|
“Qarabağ”a nə olub?

Ağdam klubu Avroliqada qalan iki matçda qələbə qazansa belə, qrupdan çıxmaya bilər;  Qurban Qurbanov milli çempionatda meydana buraxmadığı Rəşad Sadıqova  APOEL-lə oyunda niyə şans verdi...

“Qarabağ” Avroliqanın 4-cü turunda APOEL-ə uduzması ilə qrupdan çıxmaq işini xeyli çətinləşdirdi. Ağdam klubu nəinki 1:0 üstünlüyünü qoruya bildi, üstəlik, bu qələbəyə layiq olmayan APOEL-ə son dəqiqədə üç xal verdi.

Hətta “Qarabağ” qalan iki matçda qələbə qazansa belə, qrupdan çıxmaya bilər. Bakıda heç-heçə edib, öz meydanında qələbə qazanan APOEL şəxsi görüşlərdə üstündü və yekunda xallar bərabər olsa, Kipr klubu 1/16 finala çıxacaq.

4 turdan sonra 12 xal yığan “Sevilya” təkcə növbəti mərhələni yox, qrup liderliyini də təmin edib. “Qarabağ”la APOEL-in 4 xalı var - öz aralarındakı oyunlara görə Nikosiya təmsilçisi 2-cidi. 3 xalla sonuncu yerdə qərarlaşan “Düdelanj”ın da növbəti mərhələ şansı qalır.

APOEL-in “Düdelanj”la səfər, “Sevilya” ilə ev oyunu qalıb. “Qarabağ” isə İspaniyaya səfər edəcək, lüksemburqlularla öz meydanında qarşılaşacaq.

Əgər növbəti tur “atlılar” Sevilyadan xalla dönə bilməsə, APOEL “Düdelanj”ı məğlub etməklə mərhələ adlayacaq. Azərbaycan təmsilçisi İspaniyada ən azı 1 xal əldə etsə, Kipr klubu səfərdə qələbə qazansa belə, ikinci pillənin sahibi son turda müəyyənləşəcək.

qarabağ apoel ile ilgili görsel sonucu

 “Qarabağ”ın səfərdə, APOEL-in evdə bu komandadan xal alması mümkündür. Amma unutmayaq ki, ikinci heyət əsas heyətə düşmək üçün meydana daha istəkli çıxacaqlar, hətta daha çox qol vurmağa çalışacaqlar. “Qarabağ” bu məsələdə, necə deyərlər, “cəddi”nə deyil, özünə arxayın olmalıdır. “Qarabağ” İspaniya çempionatında hazırda ilk beşlikdə olan “Sevilya” ilə uğurlu hesaba imza ata bilsə, “Düdelanj” - APOEL görüşünün əhəmiyyəti artacaq. Luksemburqlular səfərdə Kipr  təmsilçisinə qalib gəlib. Lüksemburqda heç-heçə qeydə alınsa, “Qarabağ” da öz növbəsində Sevilyadan xalla qayıda bilsə, Bakıda “Düdelanj”ı məğlub etməklə mərhələ keçmək olar. Bunun üçün “Sevilya”nın da səfərdə APOEL-ə uduzmaması lazımdır. İspaniyadan xalsız qayıtmaqla da qrupdan çıxmaq olar. Bunun üçün yenə “Düdelanj” öz meydanında APOEL-ə uduzmamalı, “Sevilya” son turda Kiprdə qalib gəlməli, “Qarabağ” isə Lüksemburq klubunu məğlub etməlidir.

Futbolpress saytı “Qarabağ” üçün fantastik ssenarini də yazıb: “Komanda səfərdə ”Sevilya"nı məğlub edə bilsə, 1/16 final mübarizəsində favoritə çevriləcək. Bu halda hətta APOEL-in “Düdelanj”ı məğlub etməsi də bizi qorxutmamalıdır. Son turda “Qarabağ” özü Lüksemburq klubunu məğlub edib, “Sevilya”nın Kiprdə uduzmamasını gözləməlidir".

