ETSN: “Meşə yanğınlarının əksəriyyəti məhz belə istifadəyə yararsız ərazilərdə baş verir”
Bir neçə gündür ki, mətbuatda Şəki və Qax bölgəsindəki meşə torpaqlarının icarəyə verilib, əvəzində bitki və kolların kəsilərək yerində fındıq bağının salınması haqqında məlumatlar dolaşır. Özünü ekoaktivist kimi təqdim edən Cavid Qara açıqlamasında iddia edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Şəki və Qax bölgəsindəki açıq meşə torpaqlarını 49 illik icarəyə verib. Meşə fondu torpaqlarını icarəyə götürən şəxslər oradakı bitki və kolları kəsərək yerində fındıq bağı salmaq istəyirlər.
“Yeni Müsavat” bu barədə araşdırma aparıb, adıçəkilən tərəflərin nümayəndələrini danışdırıb. Belə ki, “Monte Ferro Aqroparkı”ın məsul işçisi Yunus Əfəndiyev bildirib ki, əslində səslənən fikirlərin heç biri doğru deyil:
“Biz nazirliklə müqavilə bağlayıb, 500 hektarlıq ərazini fındıq bağları salmaq üçün icarəyə götürmüşük. Həmin ərazi isə uzun müddətdir ki, istifadə edilmirdi. Buna görə də orada, sadəcə, kol və daşlar var idi. Yəni kolluq, daşlıq ərazi idi. Biz oranı kol və daşlardan təmizlədik, bəzi yerlərdə illərlə quruyub qalmış tək-tək ağac və kötükləri ərazidən çıxardıq və fındıq bağını salmağa başladıq. Hazırda əkin işləri gedir və yerli əhalinin içərisindən 25-30 nəfər işlə təmin olunub. İşlərimiz çoxaldıqca daha çoxsaylı insanları işlə təmin edəcəyik. Şirkətimiz tərəfindən Qax və Şəki ərazisində 1500 hektar fındıq bağları artıq salınıb. Bu ərazidə fındıq tingləri əkilib. Eyni zamanda bu ərazilərdə damcılı suvarma sistemləri qurulub. Sözügedən ərazidə 4 artezian quyusu qazılıb, 10 min tonluq su hovuzu yaradılıb, ərazi elektrik enerjisi ilə təmin olunub. Biz orada heç bir ağac qırmamışıq. Yəni kiçik kollar və iri daşlar təmizlənib. Biz əgər təbiətin qayğısına qalıb ağac əkiriksə, nə üçün digər ağacları qıraq? Hədəfimiz ümumilikdə 5 min hektar ərazidə bu bağı salmaqdır. Söhbət təkcə icarəyə götürdüyümüz ərazilərdən getmir. Həmçinin əhalidən də pay torpaqları almışıq. Eyni zamanda bələdiyyələrdən də uzun müddət üçün torpaq icarəyə götürmüşük”.

Rusiyada təhsil almış meşə üzrə ekspert Sadiq Salmanov “Yeni Müsavat”a söyləyib ki, əslində qırıldığı iddia edilən ərazi kollardan ibarətdir: "Hazırda ərazidə kollar, daşlar təmizlənir, müasir formada aqrobağlar, sənaye bağları salınır. Məqsəd meşə fondunun açıq ərazilərinin ağaclandırılması, yəni orada meşə örtüyünün yaranmasıdır. Bunun nəyi pisdir? Lap orada olsun yabanı halda bitən 5-10 ağac. Hansı yaxşıdır? 5-10 ağacın olması, yoxsa minlərlə bar verən ağacın olması?"
Meşə üzrə ekspert onu da bildirib ki, bəziləri əsas gətirirlər ki, camaat oradakı böyürtkən kollarının meyvəsini yığıb sataraq pul qazanır. Ona görə də həmin kolları qırmaq olmaz: "Bəs bu gün şirkətlər orada nə işlər görür? Orada onlarla insan işlə təmin edilir. Bunu görmürlərmi? Görülən işlərin həm ətraf mühitə, həm də oradakı insanlara faydası böyükdür. Bəllidir ki, Azərbaycan ərazisinin 14 faizi meşə fondu torpaqlarıdır. 11 faizi meşə örtüyü ilə əhatə olunub. Yerdə qalan 3 faiz meşəsiz sahələrdir. Həmin sahələr də illərlə boş qaldığından orada kol bitkiləri, quru ot örtükləri əmələ gəlir. Kol bitkiləri yazda inkişaf dövrü keçir, havaların quraq olduğu yay mövsümündə isə quruyaraq yanğın təhlükəsi yaradır. Həmin kollar ərazinin təbii ekosistemində elə də vacib əhəmiyyət kəsb etmir. Uzun illərdir ki, boş qaldığından meşəbərpa əhəmiyyəti olmayan kol-kosun yaranması ilə müşayiət olunur. Kimsə özünü təbiətə can yandıran göstərmək istəyir, yaxud da bilərəkdən camaatı çaşdıran çıxışlarla görülən işləri, bütün qayda və qanunlar çərçivəsində həyata keçirilən meşəbərpa tədbirlərini və meşə fondunun açıq sahələrdən səmərəli istifafə edilməsini qaralamaq istəyir. Yenə də təkrarlayıram, məqsəd süni ajiotaj yaratmaq, yalnız görülən səmərəli işlərə mane olmaqdır.
Aqrobağlar həmin ərazinin kol-kosdan təmizlənərək damcılı suvarma sistemi ilə təchiz edilməsi, dünya standartlarına cavab verən müasir və əhəmiyyətli meşə örtüyü, yaşıllıq sahələri deməkdir. Eyni zamanda əhalinin sosial rifahının yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, ərzaq bolluğuna xidmət edir.
Bu, 2017-ci ildə Meşə Məcəlləsinə edilən dəyişikliyə əsasən tam qanunamüvafiqdir və həmin ərazilər fermerə, sahibkara verilir və dövlət büdcəsindən vəsait xərclənmədən müasir standartlara cavab verən aqrobağlar salınır. Bunun nəyi pisdir ki?
Nazirliyin də əsas hədəfi odur ki, təbiətimiz naminə, yerli ekosistemlərin daha da zənginləşdirilməsi ilə səmərəliliyin artırılması naminə sahibkarlar meşə ilə örtülü olmayan ərazilərə yatırımlar etsin, məhsul götürsün, həm ərazi yaşıllaşsın, meşə örtüyü əmələ gəlsin, həm də yerlərdə insanların məşğulluğuna kömək göstərilsin. Bu hansı balansı pozur?" S.Salmanov əlavə edib ki, Şəki və Qaxda heç bir ağac kəsintisi faktı olmayıb: "Ərazi dediyim kimi kol-kosdan təmizlənir. Nazirlik icarəyə verilən sahələrdə nə əkinçiliklə məşğul olur, nə də satışla məşğul olur. Sadəcə, nazirliyin tabeliyində olan ağac olmayan sahələr meşə örtüyünün artırılması məqsədilə icarəyə verilir".
Xatırladaq ki, Qaxın Qaşqaçay, Şəkinin Bideyiz, Cunud, Baş Layısqı və Köbər Zəyzit kəndləri ətrafındakı ərazilərdə aqrobağların salınması işlərini “Monte Ferro Aqroparkı” həyata keçirir.
