015-ci illərdə dünya neft bazarında qiymətlərin kəskin enişi bu təbii sərvətin ixracatçısı olan əksər ölkələrdə, o cümlədən Azərbaycanda da çətinliklərə səbəb oldu. Bu çətinliklərin nisbətən kəskin xarakter aldığı maliyyə-bank sektorunun dirçəlməsi kompleks tədbirlərin həyata keçirilməsini tələb edirdi. Bu dövrdə ən ciddi problem əhalinin əmanətlərini banklardan çəkməsi prosesi idi. Bu məqamda ölkə rəhbərliyinin hadisələrə çevik reaksiyası nəticəsində 2016-cı ildə əmanətlərin tam sığortalanması haqqında qanun imzalandı və bu, maliyyə bazarlarının effektivliyinin qısa zamanda bərpa edilməsində əhəmiyyətli rol oynadı. Artıq 2017-ci ilin ikinci yarısından etibarən əmanətlərin banklardan geri götürülməsi prosesi dayandı və bank sektorunda ilkin müsbət trendlər müşahidə olunmağa başladı.

Təbii ki, qeyd olunan hadisələrin fonunda bank sektorunun inkişafı, kapitallaşma problemlərinin aradan qaldırılması və bu sektorun ölkə iqtisadiyyatında payının atması yönündə əsas götürülmüş institusional, hüquqi islahatlar sektorun dirçəldilməsi proseslərinin, bank-müştəri münasibətlərinin mərhələli şəkildə yeni müstəviyə keçirilməsini tələb edirdi. Bu çağırışlar nəzərə alınmaqla ölkədə bank sektorunun dayanıqlığını təmin etmək üçün sektora bu dövr ərzində 1,9 milyard manat məbləğində kapital inyeksiyası həyata keçirilib.

Bank sektoru üçün əhəmiyyətli çağırışlar

Qeyd olunan dövr ərzində diqqət yetirilməli olan əsas məqamlardan biri birmənalı olaraq kreditləşmə prosesləri ilə bağlı olub. Statistik məlumatlara nəzər yetirsək görərik ki, 2017-ci ildə bank sektorunda kreditləşmə həcmi təxminən 5 milyard manat, 2018-ci ildə 7,6 milyard manat, bu ilin 9 ayının nəticələrinə görə isə 7 milyard manat olub. 2018-2019-cu illərdə ümumilikdə 14,5 milyard manat həcmində kredit verilib ki, bunun təqribən 8,1 milyard manatını biznes kreditləri, 6,4 milyard manatını istehlak kreditləri təşkil edir. Təkcə bu ilin 9 ayında 3,2 milyard manat istehlak krediti, 3,8 milyard manat isə biznes krediti verilib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının hesablamalarına əsasən hər ay ortalama hesabla 423 milyon manat biznes məqsədli, 350 milyon manat istehlak məqsədli kredit verilişi həyata keçirilib.

Oktyabrın 15-də prezident İlham Əliyevin yanında iqtisadi müşavirədə qaldırılan əsas məsələlərdən biri məhz kreditləşmə, xüsusilə də biznesin stimullaşdırılmasında aparıcı yer tutan sahibkarlıq subyektlərinin kreditləşməsi səviyyəsinin ürəkaçan səviyyədə olmaması, istehlak kreditlərinin biznes kreditləri ilə müqayisədə daha çox artması, bankların real sektordan daha çox istehlak kreditlərinin verilməsinə maraq göstərmələri ilə bağlı idi.

Ölkə başçısının sözügedən müşavirədəki çıxışından və tapşırıqlarından dərhal sonra bu sahədə administrativ alətlərə malik Maliyyə Bazarlarına Nəzarət Palatası adekvat reaksiya verdi. Əvvəlcə bank sektorunun tənzimlənməsi ilə bağlı mövcud qanunvericiliyə - “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na və “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”a mühüm dəyişikliklər edildi, biznes kreditlərinin risk dərəcələri azaldıldı, məsuliyyətli borclanma vərdişlərinin formalaşdırılmasına, istehlakçıların izafi borclanmasının qarşısının alınması və onların hüquqlarının qorunmasına və bankların öz kapitallarına müvafiq olaraq biznes kreditlərinə daha çox yer ayırmasına şərait yaradıldı. Bununla yanaşı, dövlət başçısının qeyd olunan məsələ ilə bağlı tapşırığının banklarla aktiv kommunikasiya şəklində həyata keçirilməsi üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında Azərbaycan Banklar Assosiasiyasının, həmçinin ölkədə fəaliyyət göstərən istehlakyönümlü bankların iştirakı ilə iclas keçirildi, geniş müzakirələr fonunda prosesin birgə əməkdaşlıq şəklində tənzimlənməsi, konkret fəaliyyət istiqamətləri müəyyənləşdirildi, bankların strateji planlarını yenidən gözdən keçirməsi və qısa müddətdə təkliflərin palataya təqdim olunması qərara alındı, biznes kreditlərinin təşviqi məqsədilə banklar tərəfindən kredit yarmarkalarının keçirilməsi məqsədəuyğun hesab edildi.

