Bakı Şəhər Prokurorluğunda cinayət işi başlayıb
Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında 3 tələbə qız zəhərlənib, onlardan biri dünyasını dəyişib. Zəhərlənmə halı noyabrın 20-də axşam saatlarında müşahidə edilib. Qızların halı pisləşdiyindən təcili tibbi yardım çağırılıb və onlara iynə vurulub. Həkimlər ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü Həmidə Bünyamiddin qızı İbadovanı, kitabxanaçılıq və informasiya fakültəsinin dördüncü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Dilrubə Qismət qızı Quliyevanı və fizika fakültəsində təhsil alan 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Xasmətovanı xəstəxanaya aparmaq istəsə də, tələbələr bundan imtina edib. Müalicə ambulator şəraitdə davam etdirilib. Noyabrın 21-də yenidən təcili tibbi yardım çağırılıb. Bu zaman artıq Şəkər Xasmətovanın öldüyü məlum olub.
Report.az xəbər verib ki, təcili tibbi yardım həkimləri qızları huşsuz vəziyyətdə aşkarlayıb və ağızlarından qan gəlib. Ölən tələbə 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Hasmətovanın nişanlı olduğu bildirilib. Hüquq-mühafizə orqanları əməkdaşları qızların otağında təhqiqat aparıblar. APA-nın məlumatına görə, ilkin araşdırmalardan və digər tələbələrin verdiyi məlumatdan ehtimal olunur ki, zəhərlənmə tələbələrin ev şəraitində hazırlanmış və ya marketdən alınmış konservləşdirilmiş məhsullardan istifadəsi zamanı baş verib: “Hadisə dünən gecə saatlarında, 20 noyabrda olub. Həmin vaxtı təcili tibbi yardım gəlib, tələbələrə ilkin tibbi yardım göstərilib, onlar müayinə olunub, iynə vurulub. Həmin vaxt tələbələrin vəziyyəti normala qayıdıb, özlərinin razılığından sonra təcili tibbi yardım oranı tərk edib. Amma görünən odur ki, səhər saatlarında tələbələrimizin səhhətində yenidən problem baş verib. Vəfat edən tələbəmizə Allahdan rəhmət diləyirik. Bu, bizim üçün böyük itkidir. Digər iki tələbənin vəziyyətinin ciddiliyi nəzərə alınaraq, Kliniki Tibbi Mərkəzə köçürülüb. Onların vəziyyətinə tam şəkildə nəzarət olunur. Zəhərlənənlərin həyatı üçün təhlükə yoxdur. Onların vəziyyəti yaxşılığa doğru gedir, özləri hadisə ilə bağlı açıqlama veriblər. Məsələ tam şəkildə universitet rəhbərliyinin nəzarətindədir. Bütün tələbələrə müraciət edirik ki, qidalanmalarına və gigiyenik qaydalara nəzarət etsinlər”.

Bakı Şəhər Prokurorluğu Bakı Dövlət Universietinin 2 saylı yataqxanasında universitetin tələbələrinin zəhərlənməsi ilə bağlı məlumat yayıb.
Həmin məlumatda deyilir ki, tələbələrin Kliniki Tibbi Mərkəzə yerləşdirilməsi faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis, prokurorluq, Qida Təhlükəsizlik Agentliyinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, qida nümunələri götürülərək laborator müayinəsinə göndərilib. Fakta görə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Tələbələrin zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib. Hadisə zamanı zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə daxil olmuş Həmidə İbadova və Dürrubə Quliyevanın müalicəsi Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülmüş, stasionar şəraitdə müalicələri davam etdirilir.

Hazırda iş üzrə Qida Təhlükəsizlik Agentliyinin mütəxəsisləri cəlb edilməklə, təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev 1 saylı Kliniki Tibbi Mərkəzə gedib və 2 saylı yataqxanasında zəhərlənən tələbələrə baş çəkib.
Xatırladaq ki, noyabrın 21-də bir ailənin 3 üzvü dəm qazından zəhərlənib. Səhiyyə Nazirliyindən “Trend”ə verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, 30-da baş verib. Məlumata görə, dəm qazından boğulma barədə çağırış təcili yardım xidmətinə saat 00:34-də daxil olub. Həmin ünvandan 29 yaşlı qadın, 5 yaşlı 2 uşaq (oğlan və qız) dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər. Lazımi tibbi yardım göstərildikdən sonra xəstələr ambulator müalicəyə buraxılıblar. Bu məlumat tələbələrin də dəm qazından zəhərlənməsi haqda iddiaların ortaya çıxmasına səbəb olub.
