Aydın Mirzəzadə: “Qarabağdan başqa hər şeydən danışdılar”
Qarabağ Komitəsinin 17 noyabr Milli Dirçəliş Günü ilə bağlı həmin tarixdə ADP qərargahında keçirdiyi böyük tədbirə hakim Yeni Azərbaycan Partiyasının qatılmaması bir sıra müzakirələrə səbəb olub. Halbuki YAP tədbirə dəvətli idi.
Hətta tədbirdən öncə “Yeni Müsavat”da QK-nin təsisçilərindən olan, AĞ Partiya başqanı Tural Abbaslı rəsmi şəkildə YAP-a müraciət etmiş, partiyanın iştirakının vacibliyini önə çəkmişdi.
YAP-ın İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə toplantıya qatılmamalarına bu cür şərh verdi: “Mən dəvət edilmə məlumatından xəbərdar deyiləm. Amma onların toplantısı ilə bağlı mətbuatda gedən informasiyaları izlədim. Açığı deyim ki, Qarabağdan başqa hər şeydən danışdılar. Əgər tədbir Qarabağ mövzusu ilə bağlı idisə, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı məsələ qaldırılmalı, öz variantları önə çəkilməli idi. Eyni zamanda hökumətin bu istiqamətdə gördüyü işlərə qiymət verilməli, təkliflər irəli sürülməli idi. Bunların heç biri olmadı. Həmçinin gözləyirdim ki, müxalifətin bu tədbirində ayrı-ayrı müxalif nümayəndələrinin xarici ölkələrə səfərləri zamanı onların Dağlıq Qarabağ məsələsinin qaldırmamalarına içərilərindən də irad bildiriləcək. Amma bunu da görə bilmədik. Cəmil Həsənli ABŞ-a səfər etdi və bir dəfə də olsun ki, Ermənistanın işğalı məsələsinə toxunmadı. Türkiyə səfirliyinin nümayəndəsi onun yadına saldı ki, əsas məsələ Dağlıq Qarabağdır. Təəssüf edirəm ki, ayrı-ayrı cəbhələrdə olsaq da, ümumi problemimiz olan Dağlıq Qarabağ məsələsi müxalifətin sonuncu toplantısında səslənmədi. Siyasətçi onu maraqlandıran məsələlərlə bağlı öz mövqeyini ortaya qoymalıdır.
Amma müəyyən ümummilli məsələlər var ki, burada iqtidar-müxalifət məsələsi yoxdur. Qarabağ Komitəsi Qarabağ məsələsinə görə siyasi qüvvələri bir araya gətirirdisə, mənə elə gəlir ki, orada əsaslı məsələlərdən danışılmalı idi. Amma hər şeydən danışdılar, ən vacib məsələyə toxunmadılar. Özləri də hiss etmirlər ki, cəmiyyətin qınağına tuş gəlirlər. Bununla cəmiyyətin onları başqa tərəfdən tanımalarına səbəb olurlar. Cəmiyyəti bu gün maraqlandıran əsas məsələ torpaqlarımızın işğal altında qalmasıdır, sosial inkişaf məsələləridir, iqtisadiyyatımızın güclənməsidir, maaşların artırılmasıdır, tibbi sığortaya keçid məsələsidir. Bunlar barədə heç kəs danışmadı. Ancaq hakimiyyət, hakimiyyətə qarşı mübarizə və digər məsələlərdən danışdılar. Müxalifət hakimiyyətə qarşı mübarizə aparır. Ancaq bu gün onun səsləndirdiyi şüarlar, fəaliyyəti sadə vətəndaşın maraqlarını özündə ehtiva etmirsə, nə sosial baza yığa biləcək, nə də ki öz tərəfdarlarının sayını artıracaq”.
YAP funksioneri partiyanın QK-nin tədbirinə qatılmamasının doğru olub-olmadığı yönündə sualımıza cavab vermək istəmədi: “Mən təşkilati məsələlərə cavabdeh deyiləm. Ona görə də bu suala cavab verə bilmirəm”.
