“Bu ölkənin xüsusi xidmət orqanları ilə ciddi əməkdaşlığımız olub, bəzi məsələlərin qarşısı alınıb”
Özbəkistan Respublikasının Daşkənd şəhərində MDB iştirakçısı olan ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 47-ci iclası zamanı General-leytenant Əli Nağıyev çıxış edərək, dövlət təhlükəsizliyimizlə bağlı önəmli mesajlar verib. Ə. Nağıyev bildirib ki, Suriya və İraq ərazisində terror təşkilatlarının əsas dayaq bazalarının məhv edilməsinə baxmayaraq, dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir.
Terror şəbəkəsinin təbliğat məqsədilə müasir informasiya texnologiyalarından geniş istifadə etdiklərini diqqətə çatdıran xidmət rəisi bu təhlükəli fəaliyyətin ekstremist və dini radikalizm ideologiyasının yayılmasına, yeni potensial terror ocaqlarının formalaşmasına şərait yaratdığını söyləyib. Əli Nağıyev həyata keçirilmiş tədbirlər nəticəsində 30-dan çox xarici vətəndaşın Azərbaycan Respublikasının ərazisindən istifadə etməklə ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə qoşulmaq cəhdinin qarşısının alındığını bildirib.
DTX rəisi təhlükəsizlik və sabitlik əleyhinə yönəlmiş ümumi təhdidlər, ilk növbədə, terrorçuluq və dini ekstremizmlə mübarizədə beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsinin və kollektiv tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb. Bu baxımdan, təhlükəsizlik və xüsusi xidmət orqanları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin vacib olduğunu diqqətə çatdıran xidmət rəisi ölkələrimizin təhlükəsizliyinin səmərəli təmin olunması istiqamətində təcrübə və məlumat mübadiləsinin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Tədbir çərçivəsində Azərbaycan DTX-nin rəisi Əli Nağıyevlə özbəkistanlı həmkarı Abdusalom Azizov arasında keçirilmiş görüşdə hər iki ölkənin təhlükəsizliyinin qorunması məsələləri, o cümlədən terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif növlərinə qarşı birgə mübarizənin effektivliyinin artırılması üzrə fikir mübadiləsi aparılıb.
Sonda iki ölkənin dövlət təhlükəsizliyi xidmətləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
“Yeni Müsavat”a danışan təhlükəsizlik eksperti İlham İsmayıl Özbəkistanla Azərbaycanın təhlükəsizlik orqanlarının əməkdaşlığının önəmli olduğunu vurğulayıb: “MDB ölkələrinin müdafiə nazirləri, təhlükəsizlik məsələləri üzrə rəhbərləri ildə bir-iki dəfə görüşüb, bu və ya digər məsələləri müzakirə edirlər. Özbəkistandan Xəzər dənizini keçməklə Bakıya gəlmək, Bakıdan Türkiyəyə getmək, İŞİD-ə qoşulmaq kimi məsələlərdə Özbəkistanın təhlükəsizlik orqanları ilə bizim təhlükəsizlik orqanlarımız arasında ciddi əməkdaşlığımız olub. Bunun nəticəsində isə həqiqətən də bəzi məsələlərin qarşısı alınıb. Bu məsələlərin qarşısı alındığına görə hesab edirəm ki, əməkdaşlıq çox qiymətlidir. Çünki bu faktlar, informasiya və əməkdaşlıq vacibdir. Qabaqcadan olan hansısa terror hadisəsinin qarşısını almaq üçün əməkdaşlıq lazımlıdır”.
İ. İsmayıl Əli Nağıyevin nazirlik dönəmi barəsində də danışıb. O hesab edir ki, Nağıyevin nazirliyi çox uğurludur: “Əli müəllimin nazirlik dövrü yeni başlayıb. Lakin hər halda, hamı hiss edər ki, dəyişikliklər ancaq və ancaq müsbətə doğrudur. Əli müəllim peşəkar kadrdır. O, bu işə leytenant rütbəsindən başlayıb. Əli Nağıyevin nazirlik dövrü yaxşıdır və yaxşı da olacaq. Hesab edirəm ki, dövlətin təhlükəsizliyi nöqteyi-nəzərindən üzərinə düşən bütün məsələləri Əli Nağıyev tamamilə yerinə yetirəcək. Eyni zamanda verilən tapşırıq, siyasi xətt nədirsə, Əli müəllim buna əməl edəcək”.
Qeyd edək ki, İlham İsmayıl prezidentin sərəncamı əsasında Əli Nağıyev DTX sədri vəzifəsinə təyin olunduqdan sonra bildirmişdi ki, Əli Nağıyev əməliyyat işçisi vəzifəsindən-leytenantlıqdan başlayaraq xüsusi xidmət orqanlarında işləyib: “Əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, idarə rəisi, müavin səviyyəsinədək yüksəlib. Yeri gəlmişəkən, biz Əli Nağıyevlə birlikdə Çaykənd əməliyyatından indiki Goranboy rayonunun ərazisində Manaşit, Buzluq, Erkəc kəndlərinin erməni quldurlarından azad edilməsində çiyin-çiyinə vuruşmuşuq. Yəni adamın həm əməliyyat təcrübəsi var, həm anti-terror fəaliyyəti var. Bir sözlə, 15 il sonra bu vəzifəyə peşəkar şəxs tapdılar. Tapdılar deyəndə ki, Əli Nağıyev onsuz da var idi. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq rəhbəri Eldar Mahmudov tərəfindən o sistemdən uzaqlaşdırılmışdı. Çünki Əli Nağıyev peşəkarlığı ilə Eldar Mahmudova mane olurdu. Eldar Mahmudov qeyri-peşəkar biri idi. Hələ Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırılanda jurnalistlər məndən soruşanda ki, “Bu vəzifəyə kim gətirilməlidir?", mən həm tituluna, həm vəzifəsinə, həm də peşəkarlığına görə Əli Nağıyevi gördüyümü söyləmişdim".
