|
Latın Amerikasında “məxməri inqilab”ların pərdəarxası

Hikmət Hacızadə: “Regionda hansısa proyektlər cızılmasına ehtiyac görmürəm, bu ölkələr acından ölür”

Əli Əkbər: “Neoliberallar Latın Amerikasına hücum edir”

Amerika qitəsinin cənubu zəncirvari qaynamağa başlayıb. Birləşmiş Ştatlar üçün “gözdağı” olan Latın Amerikasının bəzi ölkələrində sol rejimləri domino daşı kimi yıxmaq hədəflənib.

Boliviyada uğurlu alınan və solçu prezident Evo Moralesin istefası ilə nəticələnən hadisələrin Venesuelaya yenidən sıçrayacağı şübhə doğurmur.

“Məxməri inqilablar” kimi şərh edilən bolivar respublikalarındakı çevrilişlərin pərdəarxasındakı niyyət liberal və Vaşinqtona biət edən hakimiyyətlərin qurulmasıdır.

Bu proyektdə “əjdahanın başı” Venesuela lideri Nikolas Madurodur. Çavizmin davamçısı olan Maduro sanksiyalara baxmayaraq, geri çəkilmir.

Xalqdan da dəstək alan sosialist prezident əhalini inandırıb ki, yoxsulluq və səfalətin səbəbkarı Amerikadır. Əgər sanksiyalar olmasa, Venesuela iqtisadi böhrandan çıxa bilər.

“Amerikanın səsi” radiosunun verdiyi xəbərə görə, ölkədə xalq milisi patrullarının sayını artırır. Televiziya ilə yayımlanan çıxışında Maduro ölkədə 3,2 milyon xalq polisini Venesuela küçələrində patrul etməyə çağırıb.

Maduro bu çağırışı ölkənin yüksək səviyyəli hərbi rəhbərlərinin əhatəsində olduğu zaman edib.

Maduronun patrulları gücləndirməsi ilə onu devirmək üçün təxminən bir ildir ki, kampaniya aparan müxalif millət vəkili Xuan Quaydonun etiraz çıxışı üst-üstə düşüb. ABŞ da daxil olmaqla 50-dən çox dövlət Xuan Quaydonu dəstəkləyir.

Quaydo son aylarda, hələ ki, böyük nümayiş keçirə bilməyib. Amma Latın Amerikasının bir sıra ölkələrində siyası iğtişaş dalğaları güclənib.

Növbədə Nikaraqua, Salvador, hətta Meksika ola bilər. Ekvador, Çili, Uruqvay da solçuların hakimiyyətdə olduğu ölkələrdir.

Görünür ki, “ərəb baharı”nın fərqli rəngi Cənubi Amerikada yaşanır. “Boliviya prezidenti Evo Moralesin istefası Qərb yarımkürəsində demokratiya üçün dönüş anı oldu” deyə, Trampın yayılmış bəyanatında deyilir.

Ağ Ev rəhbəri eyham vurub ki, bu hadisələr Venesuela və Nikaraquadakı qeyri-qanuni rejimlərə əhəmiyyətli siqnaldır. Lakin Latın Amerikasının ruhu sol ovqatlı və anti-imperialist olduğuna görə ABŞ-ın bu projesinin zəfər çalacağı inandırıcı deyil.

Hərçənd Boliviya Senatının rəhbəri, sağçı Janin Anyes noyabrın 12-də, keçmiş prezident Evo Moralesin sol partiyasından olan qanunvericilər tərəfindən boykot edilməsinə və kvorumun yoxluğuna baxmayaraq, özünü Boliviyanın müvəqqəti prezidenti elan edib.

O, iclasda bildirib: “Prezidentin və vitse-prezidentin yoxluğunda, Konstitusiya əsasən, dövlət başçısı vəzifəsini icra edəcəyəm”.

Bu hərəkətin dağlıq ölkənin paytaxtı La Pasda və Moralesin dördüncü müddətə mübahisəli prezidentliyinə etiraz edən digər şəhərlərdə iğtişaşların qarşısını alıb-ala bilməyəcəyi bəlli deyil.

Moralesin qalası sayılacaq Al-Altoda minlərlə adam keçmiş prezidentin yerli icmaya ləyaqət gətirən yeganə insan olduğunu bildirib və ayrı-seçkilikdən qorxduqlarını söyləməklə, istefaya etiraz etmək üçün toplanıblar. Onlar La Pasa yürüş etmək istəyirlər.

Bunun cəzasız qalmayacağını, Moralesin geri dönməsini istədiklərini söyləyir, ancaq həm də müxalifətin prezidentliyə namizədi Mesanın və Vətəndaş Birliyinin lideri Kamaçonun “başını üzmək” də istəyirlər.

Moralesin gedişi Boliviya dağlarında keçmiş lama çobanı və koka yetişdiriciləri birliyinin liderinin iflasıdır. O, prezident kimi Cənubi Amerikanın ən kasıb ölkəsində milyonlarla insanın yoxsulluğunun aradan qaldırılmasına, sosial hüquqlarının artmasına və təxminən 14 ildən çox sabitliyə və yüksək iqtisadi böyüməyə kömək edən dövlət başçısı kimi yaddaşlara köçüb. Lakin son nəticədə hakimiyyəti əlində saxlamağa israr etməsi süqutuna səbəb olub.

Politoloq Hikmət Hacızadə regionda hansısa proyektlər cızılmasına ehtiyac görmür. Onun “Yeni Müsavat”a dediyinə görə, bu ölkələr acından ölür: “Dərin iqtisadi böhran var. Venesuelanı 5 milyon insan tərk edib. Solçu hökumətlərin idarəçiliyi özünü doğrultmur. Mən deyə bilmirəm ki, liberallar və yaxud başqa qüvvələr hakimiyyətə gəlsə yaxşı olacaq. Amma ağıllı menecerlər gəlməlidir. Üstəlik, bu dövlətlər kasıb deyillər, sərvətləri, resursları var. Sadəcə, korrupsiya, savadsızlıq, bərbad idarəçilik inkişafa imkan vermir”.

Yazıçı Əli Əkbər isə hesab edir ki, neoliberal qüvvə indi də Latın Amerikası ölkələrinə hücum edir: “Rusiyanın orta Şərqdə aktivliyi onları çox narahat etdi. ABŞ-ı ayıltdı. Mən düşünürdüm ki, Afrikadan başlayırlar, çünki Rusiya hazırda Afrikada çox güclüdür. Kök salır bu qitədə.

Görünür, Latın Amerikası ölkələrindən başlamaq daha tez lazım idi. Bildiyiniz kimi, Rusiya oralara da girməyə çalışır. Hətta girib artıq. ABŞ Rusiyanın bu qədər yaxınında olmasına dözə bilməz. Heç vaxt. Ona görə də Rusiyaya zərrə qədər simpatiyası olan bütün hökumətlər devriləcəklər.   Ehtimal var ki, Afrikaya sonra keçsinlər. ABŞ Suriyadan dərs çıxardı, artıq Rusiyanın heç bir yerdə aktivləşməsinə icazə verməyəcək".