|
“Faşist”lərlə korrupsionerin demokratiya ittifaqı

Belə deyirlər ki, siyasət mümkün olan nə varsa, onu həyata keçirmək peşəsidir. Haradasa həqiqət var. Siyasətdə bəzən ağlagəlməz gedişlər də olur. Burada da məntiq tapmaq mümkündür. Dövr, imkanlar və şərait heç ağıla gəlməyən məsələləri gerçək edə bilər.


Ancaq söhbət hansısa böyük prosesdən – millət, dövlət anlayışlarından gedirsə bunlar keçərli hesab oluna bilər. Firqə maraqları üçün belə U dönüşlərinin edilməsi siyasətçinin qeyri-prinsipiallığı, iradəsizliyi, bəlkə də unutqanlığıdır. Həm də nə dövlətə, nə də millətə qətiyyən fayda gətirməz...
Hazırda müxalifət camiyəsində sırf firqə maraqları naminə bir birlik formatı müəyyənləşməkdədir. Müsavat Partiyasının qərargahında 5 noyabrda keçirilən dəyirmi masanın ətrafında yanaşı əyləşən şəxslərə baxanda ən azı istehza etməmək mümkün deyil...

Müsavatın keçmiş başqanı, MSDM rəhbəri İsa Qəmbər, sabiq səhiyyə naziri Əli İnsanov, AXCP sədri Əli Kərimli və digərləri yanaşı əyləşib. Lap başda məhz Əli İnsanov oturmuşdu...

73497780_3012575118771278_3636568961509752832_n1572953691.jpg (74 KB)
O İnsanov ki, çox da uzaq olmayan keçmişdə İsa Qəmbərin ünvanına müxtəlif tribunalardan, televiziya ekranlarından “faşist”, “nasist”, "genetik xəstə" və s. ittihamları yağdırırdı...
Sonra çox şeylər baş verdi. Fakt isə ondan ibarətdir ki, bu gün korrupsioner Əli İnsanovla onun “faşist” adlandırdığı İsa Qəmbər və digərləri bir araya gəlib, demokratiya müzakirələri aparırlar. Əlbəttə, siyasət meydanı, müstəvisi üçün bəlkə də normaldır, bəlkə də növbəti uğursuzluğun başlanğıcıdır, bəlkə də və s...
Ancaq bəlkəsiz olmayan bir məqam var: İsa Qəmbər daim özünü prinsipial siyasətçi kimi tanıdıb, onun üçün keçilməz məqamların olduğunu davranışlarında da göstərdiyini ərz edib. Məsələn, siz bilirsiniz İsa Qəmbər 15-20 il ərzində onun təbliğatını aparan, yanında dayanan, ona görə döyülən, söyülən, işini, imkanlarını itirən, sonra isə siyasətdən sakitcə çəkilib öz işi, peşəsi ilə məşğul olan jurnalistlərə, heç bir əyri əməl sahibi olmayan keçmiş partiya funksionerlərinə necə münasibət bəsləyir? Hansısa bir toplantıda, xeyir-şərdə nəinki onun haqqında zaman-zaman xoş sözlər yazmış yazarlara, hətta keçmiş müavinlərinə, sabiq partiya funksionerlərinə rast gələndə salam vermir, onları görməzlikdən gəlir, yanından düz keçib gedir. Sanki bu adamlar “xəyanətkarlardır” (hansı ki, belə deyil, sadəcə hər kəs öz doğru bildiyi istiqamətə yön alıb), İsa Qəmbər isə o qədər prinsipial siyasətçidir ki, “yolundan dönən”lərlə əl tutub salamlaşmaq istəmir. Amma belə “türmə qaydaları”, yaxud da radikal dini təriqət şeyxi kimi prinsipiallıq göstərən adam ona ən ağır sözləri deyən, öz partiyasına, əqidəsinə, liderinə, Azərbaycan səhiyyəsinə xəyanət etmiş Əli İnsanovla qürurla yanaşı oturur, əl tutub görüşür. Bəs harda qaldı prinsipiallıq?


Bu yerdə “O olmasın, bu olsun” filmindəki məşhur bir epizod yada düşür: “Bəs Rüstəm bəy Məşədi İbadın nəyinə aşiq olub? Bəlkə puluna, varına...”
Yenə də bəlkələr...


Ancaq dəqiq olan bir fakt var: Əli İnsanovun boğazına diri ilan da salsan, heç kimə pul paylayan deyil. Hər halda, onu çox yaxından tanıyan adamlar belə deyir...

musavat