Milli Məclisdə Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputatların səsləndirdiyi fikirlərə İqtisadiyyat naziri Mikayıl Cabbarov münasibət bidlirdi. Nazir dedi ki, Azərbaycanda pul kütləsi artıb: “Bununla yanaşı nağdlaşdırılan vəsaitin həcmi 4,2% azalıb. Vergilərin hesablanması ilə ödənilməsi arasında müddət dövrü olduğuna görə rəqəmlər belə görünə bilər ki, bu məbləğ artır. Amma əslində isə bu məbləğ azalıb”.
İqtisadiyyat naziri qeyd etdi ki, vergi islahatlarının həyata keçirilməsində və inzibatçılığında xüsusi diqqət verdiyimiz məqamlardan biri də iqtisadi fəallığın təşviq edilməsidir. M.Cabbarovun sözlərinə görə, 2019-cu ilin 10 ayı ərzində respublika üzrə vergi ödəyicilərinin sayında 44 608 artım olub: “Başqa sözlə, 10,1 faiz vergi ödəyicilərinin sayında artım qeydə alınıb. O cümlədən, Əlavə Dəyər Vergisi (ƏDV) ödəyicilərinin sayında 32, 9 faiz və ya 5941 ƏDV ödəyicisi, obyektlərin sayına gəldikdə isə 7,3 faiz artım qeydə alınıb”.
İqtisadiyyat naziri ali məktəb dərsliklərinin ƏDV-dən azad edilməsi ilə bağlı deputatların təklifinə də reaksiya verdi. Bildirdi ki, ümumtəhsil və peşə məktəblərindən fərqli olaraq, burada vahid sifarişçi yoxdur: “Bildiyiniz kimi, ali təhsil çox böyük transformasiyalara uğrayıb. Bir çox hallarda dərslik hansısa məşhur alimin iqtisadi ədəbiyyatı və elmi ədəbiyyat ola bilər. Bu da ali təhsil məktəbləri üçün dərslik meyarlarının izlənilməsində çətinliklər yaradır. Bütün bunlara baxmayaraq, biz Təhsil Nazirliyinddə olan həmkarlarımızla məsləhətləşmələr aparırıq. Çalışırıq ki, müvafiq qaydada mütləq bu məqamları nəzərə alaq”.