***

qarabağ apoel ile ilgili görsel sonucu

“Qarabağ”a nə olub? “Qarabağ” milli çempionatda da son üç oyunda qələbə qazana bilmir. Klubun yeni transferi Romero zədələnib və öz oyununu tapa bilmir, Zubir ən yaxşı bacara bildiyi işi-meydanda oyunçuları aldatmağı yadırğayıb, daha bir yeni transfer Geye nə artıq çəkisini ata bilir, nə kluba yararlı ola. Qurban Qurbanovun qərarına məəttəl qalıram. Milli çempionatda meydana buraxmadığı Rəşad Sadıqova  APOEL-lə oyunda şans verdi. Səbəbi məlum: Rəşad qol vurub Bakıdakı oyunda buraxdığı kobud səhvi “yumaq” istəyirdi. Hətta ona görə künc zərbəsində  klassik standart yenə yada düşdü. Amma çifayda... Hətta bir-iki səhvə də yol verdi. Qərəzli  görünmək istəməzdim, üstəlik, Rəşadın xidmətləri adamın acı söz deməkdə qarşısını kəsir. Amma bu cür mühüm oyunda ona hər top gələndə, mən ürəyimi “yeyirdim”.

Philenews.com saytı APOEL-lə “Qarabağ” arasında son oyun barədə maraqlı qeydləri edib ki, bunu da yerli oxucuya qol.az saytı məlumat verib: “”Qarabağ"la oyunlarda maksimum nəticə əldə etməli, qrupdan çıxmaq şanslarını yaxşılaşdırmalı, nəticədə ad günündə özünə möhtəşəm hədiyyə etməliydi. Hər iki oyunda inanılmaz xarakter göstərən Tomas Dollun komandası haqq etdiyi qələbəni qazandı. Qazandıqları təkcə 3 xal yox, həm də 570 min avro oldu. İnsafən, bu pulun böyük hissəsi mükafat kimi Vid Beletsə verilməlidir. Hesab 1:0 azərbaycanlıların xeyrinə olanda sloveniyalı qapıçı ardıcıl üç dəfə komandasını 100 faizlik qoldan xilas etdi. Bununla da komanda yoldaşlarına “ayılın” mesajını vermiş oldu. Beletsə nə verəcəklər, deyə bilmərəm. Amma “Sampdoriya”ya mütləq nəsə vermək lazımdı. Beletsin transfer hüquqlarını bu klubdan birdəfəlik almaq üçün".

Qurban Qurbanov ile ilgili görsel sonucu

Qurban Qurbanov  birbaşa olmasa da, “”Qarabağ" da nə baş verir" sualı haqda danışıb. “Nə qədər də futbolçuları hazırlaşdırmaq istəsək, psixoloji gərginlik var. Futbolçular ağır qrafikdədirlər. Bəzən istədiyimiz heyəti formalaşdıra bilmirik. 3-4 gündən bir oyun keçirmək, millilərin oyunu - hər şeyi ümumi götürəndə komandanı hazır saxlamaq asan deyil. Çempionatda nəticələr pis deyil. Gərginlik var, amma çalışırıq ki, bunu aradan qaldıraq. Mən özüm də bu oyuna tam hazırlaşa bilməmişdim. İstənilən halda, ağlımızda APOEL-lə oyunun nəticəsi qalır. Ancaq peşəkarıq, gələcəyə baxmalıyıq, oyunlara daha yaxşı hazırlaşmalıyıq. Əsas narahatlığımız zədəlilərin çoxluğudur. Hər komandanın başına gələn situasiyadır. Bəzən eniş olur. Ancaq biz yerimizi qoruyub saxlaya bilirik. Qarşıdakı oyunlara daha ciddi hazırlaşacağıq” deyə, baş məşqçi bildirib.   “Avropa Liqasında ”qatar gedib", yoxsa ümid var" sualına gəlincə, baş məşqçi deyib ki, sona kimi mübarizə aparacaqlar: “Qarşıdakı oyunlarda nə olacağını bilmək olmaz. Şans varsa, bundan maksimum istifadə etməyə çalışacağıq. Həm futbolçular, həm də mən inanıram”.

Lap sonda. Məlumdur ki, milli çempionatlarda  “Avro-2020"nin oyunları səbəbindən fasilə verilib. ”Qarabağ"ın əsas oyunçularından Maksim və Almeyda da millinin heyətində oynayacaqlar. Milli komanda  üçün “qatar da gedib, qatır da...” O səbəbdən  “Qarabağ” klubunun rəhbərliyi çalışmalıdır ki, oyunçularını bu cür mühüm bir ərəfədə qorusunlar.  Heç olmasa, onları millinin heyətində ehtiyatda saxlasınlar. “Qarabağ”ın xətrinə...