|
Elman Məmmədov: “Vətəndaşlara bildirilir ki, ölkədə olmamısan, sənə müavinət düşmür”

Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən deputat Elman Məmmədov əvvəlcə sənəddə hərbi xərclərin azaldılmasından narahatlığını bildirdi. Dedi ki, büdcə vəsaitlərinin xərclənməsinə nəzarətin artırılması arzuolunandır.

Daha sonra E.Məmmədov məcburi köçkünlərə, qaçqınlara, şəhid ailələrinə, müharibə veteranlarına, əlillərə dövlət qayğısından, prezidentin diqqətindən bəhs etdi: “Ancaq bəzən kimlərinsə mövqeyi nəticəsində elə qərarlar verilir ki, bu qərarlar məcburi köçkün statusuna malik olan bir qrup insanın hüquqlarının pozulmasına gətirib çıxarır”. Deputat narazılıq doğuran məqamlara diqqət çəkdi: “Məcburi köçkün başqa ölkədən gəlməyib ki, Azərbaycan vətəndaşıdır. İşğal nəticəsində onların ev-eşiyi qalıb düşmən əlində. Amma öz ağlını orda qoymayıb ki. Məsələn, Nazirlər kabinetinin 2017-ci ilin 24 noyabr qərarında yazılır ki, əgər məcburi köçkün özünə ev tikibsə, ona müavinət verilmir. Onda belə çıxır ki, məcburi köçkünlərdən heç kim işləməsin, əlini ağdan-qaraya vurmasın, otursun, desin məni dövlət təmin etsin. Yaxud məcburi köçkün olan qadın məcburi köçkün olmayan kişiyə ərə gedibsə, onun müavinəti kəsilir. Həmçinin məcburi köçkün olan kişi məcburi köçkün olmayan qadınla ailə qururusa, onun da müavinəti kəsilir. Niyə? Nə səbəbə? Yaxud da tutaq ki, məcburi köçkün 182 gün ölkədə olmayıb, işləməyə, yaxud müalicəyə gedib xaricə. 2017-ci ildə qəbul olunmuş 24 noyabr tarixli qərar isə o vətəndaşlara şamil olunmur. Yəni bildirilir ki, sən ölkədə olmamısan, sənə müavinət düşmür”.

Spiker Oqtay Əsədov məsələ ilə bağlı deputata təklif etdi ki, bu məsələləri yazılı formada hökumətə təqdim etsin.