Milli Qəhrəman Vahid Quliyev: “İlk növbədə xalqın diqqətini cəlb edən insanlara heykəl qoyulması yaxşı olardı”
“Arzulayardım ki, təkcə Albert Aqarunov deyil, hər bir milli qəhrəmana abidə ucaldılsın. Amma əfsus ki, bu məsələ gecikdirilib. Nazirlər Kabineti, icra hakimiyyətləri, ayrı-ayrı nazirliklər qəhrəmanların yaşadılması üçün abidə ucaldılması istiqamətində iş görməlidirlər, küçələrə onların adları verilməlidir. Təəssüf ki, bu proses gecikib”.
Bu sözləri Qarabağ qazisi Rey Kərimoğlu “Yeni Müsavat”a açıqlamasında bildirib.
Xatırladaq ki, bugünlərdə Bakının Nərimanov ərazisində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub. Bu hadisə ictimaiyyət tərəfindən çox müsbət qarşılanıb. Əksəriyyət milli qəhrəmanlarımızın şərəfinə heykəl qoyulması ənənəsinin bundan sonra da davam etməsini arzu edib.
Bəs bu günə qədər Azərbaycanın neçə milli qəhrəmanı var?
Rəsmi məlumata əsasən, bu günə qədər Azərbaycanın 215 milli qəhrəmanı var. Sonuncu dəfə bu ada 2016-cı il aprel döyüşlərində şəhid olan Murad Mirzəyev, Samid İmanov, Şükür Həmidov, 2017-ci ildə isə qəhrəmancasına şəhid olan 22 yaşlı Çingiz Qurbanov layiq görülüb. Milli qəhrəmanların demək olar ki, böyük əksəriyyəti ölümündən sonra bu fəxri ada layiq görülüb. Lakin sağ ikən də bu ada layiq görülənlər var. Hazırda həyatda olan 18 nəfər var ki, onların da sırasında Maşallah Abdullayev, Məhəmməd Həsənov, Şahin Tağıyev, Rövşən Əkbərov və Vahid Quliyevin adlarını qeyd etmək olar.
Onu da xatırladaq ki, Surət Hüseynov və Rasim Əkbərov bir zamanlar aldıqları Milli Qəhrəman adından məhrum ediliblər.

Milli Qəhrəman Vahid Quliyev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Gənclər arasında vətənpərvərliyin təbliği üçün kitab yazmaq, heykəl ucaltmaq və sairə bu kimi işlərin görülməsi təqdirəlayiqdir. Bu bir əyani təbliğat vasitəsidir və insanların, gənclərin diqqətini cəlb edir. Amma mümkün deyil ki, bütün milli qəhrəmanların hamısın heykəl ucaldılsın. Əlbəttə ki, ilk növbədə xalqın diqqətini cəlb edən insanlara heykəl qoyulması yaxşı olardı. Həmçinin onların barəsində kitabların yazılması, dərsliklərə salınması və bu kimi tədbirlərin görülməsi vacib məsələdir. Bir daha qeyd edirəm ki, hamısına da heykəl qoyulması əlbəttə ki, mümkün deyil. Ola bilər ki, bəzilərinin adları yaşadıqları ərazidə, oxuduqları məktəblərə adları verilsin. Bunlar təqdirə layiqdir və təbliğat vasitəsi kimi lazımdır.
Orta məktəb dərsliklərinə salınsa daha yaxşı effektli olar. Həmçinin film və televiziya verilişlərində də onların təbliğ olunması yaxşı olardı. Bir ara televiziyada hər bir milli qəhrəmana aid veriliş hazırlanırdı. Yaxşı olardı ki, bu ənənə davam etdirilsin".

Aqil Abbas: “Birinin adını əbədiləşdirib, digərini unutmaq doğru deyil”
Deputat, Qarabağ uğrunda döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edən “Dolu” romanının müəllifi Aqil Abbas isə qeyd etdi ki, bu günə qədər bir sıra milli qəhrəmanların adlarının əbədiləşdiirldiyini xatırlatdı: “Bir neçə qəhrəmanlarımıza yaşadıqları rayon və şəhərlərdə heykəl və abidə qoyulub. Olub ki, onların doğulduqları ərazi hazırda işğal altında olduğundan abidələri Bakıda qoyulub. Çox yaxşı olardı ki, hər bir milli qəhrəmanın adı əbədiləşdirilsin və burada qeyri-adi, çətin bir şey yoxdur. Camaat milli qəhrəman olmayanlarına abidə ucaldır. Biz niyə qoymayaq? Doğrudur, əksəriyyətinin adı əbədiləşdirilib, lakin heykəl, abidə bir qədər başqadır.
Məsələn, çox istəyərdim ki, Allahverdi Bağırovun heykəli ucaldılsın. İndi qəbir üstünə gedib, abidəsinin üzərinə gül qoymaq, ziyarət etmək başqadır. Amma hər halda, hər kəs gedib onun qəbrini ziyarət edə bilmir. Çox gözəl olardı ki, onun da heykəli qoyulsun".
