Nüsrət İbrahimov: “Hökumət yumşaldıcı addımlar hazırlayır”
Ötən ildən etibarən Azərbaycanda tikintilərin mövcud normativlər əsasında aparılmasının təmin olunması istiqamətində ciddi addımlar atılır. Uzun illər ərzində nizamsız, tikinti qayda və normativlərinin pozulması şəraitində həyata keçirilən tikintilər ölkə ərazisində, xüsusilə də paytaxt Bakıda ciddi problemlərə yol açıb. Rayon və şəhər icra hakimiyyətinə, tikintiyə nəzarət edən dövlət qurumlarına rüşvət verməklə, yaxud arxalarında dayanan yüksək ranqlı məmurların tapşırığı əsasında tikinti aparan şirkətlər nə şəhərsalma, nə yanğın təhlükəsizliyi, nə də arxitektura qaydalarına əməl etməyə lüzum görməyiblər.
Qeyd etdiyimiz kimi, 2018-ci ilin ortalarından etibarən ölkə rəhbərliyi tərəfindən tikinti qaydalarına nəzarət bütünlüklə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə olunduqdan sonra bu sahədə vəziyyət ciddi şəkildə dəyişib. Bakı şəhərində tikintilərin mövcud norma və standartlara uyğun həyata keçirilməsi təmin olunub, bu norma və standartlara uyğun olmayan tikintilər dayandırılıb. Eyni zamanda rüşvət və korrupsiya yolu ilə belə tikintilərin həyata keçirilməsi praktikasına son qoyulub. Tikintiyə icazələrin verilməsi sistemi sadələşdirilib, bu sahədə elektronlaşmaya keçilib, mövcud korrupsiya imkanları ləğv edilib. Maraqlıdır ki, bu şəffaflaşma, qanunvericiliyə və normativlərə əməl olunması tələblərinin sərtləşməsi tikinti sahəsində bir sıra problemlərə yol açıb. Belə ki, tikinti sektorundan redaksiyamıza verilən məlumata görə, hazırda Bakı şəhəri ərazisində tikintiyə icazənin alınması, tikintiyə torpağın ayrılması və digər istiqamətlərdə heç bir rüşvət və korrupsiya mexanizmi işləmir: “Bütün proses qanun və normativlər, standartlar əsasında həyata keçirilir. Bizdən heç bir orqan rüşvət istəmir. Yəni bu sahədə olan bütün qeyri-qanuni tələblər aradan qalxıb. Lakin hazırda mövcud olan standart və normativlərlə işimizi qura bilmirik. Elə tələblər vcar ki, onlara əməl etməklə bina tikdikdə, çox cüzi gəlir əldə etmək mümkündür. Hansı ki, o gəlir tikinti kimi ağır sahəyə üz tutub, böyük yükün altına girməyimiz üçün qətiyyən yetərli deyil”.

Tikinti sektorundakı mənbələrin bildirdiyinə görə, qanuni normativlər əsasında tikinti aparmaq iqtisadi baxımdan sərfəli olmadığına görə keçən ildən bəri paytaxt ərazisində yeni tikintilərə başlanması prosesi, demək olar ki, tamamilə dayanıb: “Diqqət yetirsəniz, görəcəksiniz ki, tikinti yalnız Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişçi olduğu binalarda başlayıb. Özəl şirkətlərin böyük əksəriyyəti tikintiyə başlamırlar, çünki sərf etmir”.
Qeyd edək ki, tikinti sahəsindəki durğunluq rəsmi statistikada da əksini tapıb. Belə ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, bu ilin yanvar-oktyabr ayları ərzində tikinti sektorunda Ümumi Daxili Məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz azalıb. Bundan əlavə, yeni tikintilərin başlanmaması Bakının daşınmaz əmlak bazarında qiymət artımına da səbəb olub. Belə ki, müxtəlif monitorinq mərkəzlərinin hesabatlarına görə, paytaxtın ilkin mənzil bazarında qiymətlər ilin əvvəlindən bəri 3 faizədək, təkrar bazarda isə 5 faizə qədər artıb. Ekspertlər bunu hər iki bazarda təklifin azalması, eyni zamanda yeni tikintilərə başlanmaması ilə əsaslandırırlar.
Tikinti əmək tutumlu sahə olduğuna görə bu sektordakı durğunluq məşğulluq sahəsində də ciddi problemlər yaradır. Tikintidə çalışan minlərlə vətəndaş iş yerindən məhrum olur.
“MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimovun “Yeni Müsavat”a dediyinə görə, tikinti sahəsindəki durğunluğun əsas səbəbi mövcud normativlərlə bağlıdır: “Əsas problem tikinti sıxlığını tənzimləyən standartlarla bağlıdır. Belə ki, əgər əvvəllər şirkətlər kiçik torpaq sahəsində böyük komplekslər tikirdilərsə, indi belə hallara yol verilmir. Tikinti şirkətləri də baxırlar ki, rentabellik azalır, gözləmə mövqeyinə çəkilirlər. Məndə olan məlumata görə, müvafiq dövlət qurumlarından bu məsələ üzərində işlər gedir. Müəyyən yumşaldıcı addımların atılması planlaşdırılır. Hələ ki problem davam edir. Əvvəllər tikinti mərhələsində olan tikililərin sayı 230-240 olurdusa, indi bu, xeyli azalıb”.
Mütəxəssis bildirir ki, mövcud standartlara əsasən 1 hektar ərazidə tikinti sıxlığı 1,6-ya qədərdir: “Bu isə tikintidə rentabelliyi azaldır. Gözlənilir ki, bu norma 2 dəfəyə yaxın artırılsın ki, tikintini aparan şirkətlər normal gəlir əldə edə bilsinlər. Bu addım atılsa, yəqin ki, tikintilər yenidən başlanacaq”.
