Ekspert: “Bizdə əsas diqqət pul oğurluğundan mühafizəyə verilir”
Dünyada informasiya-kommunikasiya texnologiyalarının yüksək inkişafı müsbət təsirləri ilə yanaşı, özüylə bir sıra təhlükələr də gətirir. Belə təhlükələrdən biri də bankların müştəri məlumat bazalarının ələ keçirilməsi ilə bağlıdır. Son illərdə dünyanın bir sıra tanınmış bankları müştəri bazasının ələ keçirilməsinə hesablanmış haker hücumlarına məruz qalırlar. Məsələn, bugünlərdə İtaliyanın “UniCresit” bankında 3 milyon müştərinin məlumatlarına icazəsiz girişlər aşkarlanıb.
Bu bankda 2016-2017-cı illərdə də eyni hal baş vermişdi. UniCredit bankı o zaman təhlükəsizliyinin pozulmasının qurbanı olduğunu etiraf edib. Belə ki, xaker hücumu nəticəsində müştərilərin borc haqqında məlumatları oğurlanmışdı. Haker hücumu ilk olaraq 2016-cı ilin sentyabr və oktyabr aylarında baş verib və daha sonradan 2017-ci ilin iyun-iyul aylarında təkrar olunub. Ekspertlərin hesablamalarına görə, təqribən 400 min müştərinin məlumatı oğurlanıb.
Oktyabrın əvvəllərində isə Rusiyanın ən böyük bankı olan “Sberbank”ın müştərilərinə məxsus 60 milyon kredit kartının məlumatlarının oğurlandığı aşkarlanıb. Bu prosesdə bankın əməkdaşlarından biri də iştirak edib.
Baş verən hadisələr göstərir ki, hətta inkişaf etmiş ölkələrdə belə bank məlumatlarına hücumlar uğurla nəticələnə bilir. Bu səbəbdən də ən müxtəlif texnoloji yenilikləri tətbiq etməklə yanaşı, banklar həm də onların təhlükəsizliyini təmin etmək üçün bahalı proqramlardan, vasitələrdən istifadə edirlər. Azərbaycanda bank sektoru informasiya-kommunikasiya texnologiyalarının tətbiqi baxımdan yüksək inkişaf etməsə də, dünyada tətbiq olunan bir sıra xidmətləri həyata keçirməkdədirlər. Ölkəmizdə müştəri məlumatları necə qorunur? Müxtəlif haker hücumlarına qarşı yüksək imkanlı proqramlar tətbiq olunurmu?

Sualları cavablandıran hüquqşünas, bank sahəsi üzrə ekspert Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə, müştəri məlumatlarını əldə etmək məqsədli hücumlar adətən dünyada tanınmış banklarına qarşı reallaşdırılır: “Azərbaycandakı bank müştərilərinin məlumatları kimə lazım ola bilər? Biri var, pul oğurlamaq üçün hücum, biri də var müştərilər barədə məlumatların alınması üçün hücum. Pul oğurlanması üçün hücum ehtimalı Azərbaycan banklarında ola bilər, olur da. Bir neçə dəfə belə kiberhücumlar olub, pullar oğurlanıb”.
Ekspert bildirir ki, inkişaf etmiş ölkələrdə müştərilər barədə fərdi məlumatlar müxtəlif qruplara maraqlı olur: “Məsələn, böyük ticarət şəbəkəsi maraqlı ola bilər belə məlumatları əldə etməkdə: insanların alıcılıq qabiliyyətini müəyyənləşdirmək, onlara müxtəlif malları təklif etmək üçün. Azərbaycanda böyük şəbəkələrin belə məsələyə külli miqdarda pul xərcləyəcəyi real görünmür. Çünki hakerlər belə işləri böyük məbləğdə pullar hesabına həyata keçirirlər. Yaxud əldə etdikləri məlumatları yüksək qiymətə satırlar. Azərbaycanda banklara müştəri məlumatlarını oğurlamaq məqsədli hücumların olmasını qeyri-real edən daha bir amil nağd dövriyyənin qeyri-nağd dövriyyədən qat-qat yüksək olmasıdır. Bu səbəbdən bank hesabları müştərilər barədə tam məlumat verə bilmir. Riskə gəlincə, əgər ən böyük banklarda hücumlardan tam müdfiə mümkün olmursa, Azərbaycandakı banklarda da bu risk var. Sadəcə, bizdə hələlik müştərilərin banklardakı məlumatları maraq doğurmur”.
Ə.Həsənovun sözlərinə görə, Azərbaycanda bankların informasiya-kommunikasiya təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət edən qurum yoxdur: “Bu baxımdan, düşünürəm ki, banklarımıza müştəri məlumatlarını əldə etmək üçün hücum olarsa, hakerlər uğur əldə bilərlər. Çünki banklarımız belə hücumlara qarşı mühafizə məsələsinə vəsait ayırmağa həvəsli deyillər. Hər halda, həvəsli olsaydılar, tez-tez banklardan informasiya-kommunikasiya texnologiyalarının köməyi ilə pul oğurlanması halları baş verməzdi. Belə faktların bəziləri hüquq-mühafizə orqanları tərəfindən açıqlanır, amma bir çox hallarda banklar ört-basdır edirlər baş verənləri”.
Hüquqşünas bildirir ki, Azərbaycan Cinayət Məcəlləsinin 202-ci maddəsində kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və yaymaya görə cəzalar nəzərdə tutur: “Burada iki hal nəzərdə tutulur. Birinci hal kommersiya və bank sirrini təşkil edən məlumatların toplanması, həmin məlumatları yaymaq və ya onlardan qanunsuz istifadə etmək məqsədilə sənədləri oğurlamaqla, satın almaqla və ya hədələməklə, habelə digər qanunsuz üsulla törədildikdə - maksimal cəza 2 ilədək azadlıqdan məhrum etmədir. Maddənin ikinci bəndi isə sahibkarın razılığı olmadan kommersiya və ya bank sirri olan məlumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsi və yayılması külli miqdarda ziyan vurmaqla törədildikdə - 6 aya qədər azadlıqdan məhrum etmə nəzərdə tutulur. Bu cəzalar kifayət qədər yumşaqdır. Hazırda banklar müştərilərin məlumatlarını kütləvi şəkildə kollektor şirkətlərinə verirlər. Halbuki qanunvericilik bunu qadağan edir. Və buna görə heç bir bank cəzalandırılmır. Hüquq-mühafizə orqanları da buna göz yumur. Yəni bu gün banklarımız nəinki müştəri məlumatlarını qorumaq üçün hansısa proqramlara pul xərcləyirlər, əksinə, özləri həmin məlumatları kollektor şirkətlərə təqdim edirlər”.
Bank mənbələrindən bildirildiyinə görə, ölkəmizdə banklar əsas iki təhlükəsizlik sistemi ilə işləyirlər. Bunlardan birincisi, İDS/İPS (intrusion dedection/prevention systems) sistemidir. Bu sistem banka qarşı edilən müdaxilələrin aşkarlanması və qarşısının alınması üçün tətbiq olunur. SIEM sistemi isə bütün hərəkət qeydlərini (loqları) bir mərkəzdə toplayaraq müəyyən edilən qaydalar əsasında analiz edilməsi və tədbirlərin görülməsi üçün tətbiq olunur.
