|
Avropa İttifaqı ilə saziş bu il də imzalanmaya bilər

Sənədin imzalanmasını yubadan səbəblər var

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında imzalanması gözlənilən strateji sazişlə bağlı prosesdə dinamika müşahidə olunmur. Aİ ilə saziş sənədinin hazırlanmasının yekunlaşmaq üzrə olduğu, məsələnin noyabrda həllini tapacağı hələ bu ilin yazında rəsmi bəyan edilsə də proses hələ də başa çatmayıb.

Aİ üzrə ekspert Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, başa çatmaqda olan 2019-cu il də daxil son iki il Aİ və Azərbaycan arasında münasibətlərin daha da möhkəmlənməsi, tərəflər  arasında uzun müddətdir davam edən danışıqların nəticəsinin əldə olunması üçün məhsuldar bir il kimi yadda qalıb: “Yeni hərtərəfli sazişin imzalanması üçün aparılan danışıqlar prosesi dinamik sürətlə inkişafı etdi. Son iki ildə Azərbaycan prezidenti İlham Əliyevin istər Avropa İttifaqının mərkəzi siyasi, iqtisadi və təhlükəsizlik təsisatları, istərsə də strateji üzv ölkələrinin rəhbərləri ilə keçirdiyi görüşlər, imzalanan yeni sənədlər Azərbaycanın Aİ ilə münasibətlərini daha da möhkəmləndirdi. Nəticə olaraq bu il Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq prioritetləri üzrə danışıqlar yekunlaşdı, buna dair baza sənədi paraflandı. Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi üzərində intensiv iş gedir və artıq strateji tərəfdaşlıq üzrə sazişin bəndlərinin əksəriyyəti razılaşdırılıb.

Bu yeni saziş gələcək illərdə Azərbaycan və Aİ arasında münasibətlər üçün yeni hüquqi əsas kimi nəzərdə tutulur. Keçən il Bakıda Azərbaycanla Aİ arasında təhlükəsizlik üzrə ilk dialoq başlandı. Bu dialoq birmənalı olaraq danışıqların daha ciddi mərhələyə keçməsi kimi qəbil olunmalıdır. Avropa İttifaqı və Azərbaycan arasında təhlükəsizlik üzrə dialoq, tərəflərin ikitərəfli və çoxşaxəli təhlükəsizlik məsələlərinin müzakirəsi üçün nəzərdə tutulur. Dialoq enerji təhlükəsizliyi, miqrasiya, sərhəd, insan alveri, transmilli cinayətkarlıq, narkotrafik və çirkli pulların yuyulması, aviasiya, nəqliyyat - lojistika və əlbəttə, terrorizm və konfliktlərin həlli sahəsində təhlükəsizlik müzakirələrinin aparılması aiddir.

Avropa İttifaqı Azərbaycanla təhlükəsizlik məsələlərini iki istiqamət üzrə Aİ-Azərbaycan və Aİ - Cənubi Qafqaz kontekstindən qurmaqda maraqlıdır. Bəziləri iddia edir ki, saziş həm də Qarabağ məsələsinə Aİ-nin ortaya qoyduğu münasibətə görə yubanır. Əslində isə belə deyil. Aİ Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquqla tanınmış sərhədlərini tanıyır, suverenliyi və müstəqilliyini dəstəkləyir. Aİ üçün Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regionda sabitliyin və inkişafın artırılmasına maneçilik törədən məqamdır və 2003-cü ildən Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi vasitəsilə konfliktin həlli və tərəflərin dialoqu istiqamətində təşəbbüslərini davam etdirir".

Y.Hacıyeva hesab edir ki, sənədin imzalanmasının yubanmasının səbəbləri var: “Sənəd üzrə danışıqlar davam edir. Prosesin gedişində Azərbaycan və Aİ arasında strateji sazişin bəndləri çərçivəsində, nəqliyyat  sahəsində yeni dialoq başlanmasına ehtiyacı yarandı. Hər iki tərəf optimal nəqliyyat tranziti və bu tranzit boyu infrastrukturun bərpası və yenilənməsi şərtləri üzərində işləyir. Sazişin bu il imzalanacağı barədə indi dəqiq fikir söyləməkdə çətinlik çəkirəm. İlin sonuna çox az qaldığını nəzərə alsaq mümkündür ki, məsələ gələn ilə qalsın”.

Bu yaxınlarda yayılan xəbərlərdə isə deyilirdi ki, ticarət, enerji, bazara giriş, dövlət satınalmaları, yerli məhsulların təşviqi məsələləri üzrə tərəflər arasında razılıq əldə etmək mümkün olmayıb. Avropa İttifaqı Azərbaycandan bir çox sosial-ictimai əhəmiyyət kəsb edən məqamlarda öz maraqlarına uyğun tələblər irəli sürür. Məsələn, Aİ dövlət subsidiyalarının məhdudlaşdırılmasını istəyir. Maraqlıdır ki, Avropa uzun müddət öz iqtisadi inkişafını və ayrı-ayrı sahələrin rəqabət qabiliyyətliyini təmin etmək üçün məhz subsidiya mexanizmindən istifadə edib. Azərbaycanda fermerlər bütün vergilərdən azaddır. Subsidiyalar paketi özəl sektorun, xüsusilə də artıq formalaşmış sahibkarlar sinfinin daha da güclənməsini təmin edən mühüm alətlərdəndir. Nəzərə alsaq ki, əhalinin, təxminən, 40% məhz kənd təsərrüfatı ilə məşğuldur, vergi güzəştlərin və subsidiyaların ləğvi iqtisadi çətinliklərə və sosial problemlərə səbəb ola bilər. Bütün bunlar isə ən azı ölkə vətəndaşlarının maraqları, sosial rifahı üçün nəzərə alınmalıdır. Danışıqların bu cür çətin getməsinin, hətta bəzi ekspertlərin dediyi kimi, dalana dirənməsinin əsas səbəblərindən biri də məhz budur. Başqa bir səbəbin isə Aİ-nin demokratiya və insan haqları sahəsində irəli sürdüyü şərtlər olduğu deyilir.