Təhlillər onu göstərir ki, Azərbaycanda fəaliyyət göstərən sahibkarlar əksər hallarda ancaq daşınmaz əmlaklarını girov qoymaqla kredit əldə edirdilər. Maraqlısı budur ki, kiçik və orta sahibkarların (KOB-ların) aktivlərinin cəmi 22 faizini daşınmaz əmlak təşkil etsə də, kreditorların verdiyi kreditlər üzrə girovların 76 faizini daşınmaz əmlak tutur. Belə olan şəraitdə, KOB-ların kreditlərə çıxış imkanlarının, maliyyə əlçatanlığının artırılması və müvafiq infrastrukturun gücləndirilməsi məqsədilə beynəlxalq praktikada qəbul olunmuş Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri (DƏYDR) yaradılıb. Reyestr yüklülük verənlər və yüklülük sahibləri üçün bir sıra üstünlüklərə malikdir. Cari dövrdə 600-dən çox qeydiyyatdan keçmiş istifadəçisi olan reyestrə 40 mindən artıq bildiriş daxil edilib.

Maliyyə-bank sektoru ile ilgili görsel sonucu

Alternativ maliyyə instrumentlərindən yararlanmaq baxımından xarici kapitallı bankların aktivlik nümayiş etdirdiyi daha bir məhsul mikrokreditlərdir. Qeyd etmək yerinə düşər ki, cari ilin 9 ayında banklar tərəfindən təxminən 200 milyon manatdan çox mikrokredit verilib və bu vasitə ilə biznesin kreditləşməsinin aktuallığını daha da artırmaq məqsədilə mütəmadi olaraq məlumatlandırma tədbirləri həyata keçirilir.

Azərbaycanda fəaliyyət göstərən KOB subyektlərinin maliyyə bazarlarında alternativ maliyyə mənbələri kimi son dövrlərdə beynəlxalq standartlara uyğun olaraq təkmilləşdirilmiş qiymətli kağızlar bazarı vasitəsilə də maliyyələşməsi üçün geniş imkanlar mövcuddur. Azərbaycanın korporativ qiymətli kağızlar bazarının həcmi 1,9 milyard manatdan çoxdur. Bunun 1,5 milyard manatını istiqraz bazarı, təqribən 401 milyon manatını səhm bazarı təşkil edir.

KOB-ların kredit əlçatanlığının sadələşdirilməsi baxımından həyata keçirilmiş daha bir institutsional islahat 8 bankın iştirakı ilə ötən ilin fevralında ilk özəl kredit bürosu olan Azərbaycan Kredit Bürosunun (AKB) yaradılmasıdır. Müştərilərin kreditləri barədə məlumatları kredit təşkilatları ilə yanaşı, daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər bazalardan toplayaraq təhlil edən və dolğun kredit hesabatları formalaşdırılan büro bankların anderraytinqə çəkdikləri xərcləri, onların problemli kredit portfellərini əhəmiyyətli dərəcədə aşağı salıb.

Bank faizləri azaldılır

Bu gün bəzi hallarda Azərbaycanda bank kreditləri üzrə faizlərin yüksək olduğu barədə fikirlər səsləndirilir. Qeyd edək ki, hazırda ölkəmizin bank sektorundakı faizlər qonşu ölkələrdən yüksək deyil. Belə ki, Azərbaycanda bank kreditlərinin istehlak faizləri orta hesabla təxminən 22,3 faiz, biznes kreditləri üzrə isə 8,6 faizdir. Təbii ki, bu rəqəm xarici valyuta üzrə olan biznes kreditlərində daha aşağıdır və 5 faiz təşkil edir. İndiki dövrdə milli valyuta üzrə biznes kreditlərinin verilmə faizi 13 faizdir. Bundan əlavə, sahibkarlıq fəaliyyətinin alternativ yollarla maliyyələşdirilməsi baxımından ölkə başçısının müvafiq fərmanı ilə 2017-ci ilin dekabrında İpoteka və Kredit Zəmanət Fondu yaradılıb. Cari ilin 9 ayı ərzində fondun zəmanəti ilə müvəkkil banklar tərəfindən sahibkarlara 41 milyon 759 min manat məbləğində kredit verilib. Bu kreditlərin orta müddəti 28 ay və orta faiz dərəcəsi 16,3 faiz təşkil edib.

