|
Əli Orucov: “Sıravi müxalifətçilər partiya rəhbərliyinə, liderlərinə təzyiqləri artırmalıdır”

Müxalifətçilər birlik çağırışından əl çəkmir

Müxalifət partiyalarının sıravi üzvləri yerlərdən partiya rəhbərlərinə “birləşmək lazımdır” çağırışlarını edirlər. Əsasən də seçkilər öncəsi bu cür çağırışlar artır. Adətən seçkilər öncəsi yaradılan müxtəlif adlarda olan birliklərin ömürləri də müxtəlif olub. Bəziləri çox qısa müddətdə dağılıb, bəziləri nisbətən çox yaşayıb. Lakin ömürləri müxtəlif olsa da taleləri, sonları eyni olub-elan olunan məqsədə, hədəfə çata bilməyiblər, dağılıblar. Bəs bu cür mənfi təcrübələrə baxmayaraq, sıravi müxalifətçilər nədən dəfələlərlə sınaqdan çıxarılmış və heç də ciddi nəticə verməyən birlik məsələsində israr edir?

AMİP katibi Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, sadə insanlar, sıravi müxalifətçilər dəyişikliklər arzusundadır. Bir çoxları isə hesab edir ki, müxalifət partiyaları birləşən kimi arzuladıqları dəyişikliklər tez bir zamanda həyata keçəcək. Ancaq təcrübə göstərir ki, hər şey partiyaların birlik yaratmasından asılı deyil: “Müxalifətin birləşməsi barədə bundan sonra da  aramsız çağrışlar olacaq. Lakin nə qədər olsa da bu çağrışların tam reallaşacağı ehtimalı çox azdır. Çünki müxalifət düşərgəsi rəngarəngdir və bir qismi tam sərbəst qərar vermək istidarında deyil. Yaxud fərqli ideologiya daşıyıcısıdır. Üstəlik də bu partiyalar arasında psixoloji uçurum yaranıb, bir-birilərinə qarşı xoş münasibətləri yoxdur. Mən müxalifət düşərgəsinin ideal birlik formatında birləşməsinə o qədər də inanmasam da, bir sıra məsələlərdə ortaq məxrəc tapmaq mümkün olduğu qənaətindəyəm. Əməkdaşlıq və məsləhətləşmə, fəaliyyətin kordinasiya edilməsi, qarşılıqlı əks-təbliğatın aparılmaması istiqamətində razılaşmaq mümkündür”.

Ə.Orucov hesab edir ki, sıravi müxalifətçilər də partiya rəhbərliyinə, liderlərinə təzyiqləri artırmalıdır. Çünki onlar olmadan partiyalar da yoxdur: “Hansı partiya birliyə, əməkdaşlığa qarşı çıxırsa, pozuculuqla məşğuldursa, həmin partiyanın sıravi üzvləri öz kəskin mövqelərini ortaya qoymalıdır. Təəssüflər ki, partiyaların sıravi üzvləri əksərən öz liderlərinə kor-koranə itaətkarlıq göstərir, elə düşünürlər ki, liderləri səhv qərar verə bilməz, səhv siyasi kurs yürüdə bilməz. Sıravi üzvlərdən də çox şey asılıdir. Onlar partiyanın idarə edilməsində yaxından iştirak etməklə yanaşı, onun fəaliyyətinə, atdığı addımlarına, yürütdüyü siyasətinə nəzarəti həyata keçirməyi bacarmalıdır.

Xalq necə hakimiyyətə ictimai nəzarəti edə bilmirsə, sıravi üzvlər də eynən partiyalara ictimi nəzarəti həyata keçirmirlər. Fanatiklikdən real düşüncəyə keçmək lazımdır".