Hafiz Paşayev istefa verdi; yerinə kim gələ bilər?
Azərbaycanın xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev öz ərizəsi ilə prezident İlham Əliyevə müraciət edərək xarici işlər nazirinin müavini vəzifəsindən azad olunmasını xahiş edib. Müraciətində H.Paşayev prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan islahatların effektiv şəkildə həyata keçirilməsi üçün dövlət qulluğuna yeni və cavan kadrların gətirilməsi çağırışını nəzərə alaraq öz istəyi ilə belə bir addım atdığını bildirib.
H.Paşayev ADA-nın rektoru vəzifəsini və ali məktəbin XİN-in nəzdində olduğunu nəzərə alaraq, XİN-in Kollegiyasının üzvü kimi fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Hafiz Mir Cəlal oğlu Paşayev 1941-ci il mayın 2-də Bakı şəhərində anadan olub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirib.
1964-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb. 1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirib.
1971-1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olub. 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə edib, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 1975-1976-ci illərdə İrvayn şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirib.
1992-2006-cı illərdə Azərbaycanın ABŞ-dakı (eyni zamanda Meksikada) fövqəladə və səlahiyyətli səfiri işləyib. Azərbaycan prezidentinin 14 avqust 2006-cı il tarixli sərəncamı ilə xarici işlər nazirinin müavini-Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilib. 100-dən artıq elmi əsərlər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifidir. Xarici dillərdən ingilis və rus dillərini bilir.

2 may 2011-ci ildə Azərbaycan Respublikasında səmərəli ictimai-siyasi fəaliyyətinə və elmi-pedaqoji xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib. 2 may 2016-cı il tarixdə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib. 2019-cu ilin iyul ayında Hafiz Paşayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Hakim Yeni Azərbaycan Partiyasından bildirilib ki, Hafiz Paşayevin addımı prezidentə səmimi inamın, real dəstəyin daha bir nümunəsi sayılmalıdır. Bu digər şəxslərə də nümunə olmalıdır.
H.Paşayevin yerinə təyinatın olub-olmayacağı isə hələlik dəqiq məlum deyil. Onun istefası ilə xarici işlər naziri Elmar Məmmədyarovun müavinlərinin sayı 5-ə enib. Onların sırasında ən yaşlısı Mahmud Məmmədquliyevdir. M.Məmmədquliyev 1949-cu il fevralın 15-də Gəncə şəhərində anadan olub. 1993-cü ildən Azərbaycan xarici işlər nazirinin müavinidir.
Xarici işlər nazirinin digər müavini Araz Əzimovun isə 57 yaşı var. 1962-ci il iyunun 13-də Bakı şəhərində anadan olub. 1994-cü ildən Azərbaycan Respublikası xarici işlər nazirinin müavini işləyir. Elmar Məmmədyarovun daha bir müavini Xələf Xələfovun isə 60 yaşı var. X.Xələfov 21 sentyabr 1959-cu ildə Ermənistan SSRİ-də anadan olub. 1997-ci ildən xarici işlər nazirinin müavini vəzifəsindədir. Xarici işlər nazirinin müavinlərindən biri də Nadir Hüseynovdur. N.Hüseynov 59 yaşındadır. 1960-cı il sentyabrın 11-də Gəncədə doğulub. 2010-cu ildən xarici işlər nazirinin müavinidir. Elmar Məmmədyarovun daha bir müavini Ramiz Həsənovdur. 58 yaşlı R.Həsənov 1961-ci il avqustun 20-də Gürcüstanın Marneuli şəhərində anadan olub. 2018-ci ilin may ayından xarici işlər nazirinin müavinidir.