Maliyyə-bank sektorunun sağlamlaşdırılmasında prezident İlham Əliyevin 2019-cu il 28 fevral tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı olub. Həmin Fərmanın icrası ilə əlaqədar təxminən 602 min şəxsə kompensasiya hesablanıb. Ümumilikdə bu il sentyabrın 30-na dövlət büdcəsi hesabına 633 milyon manat kompensasiya ödənilib. Bu vəsaitin 323 milyon manatı bilavasitə vətəndaşların özlərinə çatıb, 310 milyon manatı 10 gündən çox gecikməsi olan kreditlərin ödənilməsinə istiqamətləndirilib, 494 milyon manat isə problemli kreditlərin restrukturizasiyasına yönəldilib. Artıq restrukturizasiya ilə bağlı Azərbaycan Mərkəzi Bankı tərəfindən 100 milyon manatdan yuxarı vəsait bankların müxbir hesablarına köçürülüb. Geniş çərçivədən baxsaq, bu fərman qeyri-işlək aktivlərin həcminin azalmasına, eyni zamanda bank sektorunun dayanıqlığına dəstək verməklə yanaşı, növbəti dövrlərdə KOB-ların maliyyələşdirilməsinə əlavə vəsaitin ayrılmasına gətirib çıxaracaq.

Maliyyə-bank sektoru ile ilgili görsel sonucu

İnnovativ yeniliklər tətbiq olunur

Eyni zamanda “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları” təsdiqlənib. Bunlarla yanaşı, cari il aprelin 17-də Maliyyə Bazarlarına Nəzarət Palatası, KOBİA və Azərbaycan Banklar Assosiasiyası arasında KOB-ların inkişafına dəstək vermək məqsədilə niyyət protokolu imzalanıb. Bu əməkdaşlıq çərçivəsində bankların iştirakı ilə strateji plan hazırlanıb və bu strateji plan əsasında formalaşdırılacaq vəsaitlərin 58 faizi KOB-lara, 23 faizi mikrobiznes subyektlərinə, 19 faizi iri sahibkar subyektlərinə veriləcək.

Qeyd etmək yerinə düşər ki, Azərbaycanda kredit əlçatanlığı səviyyəsi Dünya Bankı tərəfindən yüksək qiymətləndirilib. Belə ki, Bankın son “Doing Business 2020" hesabatında kredit əlçatanlığı üzrə Azərbaycan 190 ölkə arasında bütün ölkələri geridə qoyaraq 1-ci yerdə qərarlaşıb. Bununla yanaşı, qlobal səviyyədə ölkələr üzrə maliyyə bazarlarının analizini həyata keçirən ”Moody’s" beynəlxalq reytinq agentliyi son hesabatında Azərbaycanın mövqeyini sabit “Ba2" səviyyəsində təsdiqləyib, məqsədyönlü islahatlar nəticəsində maliyyə-bank sektorunda kredit verilməsi əmsalının yüksəlməsi, ehtimal olunan maliyyə risklərinin aşağı salınması və sektorun elastikliyinin artırılması baxımından atılan addımları müsbət qiymətləndirib. Oxşar mövqe daha bir nüfuzlu maliyyə təşkilatı olan ”Fitch" beynəlxalq reytinq agentliyi tərəfindən də təsdiqlənmiş və “BB+” reytinqi ilə ölkəmiz Şərqi Avropa və postsovet məkanında yerləşən 22 ölkənin dəyərləndirildiyi üçüncü rüb hesabatında Cənubi Qafqaz üzrə birinci yerdə qərarlaşıb.

Beləliklə, bu gün iqtisadiyyatın qeyri-neft sektorunun, eləcə də bu istiqamət üzrə inkişafın başlıca maliyyə təminatçılarından olan bank sektorunun qarşısında yeni çağırışlar dayanır. Görünən də odur ki, maliyyə-bank sektorunun sağlamlaşdırılması istiqamətində həyata keçirilən hüquqi-institusional islahatlar, atılan praktik addımlar həm bu sektorun inkişafını təşviq edir, həm də iqtisadiyyatın digər qollarını stimullaşdırır, eyni zamanda cəmiyyətdə banklara olan etimadı möhkəmləndirir. Bu etimad özünü rəqəmlərdə də göstərir - bu ilin oktyabrın 1-nə Azərbaycan əhalisinin ölkə banklarındakı əmanətlərinin həcmi 8 milyard 491,3 milyon manat təşkil edib. Cari ilin ötən ayında Azərbaycan əhalisinin banklardakı əmanətlərinin həcmi 8 milyard 456,9 milyon manat olub ki, bu da son bir ayda əhalinin əmanətlərinin 34,3 milyon manat və ya 0,4 faiz artması deməkdir. Ötən ilin müvafiq dövründə isə bu göstərici 8 milyard 114,9 milyon manat olub. Belə ki, illik müqayisədə bu ilin əmanətlərinin həcmi 376,4 milyon manat və ya 4,6 faiz artıb.