Aqil Abbas qeyd etdi ki, hər bir rayonun öz Milli Qəhrəmanına heykəl qoyması təqdirə layiq olardı: “Deyim ki, bu işin elə də böyük xərci yoxdur. Nəzərə alsaq ki, hər rayonun sadəcə 2-3 Milli Qəhrəmanı var, bu işi həyata keçirmək problem deyil. Qardaş Türkiyəni gəzdikcə şahidi oluruq ki, keçidlərə, tunellərə, körpülərə şəhid adları qoyulur. Bu çox xoş bir nəticədir. Bakıda da çoxlu sayda keçidlər, körpülər var. Bu ənənəni biz də davam etdirə bilərik”.
Deputat metrostansiyalarına milli qəhrəmanların adları verilməsi məsələsinə də toxunub: “Bu da yaxşı haldır. Lakin metrostansiyaya bir milli qəhrəmanın adını qoymaq, başqasının da gözdən itirmək düzgün deyil. Və yaxud olur ki, bir milli qəhrəman barəsində film çəkilir, heykəl qoyulur, amma bəzi qəhrəmanlarımız yaddan çıxır. Yəni bir qədər doğmalıq, ögeylik söhbəti yaranır. Bir ara məktəblərə şəhidlərin adı qoyulurdu. Amma olur ki, bir kəndin çoxlu sayda şəhidi var və bir şəhidin adının məktəbə qoyulması digər şəhid ailələrini incik salırdı. Bildirirdilər ki, niyə onların şəhid oğlunun da adına məktəb yoxdur? Buna görə də sonradan düşündülər ki, bu məsələ yığışdırılsın. Məsələn, olur ki, mənə deyirlər ki, oğlumun adı məktəbə qoyulsun. Bu zaman təklif edirəm ki, şəhidin adına bir bulaq çəkdirək. Bu, adın məktəbə verilməsindən daha effektli və yaxşı olur, həm də savabdır. Bulağa gəlib-gedən hər kəs bir daha şəhidi xatırlayır. Görürsən ki, ailələr bu fikirlə razılaşırlar. Bu gün yol kənarlarında çoxlu sayda şəhid adına çəkilən bulaqlar var. Və yaxud yaxşı olardı ki, şəhidlərin, milli qəhrəmanların adları böyük küçələrə, qəsəbələrə verilsin. Məsələn, Qovlar rayonunda yüzə yaxın küçə var. Onlara şəhid, milli qəhrəmanlarımızın adını verib, əbədiləşdirmək olar. Bəzən deyirlər ki, milli qəhrəmanlarımız barəsində filmlər çəkilsin. Bu da yaxşı olardı. Lakin axı bütün qəhrəmanlarımız barəsində film çəkmək mümkün deyil. Sovet dövründə qəhrəmanlarımız Mehdi Hüseyn və Həzi Aslanov barəsində iki film çəkilib. Mehdi Hüseynzadə barəsində çəkilən film illər keçməsinə baxmayaraq, bu gün də sevilir, maraqla baxılır. Eləcə də Həzi Aslanova barəsində çəkilən film də pis deyil.
Bildiyiniz kimi, eyni romanım əsasında “Dolu” filmi çəkilib. Filmdə qəhrəmanlarımızın ümumi obrazı verilib. Orada Allahverdi Bağırovdan söz açılıb. Qeyd edim ki, Allahverdi Bağırov qeyri-adi insan idi. Düşünürəm ki, əgər o, həlak olmasaydı Ağdam əldən getməzdi, çünki ona çox inanırdılar. Film peşəkarlar tərəfindən çəkildi və sanballı alındı. Bəzən şahidi oluruq ki, kimsə milli qəhrəmanlar haqqında film çəkmək istəyir, lakin keyfiyyətli alınmır, mənasız olur. Çünki film həvəskarlar tərəfindən çəkilir, ortada nə ssenari, süjet xətti, peşəkar rejissor, operator işi olmur. Məsələn, Milli Qəhrəman İbad Hüseynova barəsində bir neçə film çəkilib, amma heç biri alınmayıb. Bir daha qeyd edirəm, gərək bu işi peşəkarlar etsin, dövlət bu məsələyə maliyyə ayırsın. Çox yaxşı olardı ki, Milli Qəhrəman Mübariz İbrahimov barəsində sanballı film çəkilsin. Çünki o, insanlarda qeyri-adi əhval-ruhiyyə yaratdı. O, bir anın qəhrəmanıdır və bunun özü də bir igidlikdir. Xatırlayırsınızsa, insanlar ondan çox ruhlanmışdılar. Beləliklə, heç bir döyüş səhnəsi vermədən belə onun barəsində çox gözəl film çəkmək olar. Ümumiyyətlə, hazırda vətənpərvərlik ruhunda çəkiləcək sanballı filmlərə çox böyük ehtiyac var".
