|
“Qərblə Rusiya Azərbaycan uğrunda çəkişir”
Böyük güclərin çəkişməsində cəbhə xətti sərhədimizə dirənib. 
 
SSRİ dağıldıqdan sonra Ukrayna və Gürcüstana ilk dəfə Amerika zirehli maşınlarının gətirilməsi Kremlə də ciddi siqnaldır. Vaşinqton görünür, GUAM-ın üçüncü mühüm ölkəsini - Azərbaycanı da unutmayıb. 
 
ABŞ Senatında ölkəmizin də təhlükəsizliyinə qarant vəd edən, Bakı ilə hərbi əməkdaşlığı gücləndirməyi zəruri sayan qanun qəbul edilib. 
 
Elə Amerika prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Zbiqnev Bzejinski Azərbaycan üçün şok sayıla biləcək proqnozu vəziyyətin təhlilinə kifayətdir. Ukraynadakı proseslərin mümkün inkişaf ssenarilərindən çıxış edən analitik bəyan edib ki, prezident Putinin növbəti hədəflərindən biri məhz Azərbaycan ola bilər.
 
Sitat: “Putin çətin ki, öz aqressiv siyasətini Ukraynaya hücumla yekunlaşdırsın. Onun növbəti hədəfləri qismində Baltikyanı ölkələr, Moldova, Gürcüstan, Azərbaycan və hətta  Polşa ola bilər... Mən peyğəmbərlik edib qara ssenarilər haqda proqnoz söyləmək istəmirəm. Amma həqiqətən risk var ki, Rusiya təcavüzü Ukrayna ilə yekunlaşmayacaq. Bunu Putinin ardıcıl şəkildə seçdiyi yolun analizi göstərir”. 
 
Əslində, son on gün ərzində Azərbaycan ətrafında gedən proseslərdə özünü göstərmiş proseslər ehtimal eləməyə əsas verir ki, ölkəmiz böyük güclərin geosiyasi davasında, biz istəməsək belə, tədricən episentrə gəlməkdədir. 
 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Azərbaycan uğrunda çəkişmə gedir. Onun sözlərinə görə, bugünkü maraqlar Amerika ilə əlaqələri genişləndirib, Rusiya ilə dostluğu davam etdirməyi diktə edir. 
 
Politoloqun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana kimin yardımı daha çox toxunacaqsa, strateji müttəfiq də həmin ölkə olmalıdır. 
 
“Amerika senatı silah göndərəcək ölkələr siyahısına Azərbaycanı da əlavə edib. Ukrayna, Sloveniya kimi ölkələrin arasında Azərbaycan da var. Bu siyahıda Ermənistan yer almayıb. Amerika böyük ehtimalla işlənmiş silah-sursat verəcək. Ancaq bu məsələnin silah yox, siyasi mahiyyəti var. Amerika bu silahı Rusiyadan qorumaq üçün verə bilər. 
 
Doğrudur, Azərbaycan hələlik balanslaşdırılmış xarici siyasətə üstünlük verir. Amma seçim anı yetişərsə, qonşu olaraq Rusiya ilə əməkdaşlığa üstünlük verməlidir. Amma Kreml Qarabağın həlli üçün addım atmırsa, Moskva ilə müttəfiq və tərəfdaş ola bilmərik". 
 
Politoloq yada salır ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri, o cümlədən Dövlət Departamenti rəsmisi Viktoriya Nuland çıxışlarında işğal olunmuş torpaqlarımız azad edilməli olduğunu bəyan edib, kəlbəcərli girovların azadlığa buraxılmasına çağırış olub. 
 
Analitik güman edir ki, Avropa Yay Oyunlarından sonra Azərbaycan Qarabağda əməliyyatlara başlaya bilər: “Belə əməliyyat keçirilsə Rusiya özünü necə aparacaq maraqlıdır. Eləcə də Amerikanın mövqeyi müəyyən olacaq. Onda Azərbaycanın əsas tərəfdaşının kim olduğu bilinəcək”.
 
E.Şahinoğlu onu da deyir ki, Qərb-Rusiya savaşında Azərbaycanın hədəf olması istisna deyil. Onun sözlərinə görə, 2008-ci ildə tanklar Tiflisə qədər yol qət etdi: “Abxaziya və Osetiya itirildi. Rusiya onları müstəqil dövlət kimi tanıdı. Növbədə Moldova ola bilər. Dnestryanı ərazilər var. Azərbaycanın maliyyə resursları genişdir. Ölkə pis - yaxşı inkişaf edir. TAP və TANAP layihələri qazımızı Avropa bazarına daşıyacaq. Hakimiyyət nə qədər desə ki, Rusiya ilə strateji tərəfdaşıq, fakt budur - Rusiya ilə qaz bazarında rəqabət aparırıq”. 
 
Müsahibimiz istisna etmir ki, Avropanın qaz bazarında Azərbaycanın Rusiya ilə rəqabətə girişməsi Kremlin təzyiqləri ilə üzləşməyimizə gətirib çıxara bilər: “Azərbaycan 16 kub milyard qazın 10 milyardını Türkiyə, 6 milyardını isə Avropaya çıxaracaq. 
 
Hazırda Rusiya ilə qaz rəqabətində ola bilmərik. Ancaq imkanlar artdıqca rəqabət də olacaq. Bizə bu yöndə Rusiya mane ola bilməz. Çünki özü də müxtəlif yollarla dünya və Avropa bazarlarına neft-qaz satır. Sadəcə, Türkmənistan qazının Xəzərin dibi ilə Azərbaycana çatdırılması və sonra Avropaya çıxarılmasına problem yarada bilər. Rusiya Avropanın planlarına mane ola bilər. Bununla belə, Avropa Birliyi və Türkiyə Türkmənistan qazın Azərbaycan üzərindən Avropaya daşınmasına mümkündür ki, nail olsun. Üstəlik, türkmən qazı bizim torpaqlardan daşınsa regionda rolumuz artacaq. Qısası, Rusiya ilə maraqların toqquşmasına ciddi hazırlaşmalıyıq". (musavat.com)